Payız kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin tərkibində olan Gülşənabad Babək rayonunun kiçik yaşayış məntəqələrindən biridir. Sovet dönəmindən yığılıb qalan sosial problemlər artıq bu kənddə də öz həllini tapmaqdadır. Belə ki, cari ilin mart ayında Gülşənabadda kompleks quruculuq işlərinə başlanılıb. Burada 144 şagird yerlik tam orta məktəb binası tikilir. Müasir layihə əsasında qurulacaq bina ikimərtəbəli olacaq. Burada müxtəlif fənn kabinələri, laboratoriyalar, şahmat sinfi, elektron lövhəli siniflər fəaliyyət göstərəcək.
Gülşənabadda kənd və xidmət mərkəzləri də inşa olunur. Eyni zamanda yaşayış məntəqəsini Cəhri kəndi ilə birləşdirən 140 metrlik körpü də yenidən qurulur. Quruculuq işləri çərçivəsində Gülşənabadda evlərə yeni su xətti çəkilir, 5 kilometrlik kənddaxili yollar abadlaşdırılır. Yollarda bərkitmə işləri başa çatdırıldıqdan sonra asfalt örtük veriləcək. Bir sözlə, Gülşənabad muxtariyyətin 95-ci ildönümündə adını abadlaşan kəndlər siyahısına yazdıracaq.
Bir neçə gündür ki, rayonun Kültəpə kəndinə də yeni ab-hava gəlib. Belə ki, adıçəkilən yaşayış məntəqəsində 360 şagird yerlik məktəb binasının inşasına başlanılıb. Təhsil ocağında 20 sinif otağı, 1 kompüter, 2 elektron, 1 şahmat sinfi, 3 laboratoriya, kitabxana, hərbi kabinə və idman zalı olacaq.
Burada kənd mərkəzi və həkim ambulatoriyası da tikilir. 3 mərtəbəli olacaq binanın birinci mərtəbəsində həkim ambulatoriyası, rabitə şöbəsi və avtomat telefon stansiyası yerləşəcək. İkinci və üçüncü mərtəbələrdə isə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı və digər qurumlar fəaliyyət göstərəcək.
Kənddə inşa edilən digər bir obyekt isə xidmət mərkəzidir. Burada ərzaq, təsərrüfat malları mağazaları, bərbər, gözəllik salonu, ət satışı dükanı fəaliyyət göstərəcək. Kəndin yolları, rabitə və elektrik xətləri də əsaslı təmir olunacaq. Yeni obyektlərin ərazilərində müasir işıqlandırma sistemləri qurulacaq və yaşıllıqlar salınacaq.
Muxtar RZAZADƏ