Oktyabrın 21-də Fransanın paytaxtı Paris şəhərində SIAL Paris beynəlxalq ərzaq sərgisi açılıb. 1964-cü ildən dünyanın müxtəlif ölkələrində keçirilən SIAL sərgisində bu il 109 ölkədən 7 mindən çox şirkət iştirak edir. Bu şirkətlər ərzaq sahəsində 23 sektoru əhatə edir.
Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinin, ölkəmizin Fransadakı səfirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə qida, meyvə-tərəvəz, şərab və digər spirtli içkilər, meyvə şirələri, mineral sular, konservləşdirilmiş məhsullar, fındıq və qurudulmuş meyvə, çay istehsalı ilə məşğul olan 23 Azərbaycan şirkəti sərgidə öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendi ilə təqdim edir.
Sərgidə Azərbaycan pavilyonunda Naxçıvan Muxtar Respublikasına ayrıca guşə ayrılıb.
Kənd təsərrüfatı və yeyinti məhsullarının nümayişi, satışı, müəssisələrin imicinin formalaşdırılması, brendlərinin reklamı və eyni zamanda iştirak edən müəssisələrin kooperasiya əlaqələrinin genişləndirilməsi, yeni tərəfdaşların tapılması məqsədilə təşkil olunmuş SIAL Paris beynəlxalq qida sərgisində muxtar respublikada fəaliyyət göstərən “Naxçıvan Məhsulları”, “F.H. Oğulları” və “Sumqala Tikinti Təchizat” Məhdud Məsuliyyətli cəmiyyətlərinin nümayəndələri iştirak edir.
Sərgi çərçivəsində Azərbaycan, o cümlədən Naxçıvan şirkətlərinin nümayəndələri Avropa İttifaqının alıcı şirkətləri ilə görüşlər keçirəcək və ixrac məsələlərinə dair müzakirələr aparacaq.
Qeyd edək ki, SIAL Paris beynəlxalq qida sərgisi oktyabrın 25-dək davam edəcək.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti