Müasir dövrdə insan inkişafının demoqrafik aspektləri əhalinin sağlamlığı, doğum, ömür uzunluğu, yaşlanma və digər məsələləri özündə cəmləşdirir. Bu inkişafın əsas meyarlarından biri layiqli yaşayış standartlarının göstəricisidir. Sosial-iqtisadi inkişaf nəticəsində əldə olunmuş əhalinin rifah səviyyəsi əmək potensiallarından səmərəli istifadə edilməklə məşğulluq səviyyəsi, işləyənlərin məhsuldarlığı, əhalinin gəlirləri, iş şəraiti və digər amillər, həmçinin ölkənin hər bir vətəndaşının ehtiyaclarını nəzərə almaqla dövlətin gəlirlərinin bölüşdürülməsi sisteminin səmərəliliyi ilə müəyyən olunur.
Nəzərə alaq ki, insanların iqtisadi ehtiyacları və davranışı həyatın müxtəlif mərhələlərində fərqlənir və əhalinin yaş-cins strukturunda baş verən dəyişikliklər ölkənin ümumi iqtisadi fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Məsələn, gənc nəsil daha çox təhsil sahələrinə investisiyaları tələb edir, orta yaşda olan əhali qrupu məşğulluq sahələrinin aktiv iştirakçısıdır, yaşlı nəslin isə tibbi xidmətə və sosial təminata ehtiyacı vardır. Buna görə də gənc nəslin və uşaqların payı çox olan ölkələrdə iqtisadi inkişafın artım templəri daha çox müşahidə olunur. Bütün bu parametrlərinə görə muxtar respublikada gedən inkişaf proseslərinin əsas mərkəzində insan amili dayanır. Bu gün diyarımızın ən ucqar yaşayış məntəqələrində belə, əhalinin gündəlik həyatı üçün lazımi bütün kommunikasiyalarla təmin olunması, təhsil, səhiyyə, mədəni xidmətlərin əlçatanlığı, məşğulluq məsələlərinin həlli və digər sahələr üzrə həyata keçirilən tədbirlər insan kapitalı potensialının gücləndirilməsi istiqamətində görülən işlərdir. Hazırda insan inkişafının demoqrafik aspektləri əhalinin sağlamlığı, doğum, ömür uzunluğu, yaşlanma və digər tərəflərlə ölçülür. Bu inkişafın əsas meyarlarından biri əhalinin layiqli yaşayış standartları ilə təmin olunmasıdır.
Demoqrafik sabitliyin əsas meyarlarından biri də əməkqabiliyyətli əhalinin məşğulluğunun təmin edilməsidir. Muxtar respublikada bu məsələnin həlli sahəsində indiyədək bir sıra mühüm tədbirlər həyata keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası diyarımızda işaxtaranların sosial müdafiəsinin gücləndirilməsinə, səmərəli məşğulluğun və özünüməşğulluğun təmin edilməsinə, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə geniş imkanlar yaradıb.
2018-ci ildə muxtar respublikada 2827 yeni iş yeri yaradılıb. Bunun 2782-si və ya 98,4 faizi daimi iş yerləridir. Əmək bazarının tələblərinə uyğun olaraq Naxçıvan Regional Peşə Tədris Mərkəzində müxtəlif peşələr üzrə 304, Penitensiar Xidmətin Cəzaçəkmə Müəssisəsində isə 33 nəfər ağac və duz üzərində oyma və qazanxana maşinisti peşələri üzrə kurslara cəlb edilib. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki peşə ixtisas təhsili müəssisələrində 2753 nəfər müxtəlif peşələrə yiyələnib.
Ümumi daxili məhsul istehsalı və bu istehsalın hər bir nəfərə düşən pay həcmi də iqtisadi inkişafın əsas göstəricilərindən hesab olunur. Həyata keçirilən uğurlu siyasətin nəticəsi olaraq 2018-ci ildə ümumi daxili məhsul istehsalı 2 milyard 773 milyon manatdan artıq olub. Bu, bir il öncəki göstəricidən 1,3 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə bir il öncəyə nisbətən 1,9 faiz artaraq 6101,3 manata çatıb. Bütün bunlar isə muxtar respublikada əhalinin yaşayış səviyyəsinin yüksəldilməsini təmin etməklə yanaşı, demoqrafik proseslərə də müsbət təsir göstərib.
Bu gün muxtar respublikada artan əhali tələbatına uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsi və sosial sahənin inkişafı diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Dövlətimizin ən qiymətli incisi onun vətəndaşlarıdır” prinsipi əsas götürülərək əhalinin səmərəli məşğulluğu və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən mühüm tədbirlər ümumi inkişafın təmin olunmasına şərait yaratmaqla yanaşı, demoqrafik proseslərə də müsbət təsir göstərir.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, 1 yanvar 2019-cu il tarixə muxtar respublikada əhalinin sayı 2008-ci ilin sonu ilə müqayisədə 58 min 746 nəfər artaraq 456 min 93 nəfər olmuşdur. Əhalinin 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edib. Əhalinin 29,5 faizi şəhər, 70,5 faizi isə kənd yerlərində yaşayır. Muxtar respublikada bir kvadratkilometrə düşən əhalinin sayı 83 nəfər olub ki, bu da 2008-ci ilin sonu ilə müqayisədə 11 nəfər çoxdur. Yenə də statistikaya görə, 2018-ci ildə muxtar respublikada 5305 nəfər doğum qeydə alınıb, doğulanların 2795 nəfərini və ya 52,7 faizini oğlanlar, 2510 nəfərini və ya 47,3 faizini isə qızlar təşkil edib.
Yuxarıda da qeyd etdiyimiz kimi, əhali sağlamlığının və rifahının davamlı yüksəlişi, tibbi xidmətlərin keyfiyyətinin və əhatəliliyinin artırılması demoqrafik inkişafa öz müsbət təsirini göstərməklə yanaşı, ölüm göstəricisini də aşağı salıb. Belə ki, əgər 2008-ci ildə ölüm göstəricisi əhalinin hər min nəfərinə hesabı ilə 5,6 nəfər olmuşdursa, hazırda bu göstərici 4,5 nəfər təşkil edir. Təbii ki, demoqrafik inkişafda ən nəzərəçarpan meyillərdən biri də ölkə üzrə gənc vətəndaşların sayıdır. Statistikaya görə, 1 yanvar 2019-cu il tarixə muxtar respublikada gənclərin sayı 140 min 477 nəfərə çatıb ki, bu da ümumi əhalinin 30,8 faizini təşkil edir. Bütün qeyd olunanlar isə onu deməyə əsas verir ki, muxtar respublikanın demoqrafik inkişafı dayanıqlı sosial-iqtisadi siyasətə söykənir.
Səbuhi HƏSƏNOV