Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi 2019-cu ilin ilk üç ayında fəaliyyətini illik iş planının və dövlət proqramlarının icrası istiqamətində qurub.
Belə ki, ailə təsərrüfatlarının inkişafı üzrə təsdiq edilmiş tədbirlər planında qarşıya qoyulmuş vəzifələrin icrası diqqətdə saxlanılıb, payızlıq taxıl əkinlərinə yemləmə gübrəsinin verilməsinin əhəmiyyəti mövzusunda tədbirlər keçirilib. Ötən dövrdə torpaq mülkiyyətçilərinin müraciəti əsasında meyvə bağlarında quru budama, zərərverici və xəstəliklərə qarşı mübarizə, 6 hektar yeni salınmış üzümçülük, 0,4 hektar meyvə-tərəvəz parniki, 3,9 hektar istixana təsərrüfatı sahələrində kompleks becərmə tədbirlərinin aparılmasına dair hüquqi və fiziki şəxslərə məsləhətlər verilib, tarla-seminar müşavirələri keçirilib.
“Araz” Elm-İstehsalat Birliyi tərəfindən torpaq tədqiqatı işləri davam etdirilib. Belə ki, Şərur, Babək, Kəngərli rayonlarının kəndlərindən torpaq nümunələri götürülüb, torpağın qida maddələri ilə təminolunma kartoqramları hazırlanaraq kənd bələdiyyələrinə təqdim edilib, torpaqdan istifadə qaydaları haqqında məlumat verilib. Tərtib olunmuş əkin atlaslarından səmərəli istifadə etməklə növbəli əkinlərin tətbiqinin əhəmiyyəti, məhsuldar toxum sortlarından istifadə etməklə yüksək məhsuldarlığa nail olunması yolları mövzularında torpaq mülkiyyətçiləri ilə maarifləndirici söhbətlər aparılıb. Həmçinin müasir texnologiyaların imkanlarından səmərəli istifadə olunması və əkin zamanı çətinliklərin yaranmaması üçün texnika sahiblərinə məsləhətlər verilib.
İri arıçılıq təsərrüfatlarının sahibkarları ilə “Arı ailələrinin köçürülməsinin əhəmiyyəti” və “Yaz mövsümündə arılara qulluq” mövzularında müşavirələr keçirilib. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində süni mayalandırma işlərinin aparılmasının əhəmiyyəti, zoobaytar qaydalarına uyğun yemləndirilməsi, döl kampaniyasının mütəşəkkil keçirilməsi ilə bağlı maarifləndirmə işləri davam etdirilib.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti