23 Dekabr 2024, Bazar ertəsi

Son illərdə kənd təsərrüfatının inkişafında daha çox diqqəti cəlb edən istiqamətlərdən biri meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə həyata keçirilən tədbirlərdir. Bu mənada, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” bundan əvvəl qəbul edilmiş eyniadlı proqramın davamı olmaqla yanaşı, həm də əhalinin keyfiyyətli meyvə və tərəvəz məhsulları ilə təminatına imkan verib. Dövlət proqramında qarşıya qoyulan vəzifələrin icrası ötən ildə də davam etdirilib.

 Meyvəçiliyin və tərəvəzçiliyin inkişafında vacib məsələlərdən biri əkin sahələrinin və ya yaşıllıqların suvarma suyu ilə təminatıdır. Ötən il bu sahədə bir sıra tədbirlər həyata keçirilib. Belə ki, Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 616 hektar sahəni əhatə edən qapalı suvarma şəbəkəsinin tikintisi başa çatdırılıb. Yaşıllıqların suvarılması üçün Şərur, Babək, Culfa, Şahbuz, Ordubad, Sədərək və Kəngərli rayonları ərazilərində müxtəlif diametrli borularla, ümumilikdə, 47 kilometr suvarma xətti çəkilib, mövcud suvarma xətləri təmir edilib. Digər tərəfdən, torpaq mülkiyyətçilərinə dövlət maliyyə dəstəyinin göstərilməsi də meyvəçiliyin və tərəvəzçiliyin inkişafına öz təsirini göstərib. Əvvəlki illərdə olduğu kimi, ötən il də sahibkarlara güzəştli şərtlərlə kreditlərin verilməsi davam etdirilib. Xüsusilə yeni üzüm bağlarının salınmasında verilən kreditlərin rolu böyük olub. Belə ki, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Sahibkar­lığın İnkişafı Fondunun vəsaiti hesabına muxtar respublika üzrə üzümçülüyün inkişaf etdirilməsi məqsədilə 8 layihənin maliyyələşdirilməsinə 179 min manat, 66 layihə üzrə meyvəçilik təsərrüfatlarının yaradılmasına 1 milyon 343 min 100 manat həcmində dövlət maliyyə dəstəyi göstərilib. Eyni zamanda 2018-ci ildə meyvə-tərəvəz məhsullarının tədarükü məqsədilə Şərur və Ordubad rayonlarında fəaliyyət göstərən 2 sahibkara 90 min manatlıq dövlət maliyyə dəstəyi göstərilib. Ümumilikdə, ötən il ərzində muxtar respublika ərazisində 203,3 hektar sahədə meyvə bağları salınıb, 225 min 329 üzüm və meyvə tingi əkilib. 

Son illərdə meyvəçiliyin və tərəvəzçiliyin inkişaf etdirilməsi sahəsində görülən işlərdən biri də əhalini ilin bütün fəsillərində meyvə və tərəvəz məhsulları ilə təmin etmək məqsədilə yeni soyuducu anbarların yaradılmasıdır. Qeyd edək ki, ötən il bu amil də diqqət mərkəzində saxlanılıb, bu məqsədlə Şərur rayonunda 1 istixana təsərrüfatı yaradılıb, 1 istixana təsərrüfatının fəaliyyəti genişləndirilib. Şərur rayonunun Yuxarı Aralıq və Babək rayonunun Nehrəm kəndlərinin hər birində bir soyuducu anbarın yaradılması, Şərur rayonunun Cəlilkənd və Sərxanlı kənd­lərinin hər birində bir soyuducu anbarın genişləndirilməsi davam etdirilib. Ümumilikdə, bu sahədə görülmüş işlərin nəticəsidir ki, 2018-ci ildə meyvə tədarükü bir il öncəyə nisbətən 5,4 faiz, tərəvəz tədarükü isə 1,1 faiz artıb. Eyni zamanda bunu da vurğulamaq lazımdır ki, ötən il digər sahələrlə müqayisədə ən böyük artım kənd təsərrüfatı məhsullarının istehsalında qeydə alınıb. Belə ki, 2018-ci ildə muxtar respublikada bir il öncəyə nisbətən 4,4 faiz çox, yəni 480 milyon 21 min 200 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub. Bu məqamda xatırladaq ki, 2019-cu ilin yanvar-fevral aylarında 15 milyon 145 min 600 manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib. Bu, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz çoxdur.
Təbii ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Pro­qramı”nın icrası muxtar respublika əhalisinin meyvə və tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına təmin edilməsi ilə yanaşı, tələbatdan artıq mövsümi məhsulların ixracına da geniş imkanlar yaradıb. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ildə muxtar respublikadan 101 milyon 781 min 300 ABŞ dolları dəyərində kənd təsərrüfatı, o cümlədən meyvə və tərəvəz məhsulları ixrac olunub. Buradan isə o qənaətə gəlmək mümkündür ki, muxtar respublikamız artıq yerli və keyfiyyətli meyvə-tərəvəz məhsullarının ixrac potensialına malikdir və yaxın gələcəkdə Naxçıvanın yerli kənd təsərrüfatı məhsulları xarici bazarda özünə daha böyük istehlakçı kütləsi cəlb edəcək. Bu isə meyvəçiliyin və tərəvəzçiliyin muxtar respublikanın kənd təsərrüfatı sahəsində mühüm rola malik olduğunu göstərir.


 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR