Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyində idarə, müəssisə və təşkilatların nümayəndələrinin iştirakı ilə “http://vergi.nakhchivan.az rəsmi internet səhifəsi və elektron xidmətlər” mövzusunda keçirilən təqdimat tədbirini giriş sözü ilə Naxçıvan Muxtar Respublikası vergilər nazirinin müavini, baş vergi xidməti müşaviri Fərrux Əkbərov açıb.
Bildirilib ki, muxtar respublikamızda ərzaq və qeyri-ərzaq məhsullarına olan tələbatın daxili imkanlar hesabına ödənilməsi üçün idxaldan asılılığın aradan qaldırılması istiqamətində görülən tədbirlər, iqtisadi inkişafın yeni keyfiyyət mərhələsinə daxil olması və sosial infrastruktur təminatının yaxşılaşdırılması nəticəsində makroiqtisadi göstəricilərin artımına nail olunub, sahibkarlığa dövlət himayəsinin həyata keçirilməsi nəticəsində əlverişli biznes və investisiya mühiti yaradılıb.
Qeyd olunub ki, muxtar respublikamızda sahibkarlığa qanunsuz müdaxilələrin qarşısının alınması, operativ vergi nəzarəti tədbirlərinin və səyyar vergi yoxlamalarının sayının kəskin surətdə azaldılması sahibkarlığa dövlət dəstəyinin bariz nümunəsidir.