Muxtar respublikamızda əhalinin əsas məşğulluq sahəsi olan kənd təsərrüfatının inkişafına göstərilən dövlət qayğısı sayəsində bu sahəyə maraq getdikcə artır. Diyarımızın bütün bölgələrində aqrar sahədə qazanılan uğurlar da bununla bağlıdır. Ordubad rayonunda da son illər əldə edilən nailiyyətlər nəzərəçarpacaq dərəcədə diqqət çəkir. “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli Sərəncamının icrası ilə bağlı məhsul istehsalçılarına istifadə etdikləri yanacaq, motor yağlarına görə yardımların və gübrələrin verilməsi diqqətdə saxlanılır.
Rayonda torpaq mülkiyyətçilərinin daha çox məşğul olduğu sahələrdən biri taxılçılıqdır. Bu ilin məhsulu üçün ötən ilin payızında 1678 hektar sahədə aparılmış əkindən 4747 ton taxıl tədarük edilib. Hektarın orta məhsuldarlığı 28,2 sentnerə çatdırılıb. Rayonun Dəstə, Vənənd, Aza, Düylün və digər kəndlərində məhsuldarlıq daha yüksək olub.
Çəkdikləri zəhmətin bəhrə verdiyini görən torpaq mülkiyyətçiləri yenə də sahələrdədir. Onlar gələn ilin bol məhsulunun əsasını qoymaq üçün şum qaldırılması ilə məşğuldurlar. Artıq sahələrə şum traktorları çıxarılıb. Sentyabr ayının 1-nə olan məlumata görə, 245 hektar sahədə şum qaldırılıb. Mexanizatorlar şumun keyfiyyətlə aparılmasını diqqət mərkəzində saxlayıblar. Bu təsərrüfat tədbirinin vaxtında başa çatdırılması üçün rayonda hərtərəfli şərait yaradılıb.
Xəbərlər şöbəsi