Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonunda cari ildə də tikinti-quruculuq tədbirləri sürətlə davam etdirilir. Kərimbəyli kəndindəki tam orta məktəb binası əsaslı şəkildə yenidən qurulur. 270 şagird yerlik məktəb binası zirzəmi qatı ilə birlikdə 4 mərtəbədən ibarət olacaqdır.
Artıq obyektin bütün mərtəbələrində beton-qəlib işləri, arakəsmələrin hörgüsü başa çatdırılmışdır. Hazırda suvaq işləri aparılır, elektrik, istilik, su və rabitə xətləri də çəkilir. Fasad hissə rütubətdən qorunmaq üçün xüsusi inşaat materialı ilə izolyasiya olunur.
Obyektdə “Gəmiqaya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinin kifayət qədər mühəndis-texniki işçisi, fəhlə və quraşdırıcısı çalışır. Onlar inşaat sektoru üçün nəzərdə tutulan geyim və avadanlıqlarla təmin olunublar.
Onu da qeyd edək ki, ötən aylarda Şərur şəhərinin Heydər Əliyev prospektindəki 7 nömrəli, 40 mənzilli beşmərtəbəli yaşayış binası əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verilib. Həmin ünvanda olan 9 nömrəli, 24 mənzilli üçmərtəbəli yaşayış binasının da əsaslı təmirinə başlanıb.
Binaya yeni dam örtüyü vurulacaq, qapı və pəncərələr təzələnəcək, eyvanların məhəccərləri dəyişdiriləcək.
Təmir çərçivəsində binaya daxil olan qaz, su, istilik, elektrik və rabitə xətləri də dəyişdiriləcək, girişlərdə hər mərtəbə üçün ayrıca paylayıcı elektrik şitləri və sayğaclar qoyulacaqdır.
Ramiyyə Əkbərova