Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində büdcə təşkilatlarında çalışan maliyyə və mühasibatlıq işçilərinin iştirakı ilə“Büdcə təşkilatlarında praktik mühasibatlıq” mövzusunda təşkil olunan təlimlər davam edir.
Təlimlərə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Dövlət Miqrasiya Xidmətinin, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi və Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət idarələrinin, Mülki Müdafiə Alayının, ümumilikdə, 17 nəfər maliyyə və mühasibatlıq əməkdaşı cəlb olunub.
Kurs gündəliyə uyğun olaraq muxtar respublikanın Maliyyə və Vergilər nazirliklərinin ekspertlərinin təqdimatları üzrə davam etdirilir. Təlimlərdə müəssisələrdə Milli Mühasibat Uçotu Standartlarına əsasən hüquq-mühafizə orqanlarında maliyyə-mühasibat işinin aparılması, xəzinə əməliyyatlarının təşkili və uçot, vergi uçotunun təşkili, hərbi hissələrdə və hüquq-mühafizə orqanlarında maliyyə hesabatlarının hazırlanması ilə bağlı mövzular üzrə məlumatlar əhatəli şəkildə iştirakçıların diqqətinə çatdırılır.
Təlimlərdə praktik məsələ və testlərin həllinə yer ayrılır, təlimçilər ekspertlər tərəfindən müşahidə edilir ki, bu da, öz növbəsində, təlimin keyfiyyətinin artırılmasına müsbət təsir göstərir. Bundan əlavə, iştirakçılara tədris prosesində və öz günlük işlərində faydalı ola biləcək təlim materialları təqdim olunur. Burada tədris edilən slayd materialları, müvafiq sahə üzrə normativ-hüquqi aktlar, sənəd formaları, təlimatlar, qaydalar və misallar öz əksini tapır. Təlimlər praktik iş, suallara cavab, testlərin işlənməsi və sorğu-anketlərin doldurulması ilə zənginləşdirilir.
Qeyd edək ki, təlimin yekununda tədris olunan mövzu ilə bağlı qiymətləndirmə mərhələsindən sonra iştirakçılara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim ediləcəkdir.
Naxçıvan Muxtar Respublikası
Maliyyə Nazirliyinin mətbuat xidməti