23 Dekabr 2024, Bazar ertəsi

Aprelin 16-da Naxçıvan Biznes Mərkəzində Avropa İttifaqının maliyyələşdirdiyi “Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətləndirilməsi” layihəsinin açılış konfransı olub.
Tədbirdə giriş sözü ilə çıxış edən Naxçıvan Muxtar Respublikası Baş Nazirinin müavini və maliyyə naziri Səbuhi Məmmədov bildirib ki, BMT-nin İnkişaf Proqramının maliyyə dəstəyi də daxil olmaqla, Avropa İttifaqının maliyyələşdirdiyi “Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətləndirilməsi” layihəsi muxtar respublikanın qadın sakinlərinin maliyyə savadlılığının və idarəetmə vərdişlərinin yüksəldilməsinə, eyni zamanda gəlir mənbələri qismən məhdud olan qadınların sahibkarlıq fəaliyyətinə təşviq edilməsinə xidmət edir.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında gender bərabərliyinə xüsusi önəm verilir. Qadınların cəmiyyətdə mövqeləri möhkəmləndirilir, dövlət idarəçiliyində qadınların təmsilçiliyi və vəzifələrə irəli çəkilməsi təmin edilir. Muxtar respublikada kiçik və orta sahibkarlara, o cümlədən qadın sahibkarlara güclü dövlət dəstəyi göstərilir, qadınların ilkin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi, yeni iş yerlərinin yaradılması istiqamətində tədbirlər həyata keçirilir. Bu tədbirlərin məntiqi nəticəsidir ki, qadınların sahibkarlıq fəaliyyətinə marağı artır və onlar ərzaq və kənd təsərrüfatı məhsullarının istehsalında əhəmiyyətli dərəcədə iştirak edirlər. Diqqətə çatdırılıb ki, hazırda muxtar respublikada sahibkarlıq fəaliyyəti ilə yanaşı, ailə təsərrüfatları kimi dövlət qeydiyyatına alınan 1022 təsərrüfatdan 177-si qadınlar tərəfindən idarə olunur. Qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması, onların investisiya layihələrinin reallaşdırılmasına dövlət dəstəyinin göstərilməsi, güzəştli şərtlərlə kreditlər verilməsi yolu ilə maliyyə çətinliklərinin həlli və istehsalın stimullaşdırılması həyata keçirilir. Belə ki, 2017-2018-ci illərdə muxtar respublikada təsisçisi və sahibkarı qadın olan bir sıra sahibkarlıq subyektlərinə ilkin biznesə başlamaları və fəaliyyətlərinin genişləndirilməsi üçün 1 milyon 790 min manat məbləğində güzəştli şərtlərlə kreditlər verilib.
Tədbirdə çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas qeyd edib ki, əsas icraçı tərəfdaş olan BMT-nin İnkişaf Proqramı, eləcə də Azərbaycan Mikromaliyyələşdirmə Assosiasiyası ilə birgə Avropa İttifaqının Naxçıvanda maliyyələşdirdiyi bu layihədən gözlədikləri kifayət qədər çoxdur. Maliyyə savadlılığının öyrədilməsi, biznes bacarıqlarının inkişaf etdirilməsi onların müasir cəmiyyətin inkişafına töhfə verə bilmələri üçün potensiallarını ortaya qoyacaqdır. Bu layihə çərçivəsində yaradıcılığa və ya istehsala meyilli 300-dən çox sahibkar və ya startap qadınlar keçirilən təlimlərə cəlb olunacaq və onlara müəyyən həcmdə sərmayə köməkliyi göstəriləcəkdir. Bu, ilk növbədə, qadınların ailə və bizneslərində maliyyə idarə­etməsi üzrə bilik və bacarıqlarının inkişafına təkan verməklə yeni sahibkar qadınların formalaşmasına şərait yaradacaqdır. Bu yeni təşəbbüs qadınların iqtisadi səlahiyyətlərinin artırılmasına dəstək göstərəcək.
BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin vəzifəsini icra edən Alessandro Frakassetti qadınların sosial və iqtisadi səlahiyyətlərinin artırılmasında onların maliyyə müstəqilliyinin vacibliyini ön plana çəkib. Bildirib ki, qadınların sahibkarlığı öyrənməyə, biznes qurmağa və onu genişləndirməyə şərait yaradan yeni imkanlara çıxışını asanlaşdırmaqla ölkələr öz iqtisadi vəziyyətlərini yaxşılaşdıra bilərlər. Belə ki, qadın sahibkarların yaratdığı imkanlar daxili bazarların böyüməsinə və məşğulluq perspektivlərinin artmasına kömək edir.
Qeyd olunub ki, layihə əlilliyi olan qadınlar da daxil olmaqla, kənd icmalarından olan qadınların biznes bacarıqlarının, maliyyə savadlılığının, maliyyə resurslarına çıxışının və təşkilati bacarıqlarının yaxşılaşmasına kömək edəcək. Onlar arasından ən yaxşı biznes ideyasına malik 50 qadın Naxçıvanda və İsmayıllıda biznes fəaliyyətinə başlamaq üçün 500 ABŞ dolları məbləğində ilkin maliyyələşdirmə ilə təmin olunacaq.
Sonra Azərbaycan Mikromaliyyə Assosiasiyasının İdarə Heyətinin sədri Süleyman Kələşov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin sədri Vüqar Abbasov tədbirdə çıxış edərək layihənin əhəmiyyətindən, qadınların sahibkarlıq fəaliyyətindəki rolundan bəhs ediblər.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının 2018-ci il sosial-iqtisadi inkişafının yekunlarına dair videoçarx nümayiş olunub. Sonra “Qadınların Davamlı İnkişaf üçün Səlahiyyətləndirilməsi” layihəsi üzrə Azərbaycan Mikromaliyyə Assosiasiyasının layihə rəhbəri Sevinc Rüstəmovanın təqdimatı olub.
Həmin gün sahibkar qadınlarla və sağlamlıq imkanları məhdud Zuriyyə Musayeva ilə görüş keçirilib.

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR