Pərakəndəçiliklə bağlı mövzuya qəzetimizin ötən saylarında bir neçə dəfə toxunmuşuq. Mövzuya yenidən qayıtmağımızın səbəbi odur ki, bu sektor biznesin aynası sayılır və istənilən ölkədə iqtisadiyyatın lokomotivi hesab olunur. Eyni zamanda istehsalçı ilə istehlakçını görüşdürən, iqtisadi dildə desək, tələb və ehtiyacları tənzimləyən, keyfiyyətli məhsulu tanıdan, brendə çevirən, keyfiyyətsiz məhsulu isə bazardan çıxaran böyük bir sektordur. Maraqlı burasıdır ki, pərakəndəçilik sektoru həm də istehsalçılara birbaşa məhsulu necə istehsal etməyi diktə edən bir şəbəkədir. Məhz bu şəbəkənin ortaya qoyduğu nəticələrlə sahibkarlar bazarın tələbini anlayır, hansı məhsulu nə zaman və necə satışa təqdim etməyi planlaşdırırlar. Təbii ki, zaman keçdikcə pərakəndəçilik sektoru da inkişaf edir, bir sıra yenilikləri özündə cəmləşdirir. Fikir versək, görərik ki, ölkəmizdə bu sektorun yaşı, elə müstəqilliyimizin yaşı qədərdir. Çünki pərakəndəçilik bazar iqtisadiyyatına məxsus iqtisadi meyarları özündə cəmləşdirir.
Müstəqilliyimizin ilk illərində ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikamızda da iqtisadiyyatın iflic vəziyyətinə düşməsi, istehlak mallarının qıtlığı, xaricdən gətirilən idxal məhsullarının antisanitar formada satışı bu sektorun yarandığı ilkin dövrlərə təsadüf edirdi. Ərzaq və yuyucu məhsullarının, bəzi hallarda bir neçə geyim aksesuarının eyni rəfdə yerləşdirildiyi belə satış obyektlərinin sahiblərinin əksəriyyəti bu sahəyə işsizlik ucbatından gəlmiş insanlar idilər. Növbəti illərdə muxtar respublikamızda yeni infrastruktur tədbirlərinin aparılması, iqtisadiyyatın nisbətən yaxşılaşması pərakəndəçilik sektorunun inkişafına da öz təsirini göstərirdi. Nəticədə, şəhər və rayon mərkəzlərində küçə ticarətinin əsas özəyi hesab olunan köşklər yerini nisbətən ümumi ixtisaslaşmış mağazalara və yeni yaradılmış marketlərə ötürürdü. 2000-ci ilin əvvəllərindən başlayaraq pərakəndə ticarətdə yeni mənzərə formalaşırdı. Bu mənzərə isə müasir marketlərin sayının artması, şəhərdəki bazarların fəaliyyətinin nisbətən yaxşılaşması ilə izah oluna bilər. Buna görədir ki, bazar obyektlərində və ya bu obyektlərin ətrafında mağazaların sayının artması sektora da öz təsirini göstərirdi. Digər təsir isə ondan ibarət idi ki, artıq yerli məhsulları istehsal edəcək müəssisələr yaranır və ildən-ilə belə müəssisələrin sayı artırdı. Təxminən, 2010-cu ildən sonra isə muxtar respublikada pərakəndə ticarətdə müxtəlif yeniliklərin tətbiqini görürük. Bu yeniliklər nədən ibarətdir?
Birinci ondan başlayaq ki, bu dövrədək elə paytaxt Naxçıvan şəhərində aparılan böyükhəcmli tikinti-quruculuq tədbirləri çərçivəsində yeni bazar kompleksləri, böyükhəcmli marketlər, tikilmiş və ya yenidən qurulmuş ticarət mərkəzləri artıq pərakəndə ticarətdə yeni dövrün başlanmasından xəbər verirdi. Burada bir amili də qeyd etmək lazımdır ki, yeni mərhələnin başlanmasında dövlət tərəfindən sahibkarlığa göstərilən lazımi qayğı və bunun da nəticəsində yüzlərlə növ və çeşiddə məhsul istehsal edən yerli müəssisələrin sayının artması, ilbəil idxaldan asılılığın azaldılması, 2009-cu ildən isə muxtar respublika iqtisadiyyatında müsbət saldonun yaranması və sair böyük rol oynayıb. Sektorun nailiyyətlərindəndir ki, bu gün biz yerli istehsalçıların özlərinin pərakəndə ticarətdə satış obyektlərini görürük. Məsələn, “Cahan Holdinq”, “Gəmiqaya Holdinq”, “Dizayn Holdinq” kimi iri özəl sektor təmsilçiləri ilə yanaşı, “Fərda” şirniyyat, “Zümrüd Tikiş” və adlarını sadalamadığımız onlarla belə müəssisənin artıq paytaxt Naxçıvan şəhərində və rayon mərkəzlərində satış mağazaları fəaliyyət göstərir. Pərakəndə ticarətin pioneri hesab olunan alman iqtisadiyyatında belə nümunələrə daha çox rast gəlmək mümkündür. Bu, onu göstərir ki, müasir istehsalçılar istehlakçıdan gələn istək və tələbləri ilk olaraq özü görür, dəyərləndirir və bəzi hallarda bazarda yeni trendləri tətbiq edir. Bəs bu gün biz pərakəndə ticarətə baxdıqda hansı yeniliklərin şahidi oluruq? Təbii ki, sadalayacağımız tərəflər sırf muxtar respublikamızın pərakəndə sektorunu əhatə edir.
Naxçıvan ərazicə kiçik olsa da, strateji baxımdan bir çox ölkələrlə iqtisadi əlaqələrin böyük potensialı olduğu bölgədir. Dünya təcrübəsində belə anklav bölgələr bəzi hallarda insan sağlamlığı üçün zərərli, geni dəyişdirilmiş, ucuz və keyfiyyətsiz malların trafiki üçün dəhliz rolunu oynasa da, muxtar respublikada istənilən idxal məhsulun keyfiyyəti ciddi nəzarətə alınır. Bu nəzarətin nəticəsində, eyni zamanda daxili bazarda keyfiyyətli məhsullar böyük yer tutur. Yəni məsələn, 15-20 il bundan əvvəl bazardan, yaxud ticarət obyektlərindən hər hansı bir ərzaq məhsulu alan şəxs müəyyən mənada malın keyfiyyətinə şübhə ilə yanaşırdısa, bu gün naxçıvanlı istehlakçı artıq bu haqda heç nə düşünmür. Çünki yerli məhsulların istehlakı ilə bağlı insanların alt düşüncəsində məxsusi bir arxayınlıq hissi var. Pərakəndə ticarətin istehlakçıya ilk vədi onu inandırmaq olduğundan, burada etibarlılıq çox mühüm şərtdir. Bu gün artıq Naxçıvanda ərzaq və qeyri-ərzaq məhsulları istehsalçıları potensial müştərilərini öz məhsullarının keyfiyyətinə inandıra biliblər. Bu, Naxçıvanda pərakəndə sektorun ən böyük uğurudur.
Bir zamanlar pərakəndə ticarətlə, xüsusilə mağazaçılıqla məşğul olmaq istəyənlər yer seçimində şəhərin mərkəzi hissəsinə daha çox meyil edirdilər. Səbəb də o idi ki, mərkəz əhalinin böyük bir qisminin hərəkət etdiyi hissədir və bu cür yerlərdə fəaliyyət göstərən ticarət obyektlərinə müraciət edənlər çoxdur. Bu da, nəticədə, satışa təsir edir. Ancaq müasir dövr dünya pərakəndəçiliyi təsdiq edir ki, şəhərdən kənarda da böyük ticarət mərkəzləri üstün perspektivlərə malikdir. Birinci ona görə ki, müasir dövrdə parkinqi olmayan ticarət mərkəzləri düşünmək çətindir. Çünki avtomobillə hərəkət geniş yayıldığından insanların çoxu alış-verişə nəqliyyat vasitəsilə gedir. Bu həm də alınan məhsulların evə daşınması üçün əlverişlidir. Şəhərin mərkəzi hissələrində isə yeni dayanacaqlar salmaq məhdudiyyət yaratdığından, eyni zamanda avtomobillərin hərəkəti çətin olduğundan potensial istehlakçılar da alış-veriş üçün şəhərdən kənara getməyə üstünlük verirlər. Bu vəziyyət dünyanın yüz mindən çox sakini olan istənilən şəhərində eynidir. Həmçinin nəzərə alaq ki, müasir istehlakçı indi alış-verişə təkcə ticarətə ayırdığı zaman kimi baxmır. İnsanlar indi bu zaman çərçivəsində həm də əylənməyi, istirahət etməyi düşünürlər. Buna görə də müasir ticarət mərkəzlərinin çoxunda indi müxtəlif iaşə xidmətləri göstərilir. Bəzi yerlərdə uşaqların da əylənməsi üçün müxtəlif attraksionlar quraşdırılır. Ümumilikdə isə bütün bunlar pərakəndəçilikdə çox güclü marketinq elementləridir. Bu tip alış-veriş mərkəzlərini biz indi Naxçıvan şəhərinin timsalında daha yaxından görürük.
Pərakəndəçilikdə digər bir yenilik isə ixtisaslaşmış mağazaların sayının artmasıdır. İstər ərzaq, istər elektronika, istərsə də tikinti materialları olsun, artıq zaman keçdikcə insanlar alacaqları məhsulun növ və çeşidinə daha çox diqqət edirlər. Buna görədir ki, indi paytaxt Naxçıvan şəhərində müxtəlif musiqi alətlərinin, yuyucu tozların, unlu şirniyyat məmulatlarının və sairin satıldığı ixtisaslaşmış mağazalar mövcuddur. Halbuki on il bundan əvvəl yerli istehlakçıların belə seçim etməyə imkanları yox idi.
Bir az bundan əvvəl alman pərakəndəçiliyinin mükəmməlliyini qeyd etdik. Təcrübə göstərir ki, Almaniyada indi fəaliyyət göstərən güclü şirkətlər məhz güclü pərakəndəçilərin hesabına yaranıb. Bunu necə qəbul etmək olar? Bu gün heç kəsə sirr deyil, muxtar respublikamızda istehsal olunan ərzaq və qeyri-ərzaq məhsulları keyfiyyətinə görə üstün mövqeyə malikdir. Bu məhsulları uzun müddət istifadə edən istehlakçılar heç zaman əcnəbi istehsalı olan eyni məhsula pul xərcləmək istəmir. Bu düşüncə isə istehsalçılara keyfiyyətsiz məhsul istehsal etməyə fürsət vermir. Nəticədə, keyfiyyəti müasir standartlara cavab verən istehsal müəssisələrinin sayı getdikcə artır.
Sonda bir məsələni də nəzərə çatdırmaq istərdik ki, pərakəndəçiliyin inkişafı istehlakçılara yeni xidmət mədəniyyətini aşılayır. Bu gün ticarət şəbəkələrindən istənilən məhsulu alan şəxs onu nağdsız formada ödəyə, ödədiyi məbləğə görə qəbzlə təmin edilə, məhsuldan razı qalmırsa, ticarət qaydalarına uyğun şəkildə onu geri təqdim edə bilir. Əgər istəsə, istehlakçı hüquqlarından istifadə edərək hər hansı məhsulla bağlı şikayət və təkliflərini də verə bilər. Bütün bunlar onu göstərir ki, pərakəndəçilik daim inkişaf edən sektordur və biz təkcə iqtisadiyyatda deyil, həyatda da baş verən yeniliklərin çoxunu buradan öyrənirik.
P.S. 5-10 il bundan əvvəl məktəbli çantalarına yalnız şagirdlər üçün dərs ləvazimatları qoyulurdu. Azyaşlı uşaqlar gün ərzində maye qəbuluna çox meyilli olduğuna görə ayıq marketoloqlar bu ehtiyacı nəzərə alıb onlar üçün kütləvi su qablarının istehsalına başladılar. Artıq bu gün həmin su qabları digər məktəbli ləvazimatları kimi vacib bir aksesuara çevrilib. Bəziləri bunu “indi hər şeydən pul qazanırlar” kimi qəbul edir, ağıllı marketoloqlar isə insanların ehtiyaclarını daha münasib şəkildə ödəməyə çalışırlar.
Səbuhi HƏSƏNOV