Son dövrlər dünyada bərpa olunan enerji mənbələrinə keçid prioritet məsələyə çevrilib. Hazırda dünyanın inkişaf etmiş ölkələrində ekoloji cəhətdən təmiz, yəni bərpa olunan enerji mənbələrindən geniş istifadə edilir. Bu sahədə ABŞ, Kanada, Almaniya, Finlandiya, Norveç, Danimarka, İspaniya, Yaponiya və Çin daha qabaqcıl mövqe tuturlar. Ölkəmizin təbii coğrafi şəraiti və iqlim qurşaqları da bərpa olunan enerji mənbələrindən istifadənin mümkünlüyünü hər zaman aktual məsələ kimi önə çıxarıb. Bu sahədə mühüm tədbirlərin həyata keçirilməsinə 2004-cü ildən başlanılıb. Belə ki, həmin ildə qəbul olunmuş “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı” bu istiqamətdə mühüm strategiyanın həyata keçirilməsini şərtləndirib. Proqramda qeyd edilir ki, Naxçıvan Muxtar Respublikasının enerji sisteminin ölkənin əsas enerji sistemi ilə əlaqəsinin olmadığını nəzərə alaraq, ilk növbədə, muxtar respublikada orta, kiçik, mikro su elektrik stansiyalarının tikilməsi daha məqsədəuyğundur.
Bəhs olunan dövrdə bu sahədə ciddi addımlar atılmış, müxtəlif həcmli enerji istehsal edən obyektlər istifadəyə verilmişdir. Hazırda Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın inkişaf etmiş sahələrindən biri də energetikadır. Keçən əsrin sonlarında muxtar respublikanın blokadaya salınması bu vacib sektorun inkişafına böyük əngəllər yaratsa da, ötən dövr ərzində muxtar respublikanın enerji təhlükəsizliyi ilə bağlı atılan mühüm addımlar hazırda bu sahənin hərtərəfli inkişafına zəmin yaratmış, nəticədə, muxtar respublikamız enerji idxalçısından enerji ixracatçısına çevrilmişdir. Diyarımızın energetikasında mövcud təbii potensialdan lazımınca istifadə son bir neçə ildə bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalına imkan vermiş, qısa müddətdə bu sahədə mühüm nəticələr əldə olunmuşdur. Belə ki, 2006-cı ildə Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasında dizel yanacağı ilə işləyən enerji turbinləri təbii qazla işləmə rejiminə keçirilmiş, ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası tikilib istismara verilmişdir. Mövcud imkanlardan düzgün istifadənin nəticəsidir ki, həmin ildə, eyni zamanda Şahbuz rayonunda Heydər Əliyev Su Anbarı üzərində 4,5 meqavat gücündə, 2010-cu ildə Ordubad rayonunda Gilançay üzərində 22 meqavat gücündə Biləv, 2014-cü ildə Şərur rayonunda 20,5 meqavat gücündə “Arpaçay-1” və 1,4 meqavat gücündə “Arpaçay-2” Su Elektrik stansiyaları, 2015-ci ildə Babək rayonunda 20 meqavat gücündə Naxçıvan Günəş Elektrik Stansiyasının tikilib istifadəyə verilməsi və 2017-ci ildə stansiyanın gücünün daha 2 meqavat artırılması Naxçıvanın etibarlı enerji təminatına səbəb olmuşdur.