23 Dekabr 2024, Bazar ertəsi

Şəhərə gəldiyim avtomobilin radiosunda Azərbaycan Respublikasının Xalq artisti mərhum Gülağa Məmmədovun ifasında “Evlənmək istəyirəm” filmindən “Yollar” mahnısı səslənir. Mahnı gözəl, sözlər gözəl, ifa daha da gözəl. Yaxşı mahnıdır, sanki ömrün yollarına yazılıb. Yollar nə qədər düz və hamar olarsa, keçdiyimiz ömür yolu da bir o qədər maneəsiz olar. İstər-istəməz bu ifa məni düşüncələr aləminə aparır. 

Yol mədəniyyətdir. Bu qənaətə nə vaxt gəlinib, – deyə bilmərəm. Ancaq çox düşündürücüdür. Həqiqətən də, yol hər bir xalqın mədəniyyətinin ilkin göstəricisidir. Öz mədəni sərvətlərimiz olan tarixi abidələrlə, muzeylərlə tanışlığa da yolumuz məhz yollardan keçir. Əminliklə deyə bilərik ki, bir ölkənin tarixinin, xalqın keçmişinin sübutu məhz həmin bölgənin mədəniyyətidir. Bir məmləkətin mədəniyyəti, təbii ki, qısamüddətli zaman çərçivəsində deyil, əsrlərlə formalaşan bir amildir. İnkişaf etmiş ölkələr həm də yol mədəniyyətinə görə seçilirlər. Yol, eyni zamanda vətəndaşların rahat həyatı, güclü iqtisadiyyat deməkdir.

