Naxçıvanda elektromobil istehsal ediləcək. Bununla bağlı Naxçıvan Avtomobil Zavodunda hazırlıqlara başlanılıb. Layihənin qısa zamanda həyata keçirilməsi planlaşdırılır.
Naxçıvan Avtomobil Zavodunun direktoru Musa Abdullayev bildirib ki, bundan əlavə olaraq “LİFAN minivenləri”nin bazasında təcili tibbi yardım üçün istifadə oluna biləcək avtomobillərin 2019-cu ilin əvvəlində təcrübə-sınaq məqsədilə eksperimental nümunələrinin yığımı da həyata keçiriləcək.
Musa Abdullayev qeyd edib ki, 2010-cu ildən fəaliyyət göstərən zavodda bu günədək 5 mindən çox avtomobil istehsal olunub. Zavodda ilkin olaraq “Lifan” markalı 4 model avtomobil istehsal edilib və “NAZ Lifan” brendi altında satışa çıxarılır. Hazırda ticari avtomobillər də daxil olmaqla, 14 fərqli model istehsal edilir.
Naxçıvan Avtomobil Zavodunun direktoru qeyd edib ki, zavodda avtomobil sənayesində tətbiq olunan ən müasir dizayn, təhlükəsizlik və ekoloji normalara uyğun avtomobillər istehsal olunur. Bu illər ərzində satış və xidmət şəbəkəsi genişləndirilib, avtomobillərin keyfiyyətinə verilən zəmanət müddəti və yürüş məsafəsi artırılaraq 3 il və ya 150 min kilometrə çatdırılıb. Hazırda zavodda dizayn və parametrlərinə görə müasir biznes sedan olan “NAZ Lifan 820” və “NAZ Lifan 330” modelləri, satış sayına, keyfiyyətinə və dözümlülüyünə görə zavodun flaqmanı olan “NAZ Lifan 620” modelinin yeni dizayn və ekonomik mühərriklə təchiz edilmiş “NAZ Lifan 650” (“NAZ Lifan 620-II”) modeli və krossover sevənlər üçün xarici və daxili görünüşü yenilənmiş, yanacaq sərfiyyatı daha az olan mühərriklə təchiz edilən “NAZ Lifan X60” modeli istehsal olunur.
Direktor əlavə edib ki, zavodda istehsal olunan avtomobillərin maya dəyərinin aşağı salınması məqsədilə bəzi ehtiyat hissələrinin də istehsal olunması planlaşdırılır.
“Nuhçıxan” İnformasiya Agentliyi