Əhalinin ekoloji cəhətdən saf təbii qidaya həmişə böyük ehtiyacı var. Arıçılıq isə təbii qida istehsalı üçün ən perspektivli sahə hesab edilir. Bu baxımdan arıçılıq iqtisadiyyatın ən vacib sahələrindən biridir. Elə ona görə də muxtar respublikada bu sahənin inkişafı daim diqqət mərkəzində saxlanılır. Arı məhsulları insan bədəni tərəfindən 100 faiz mənimsənilir. Çünki bu məhsullar 99 faiz insan qanının plazmasına yaxındır. Arıçılıq məhsullarının istehsalı yalnız təbii yolla mümkündür. Arıçılıq, əslində, biznes sahəsi kimi də çox gəlirli sahədir. Arı ailəsinin bizə verdiyi əsas məhsullar bal, çiçək tozu, arı südü, vərəmum, mum və arı zəhəridir. Bütün bu məhsullar bir-birindən tərkibinə və müalicəvi xüsusiyyətlərinə görə fərqlənir. Ümumiyyətlə, arının bütün məhsulları bioloji-aktiv maddələrlə zəngin və qiymətlidir.
Bal
Arılar balı müxtəlif çiçəklərin nektarından – şirəsindən hazırlayır. Onlar əvvəlcə çiçək şirəsini mədəsinə toplayır, sonra pətəkdəki yuvalara boşaldırlar. Daha sonra isə mədə şirəsi ilə qarışmış nektarı qanadları ilə ventilyasiya yaradaraq qurudub qatılaşdırırlar. Qatılaşmış nektar bala çevrildikdə, yəni bal tam yetişdikdə pətəyin ağzını mumla suvayırlar.
Bal kimyəvi tərkibinə görə vitaminlər, mineral maddələr, karbohidratlar, zülallar, hormonlarla zəngindir. Onun tərkibində yetmişdən artıq maddə cəmlənir. Adətən, 18-20 faiz su, 80 faizdən artıq karbohidrat olur. 80 faizin içində 40 faiz fruktoza, 30 faiz qlükoza, 4 faiz qamış şəkəri, nişasta və sair şəkərlərlə yanaşı, maqnezium, potasium, kalsium, natrium-xlor, kükürd, dəmir, sink, selenium, mis, xrom və fosfor kimi minerallar və mineral duzlar, bir çox üzvi turşular, lumu cövhəri, alma, kərə yağı, ənbər, süd və digər turşular vardır.
Balın xarlanması və eyni zamanda min illərlə xarab olmadan qala bilməsi normal haldır. Xarlanan bal heç də öz keyfiyyətini itirmir.
Təbii bal ayrı-ayrı bitkilərin çiçəyindən arılar vasitəsilə çəkildiyinə görə onda orqanizm üçün ən zəruri qida maddələri olur. Odur ki, bal yeməklə bədəni çatışmayan bir sıra bioloji aktiv maddələrlə təmin etmək mümkündür. Ən yaxşı bal saf və nisbətən qatı halda olan baldır. Bal infeksiyalara, mikroblara qarşı təsirlidir və yaraların müalicəsində sağalma prosesini sürətləndirir.
Təbii bal insanlar tərəfindən əvəzolunmaz yeyinti məhsulu kimi istifadə olunur. Tərkibindəki qlükoza və fruktozaya görə bal orqanizm üçün enerji mənbəyi rolunu oynayır. 100 qram balın tərkibində 300 kalori enerji mövcuddur. Yəni bir qaşıq bal insan orqanizminə 60 kalori qazandırır. Bu mənada, bal enerji mənbəyi kimi başqa qida məhsullarından qat-qat üstündür.
İnsan gündə 30-40 qram, ayda ən azı bir kiloqram bal yeməlidir. Yadda saxlamaq lazımdır ki, bütün arıçılıq məhsulları yalnız ağız suyu ilə həzm olunur. Həmin məhsulları adi nabat kimi tam həll olana qədər ağızda saxlamaq lazımdır. Həm də mümkün qədər çox saxlamaq lazımdır ki, həzm ağızın selikli qişasında getsin. Onu tez udmaq, ələlxüsus də üstündən su içmək müalicəvi məhsulu boş yerə sərf etmək deməkdir.
Tərkibi insan orqanizmi üçün faydalı maddələrlə zəngin olan təbii arı balı ən həssas mədə tərəfindən də asanlıqla həzm edilir. Bal daxili orqanları sağlamlaşdırır, insana enerji verir, iradəni möhkəmləndirir, ovqatı yaxşılaşdırır, bədəni gümrahlaşdırır, ömrü uzadır.
Xalq təbabətində təbii baldan körpə uşaqların inkişafı üçün geniş istifadə olunur. Ana südü ilə bəslənən körpələrə süd, bal və kərə yağı qarışığı verilir. Distrofiya və dispepsiya xəstəliklərinə qarşı uşaqlara müalicə və profilaktika üçün tərkibində 3 faiz bal olan süd və düyü həlimi qarışığı tətbiq edilir. Ümumiyyətlə, uşaq orqanizminin inkişafı üçün təbii bal əvəzolunmaz qidadır.
Həkimlər sübut ediblər ki, distillə edilmiş su ilə düzəldilmiş bal şərbəti böyrək, sidik kisəsi daşı xəstəliklərindən əziyyət çəkən insanlar üçün olduqca faydalıdır. Üzdə olan sızanaqları da bal sürtməklə yox etmək olar. Bal şərbəti ilə qarqara etmək isə ağızda olan yaraları sağaldır və boğaz ağrısına müsbət təsir göstərir. Həmçinin qan dövranını yaxşılaşdırır, ürək döyüntüsünü tənzimləyir, mədə köpünün qarşısını alır. Mədə ağrısı, mədə xorası, qəbizlik, sancılar zamanı istifadə edilən bu nemət qaraciyər xəstələri üçün də faydalıdır. Şəkər xəstəliyindən əziyyət çəkənlərin və yaşlı adamların gündə 30 qram bal yeməsi də məsləhətdir.
Çiçək tozu
Çiçək tozu və güləm arının ən dəyərli məhsullarındandır. Çiçək tozu baldan 12, güləm isə 20 dəfə güclü hesab edilir. Çiçək tozu həşəratlarla tozlanan bitkilərin erkək elementinin arı fermentləri ilə zənginləşdirilmiş çiçək tozcuqlarıdır. O vitaminlər və natural hormonlar xəzinəsidir. Çiçək tozunun fermentləri hüceyrələrdə gedən mübadilə proseslərini təmin edir, onun bioloji aktivliyini, yəni hüceyrənin bölünmə və bərpa qabiliyyətini artırır. Çiçək tozu orqanizmin virus və bakteriyalara qarşı müqavimətini də gücləndirir. Zehin və bədən yorğunluqlarını aradan qaldırır, uşaqların sağlam inkişafına kömək edir, əsəbilik hallarını götürür, düşünmə və iş qabiliyyətini artırır.
Çiçək tozundan və baldan hazırlanan qarışıq uşaqlar üçün çox faydalıdır. Bunun üçün çiçək tozunun bir kiloqramını bir kiloqram balla qarışdırıb məhlul hazırlamaq lazımdır. Çiçək tozu toz halına düşüncə əzilməli, bundan sonra bal ilə qarışdırıb hər gün acqarına 1 qaşıq dilin üstünə qoyulmalıdır. Çiçək tozu qarışığını yedikdən sonra su içmək məsləhət deyil, ümumiyyətlə, 15-20 dəqiqə ərzində istənilən maye qəbulundan imtina etmək lazımdır. Müalicə kursu bir ay davam etdirilməli, bir ay fasilə verilməklə il ərzində 4-5 kurs aparılmalıdır.
Arı südü
Arı südü insan orqanizmi üçün vacib olan əvəzedilməz bioloji aktiv maddələrlə zəngin qida məhsuludur. Onun tərkibində 65 faiz su, 14-18 faiz zülal, 9-18 faiz karbohidrat, həmçinin A, D, C1, B1, B2, B3, B6, B12, E, PP vitaminləri vardır.
Arı südü ürək-damar, mədə-bağırsaq, vərəm, bruselyoz, artrit və bu kimi xəstəliklərin müalicəsində istifadə edilir. Arı südünün tərkibində asetilxalir maddəsi vardır ki, onun təsiri nəticəsində qan damarları genişlənir. Ona görə də arı südündən hipertoniya (yüksək qan təzyiqi) xəstəliyi zamanı da istifadə edilir. Kliniki müşahidələr göstərir ki, arı südü qan təzyiqi xəstəliklərində ümumi nizamlayıcı rolunu oynayır. Yəni aşağı təzyiqin yuxarı, yuxarı təzyiqin isə aşağı enməsinə şərait yaradır. Arı südü, eyni zamanda böyrəküstü vəzilərin fəaliyyətini də normallaşdırır. Antivirus, antibakterial, biostimullaşdırıcı xüsusiyyətlərə malik olan arı südü yaddaşı artırır, qocalmanı ləngidir, qan təzyiqini normallaşdırır, ürəyin funksiyasını və qan dövranını, həzm orqanlarının işini yaxşılaşdırır.
Arı südü immuniteti artırır. Ondan ağız boşluğu, tənəffüs yolu, mədə-bağırsaq, ağciyər, astma-bronxit, qrip, qaymarit, allergiya, dəri xəstəliklərində və yaraların sağaldılmasında da istifadə olunur.
Muxtar respublikamızda arı ailələrinin artırılması, eləcə də bu sahədə məhsuldarlığın yüksəldilməsi üçün arıçı sahibkarlara dövlət səviyyəsində qayğı göstərilir. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları tərəfindən sahibkarlarla keçirilən maarifləndirici müşavirələr, arı xəstəliklərinin müalicəsi üçün hər il dövlət tərəfindən arıçılara pulsuz dərman preparatlarının verilməsi, arıçı sahibkarların istehsal etdikləri məhsulların sərgi-satışı üçün Naxçıvan şəhərində ənənəvi “Arıçılıq məhsulları – bal festivalı”nın keçirilməsi, arıçılara balsüzən aqreqatların, arı pətəklərinin və digər avadanlıqların lizinq yolu ilə verilməsi bu sahənin inkişafına göstərilən dövlət qayğısının nümunələridir. Yaradılan şərait, arıçılara göstərilən dövlət qayğısı bu sahənin ilbəil inkişafına, muxtar respublikamızda arıçılıq məhsullarının hər ötən il daha da artmasına səbəb olub. Bu inkişaf və məhsuldarlıqda müşahidə olunan artım növbəti “Arıçılıq məhsulları – bal festivalı”nda da özünü göstərdi.
Əyyub ABDULLAYEV
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
Heyvandarlıq, damazlıq işi və otlaqlar şöbəsinin müdiri