Bu gün Azərbaycan bütün sahələrdə olduğu kimi, özünün yol mədəniyyəti ilə də dünyada fərqlənən ölkələr sırasındadır. Respublikamızda yol infrastrukturunun qurulması işi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər yolu təkcə mədəniyyət və iqtisadiyyat amili kimi deyil, həm də, bütünlüklə, həyat mənbəyi hesab edirdi. Görkəmli dövlət xadiminin ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra yaradılan sabitlik və iqtisadi inkişaf ölkə iqtisadiyyatının tərəqqisində mühüm rol oynayan avtomobil yollarının bərpası və yenidən qurulmasına əlverişli şərait yaratdı. Bu işlər bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilməkdədir.
Yaxın keçmişimizi xatırlasaq, təsdiq edərik ki, bu gün üzərində rahatlıqla, xoş əhval-ruhiyyə ilə səfər etdiyimiz rahat yollar o vaxt heç də ürəkaçan deyildi. Kəndlərdən şəhərə gəlmək üçün çox əziyyətli bir yol qət etməli olurduq. Ancaq dövlətimiz müstəqillik əldə etdikdən sonra “Yol mədəniyyətdir” prinsipinə uyğun olaraq yol infrastrukturu yenidən qurulmağa başlanıldı.
Muxtar respublikamızda da uğurla davam etdirilən bu proses yol-nəqliyyat kompleksinin yeniləşməsinə və beynəlxalq standartlara uyğunlaşdırılmasına öz töhfəsini verib. Elə buna görədir ki, muxtar diyarın hansı səmtinə üz tutsaq, rahat və abad yollar hər kəsi mənzil başınadək müşayiət edəcək. Son illərdə bu sahədə görülən işlər, xüsusilə magistral avtomobil yollarının yenidən qurulması Naxçıvanın tranzit imkanlarını xeyli artırıb. Azərbaycan Respublikasının Prezidenti ­cənab İlham Əliyevin iştirakı ilə uzunluğu 87 kilometr olan Naxçıvan-Sədərək, uzunluğu 34 kilometr olan Naxçıvan-Culfa və uzunluğu 88,8 kilometr olan Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yollarının müasir tələblər səviyyəsində yenidən qurularaq istifadəyə verilməsi nəqliyyat daşımalarında yeni mərhələnin başlanmasına səbəb olub. Ölkə başçısı Naxçıvanda bu istiqamətdə həyata keçirilən tədbirləri yüksək qiymətləndirərək ­deyib: “Harada ki, yol tikilir, orada inkişaf vardır. Ona görə də bu gün yol tikintisi Azərbaycanın bütün bölgələrində sürətlə gedir. O cümlədən Naxçıvanda da bu gözəl proseslər sürətlə gedir və həll olunur. Artıq burada yerli şirkətlər vardır ki, bu cür yolları çox keyfiyyətlə tikə bilirlər...”
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2018-ci il mayın 16-da “Naxçıvan Muxtar Respublikasında Culfa-Ordubad magistral avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb, yolun tikintisinə 30 milyon manat vəsait ayrılıb. Adıçəkilən sərəncama uyğun olaraq hazırda Culfa-Ordubad magistral avtomobil yolu yenidən qurulur.
Muxtar respublikada magistral avtomobil yolları ilə yanaşı, kənd yollarının yenidən qurulması da diqqət mərkəzindədir. Belə ki, ötən dövrdə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq 5 yaşayış məntəqəsini əhatə edən Təzəkənd-­Çalxanqala-Qıvraq dairəvi, 20 yaşayış məntəqəsini əhatə edən Çeşməbasar-Boyəhməd, 13 kəndi əhatə edən Hacıvar-Vayxır-Sirab və 7 yaşayış məntəqəsini əhatə edən Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolları yenidən qurularaq istismara verilib. Muxtar respublikanın ən ucqar dağ və sərhəd kəndlərinin yol infra­strukturunun tamamilə müasirləşdirilməsi yaşayış məntəqələri arasında avtomobillərin təhlükəsiz və rahat hərəkətinə, eləcə də kəndlərin turizm potensialının artmasına və iqtisadiyyatın inkişafına səbəb olub.
2018-ci il sentyabrın 21-də Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin yeni Asfalt-Beton Zavod Kompleksinin istifadəyə verilməsi də bu sahəyə göstərilən qayğının bariz nümunəsidir. Açılış mərasimində Ali Məclisin Sədri bu obyektin əhəmiyyətini vurğulayaraq deyib: “Ölkə­miz inkişaf etdikcə əhalinin rifah halı da yaxşılaşır. İnsanlar rahat və müasir avtomobillər alır, bütün sahələr üzrə istifadə olunan maşınların sayı artır. Avtomobillərin rahat işləməsi və uzun müddət istismar olunması isə yolların abadlığından asılıdır. Yolların abad olması üçünsə, müasir asfalt zavodları istifadəyə verilməli, keyfiyyətli məhsul istehsal olunmalıdır. Bu gün istifadəyə verilən asfalt-beton zavod kompleksi də müasir tələblər səviyyəsində qurulmuşdur. Yeni texnologiyalarla təmin olunan və kompüter sistemi ilə idarə olunan zavodda keyfiyyətli asfalt istehsal olunacaqdır”.
Bu gün muxtar respublikamızda ən yüksək dağ kəndlərində belə, Avropa standartlarına cavab verən yolların yenidən qurulması inkişaf və tərəqqiyə hesablanmış müxtəlif dövlət proqramlarının uğurla həyata keçirilməsinin məntiqi nəticəsidir. Zəngin turizm potensialı olan ölkə­mizə, onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamıza hər il minlərlə insan istirahət üçün üz tutur. Təbii olaraq turistlər, ilk növbədə, yollara nəzər yetirirlər, ilk olaraq yollarla tanış olur və nə qədər rahat şəkildə yollardan istifadə etsələr, bir o qədər razı qalırlar.
Sürücünün avtomobili saxlaması ilə düşüncələrimdən ayrıldım və fərqinə vardım ki, kəndimizdən Naxçıvan şəhərinə qədər qət etdiyimiz rahat yollar sayəsində gəldiyim vaxt ərzində mövzu ətrafında narahat olmadan düşünə bilmişəm...

 Pərviz HACILI

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR