23 Dekabr 2024, Bazar ertəsi

2019-cu il muxtar respublikamız üçün əlamətdar hadisələrlə dolu bir tarixi zaman kəsiyidir. Qədim diyarımızın muxtariyyətinin 95, ustad sənətkar Mirzə Cəlilin 150, şair İmadəddin Nəsiminin 650 illiklərinin dövlət səviyyəsində qeyd edilməsi məhz 2019-cu ilin “bəxtinə düşüb”. Elə digər əlamətdar hadisələri də göz önünə gətirsək, bu ili muxtar respublikada bayramlar ili adlandıra bilərik. Şərur rayonunun Kərimbəyli kənd sakinləri bu bayram sevincləri ilə yanaşı, həm də yaşayış məntəqəsində yeni obyektlərin istifadəyə verilməsi və bununla da Kərimbəylinin müasirliyə qovuşmasının sevincini yaşayırlar. Belə ki, fevral ayının 7-də Kərimbəylidə tam orta məktəb, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası öz qapılarını sakinlərin üzünə açıb. Ötən günlərin birində yolumuzu Şərur rayonunun Kərimbəyli kəndindən saldıq.

Yolboyu müasirliyə qovuşmuş kəndlər bir-birini əvəz edir. Gördüyümüz mənzərələr insan qəlbində isti duyğular yaradır. Bu gün muxtar diyarımızın hansı guşəsinə üz tutsaq, belə təəssüratları yaşaya, sevinc hissləri keçirə bilərik. Ona görə ki, ötən dövr ərzində bu yaşayış məntəqələrində həyata keçirilən qurucu­luq işləri, yaşıllaşdırma tədbirləri insanların yaşam tərzini kökündən dəyişib, evlərə firavanlıq gətirib. Şərur rayonunun sərhədlərini bir-birindən ayırmaqda çətinlik çəkdiyimiz kəndləri də eləcə. Artıq Kərimbəyli də belə yaşayış məntəqələrindən birinə çevrilib.
Kəndə daxil oluruq. Budur, yeni tikililərdən birinin – kənd mərkəzinin qarşısındayıq. Kəndə müasir qəsəbə görkəmi verən bu və digər obyektlər muxtar respublikada bərqərar olmuş sabitliyin, inkişaf və tərəqqinin ifadəsidir. İnsana, onun layiq olduğu səviyyədə yaşamasına hədəflənmiş belə tədbirlər bu ünvanlara yolu düşənlərdə də xoş təəssüratlar yaradır, muxtariyyət, müasirliyin bəhrələri kimi ovqatımızı təzələyir. Bunun belə olduğunu bir qədər sonra görüşüb söhbət edəcəyimiz kənd sakinləri də təsdiqləyəcəklər.

Kənd mərkəzinin qarşısında sakinlərlə salamlaşırıq, onları yeni sosial obyektlərin istifadəyə verilməsi münasibətilə təbrik edirik, kənd adamlarının qayğıları ilə maraqlanırıq. Təqaüddə olan el ağsaqqalı Kərəm İsmayılov deyir:
– Muxtar respublika rəhbərinə dərin minnətdarlığımızı bildiririk. Kərimbəyli heç vaxt görmədiyi günlərinə qovuşub. Gündəlik xırda-para qayğılarımıza qalanda isə, nə deyim? Erkən yazdan əkin sahələrinə çıxan, məhsul bolluğu yaratmağa çalışan insanlar hərtərəfli qayğı ilə əhatə olunublar.
Müsahibim deyir ki, son illər muxtar respublikamızda bir ənənə formalaşıb. Hər il kompleks qurucu­luq tədbirləri çərçivəsində inşası başa çatdırılmış obyektlərin açılış mərasimləri qədim diyarımızın təbii gözəlliklərinə yeni gözəlliklər gətirir. İnsan əli ilə yaradılan belə gözəlliklərin sevinci hər il yurdumuzun on-on beş kəndində yaşanır.
Digər bir təqaüdçü İmran Hüseynov da söhbətə qoşulur:
– Bu binaların açılışında muxtar respublika rəhbəri kənd sakinlərini təbrik etdi, həmin obyektlərdə çalışanlara gələcək fəaliyyətlərində uğurlar arzulamaqla qurulanların, tikilənlərin qorunmasının vacibliyini vurğuladı.
Kərəm kişi söhbətə müdaxilə edir: – Bu gün sevincimin həddi-hüdudu yoxdur. Yaşımın bu vaxtında Kərimbəylinin belə çağlarını görmək mənə də qismət oldu. Elə bil ki, cavanlaşmışam. Bugünkü cavanlara isə sözüm odur ki, tikilənləri qorusunlar. Bu həcmdə quruculuq işi asan başa gəlməyib.
Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Rəfael İsmayılovla müasir iş şəraiti yaradılmış kənd mərkəzinə daxil oluruq. O bildirir ki, 2217 sakini, 541 təsərrüfatı olan Kərimbəyli Şərur rayonunun səfalı yaşayış məntəqələrindən biridir. O, kənddə həyata keçirilən kompleks quruculuq tədbirləri barədə həvəslə danışır: quruculuq tədbirlərindən biri kəndə gələn avtomobil yolunun yenidən qurulmasıdır. Kənd mərkəzində rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, arxiv, klub üçün otaqların və iclas zalının, binanın birinci mərtəbəsində həkim ambulatoriyasının ixtiyarımıza verilməsi bu təşkilatlarda çalışanların məsuliyyətini daha da artırıb. Mərkəzdə istifadəyə verilən rabitə evində poçt bölməsi yaradılıb, kommunal ödənişlərin qəbulu, dövri mətbuatın, gündəlik danışıq və internet kartlarının satışı təşkil olunub, internetdən istifadə imkanları yaradılıb.
Kənd sakini, təqaüdçü müəllim Şərəbanı Musayeva ambulatoriyada yaradılan şəraitdən razılıqla danışır. Deyir ki, sakinlər arasında səhiyyə maarifi işi aparılması diqqət mərkəzində saxlanılır, yaşlı insanlara, körpələrə evlərində tibbi xidmət göstərilir. Kənd camaatı da onlara göstərilən xidməti dövlətimizin öz vətəndaşlarına qayğısı kimi dəyərləndirir.
Kərimbəylidə təhsilin inkişafına ciddi diqqət yetirilməsinin nəticəsidir ki, yaşayış məntəqəsində müasir tələblərə cavab verən məktəb binası müəllim və şagirdlərin ixtiyarına verilib. Məktəbin direktoru Zeynəb Həsənova deyir ki, istifadəmizə verilən, tədrisin keyfiyyətinin yüksəldilməsi üçün geniş imkanlar açan müasir məktəb binasında şagirdlər üçün hərtərəfli təhsil almağa şərait var. Yeni məktəb binasında yaradılanlar tədrisin daha yüksək səviyyədə təşkilinə hesablanıb. Muxtar respublikada təhsilin inkişafı üçün həyata keçirilən tədbirlər və təhsil işçilərinin sosial qayğılarının daim diqqətdə saxlanılması məsuliyyətimizi artırıb. Hazırda məktəbdə 140 şagird oxuyur. Ötən dərs ilində məktəbin 9 məzunu olub. Onların 6-sı göstərilən etimadı doğruldaraq ali və orta ixtisas məktəblərinin tələbəsi adını qazanıb.
Gələcək perspektiv nəzərə alınaraq 270 şagird üçün tikilmiş yeni məktəb binası üç mərtəbədən ibarətdir. Məktəbdə ikisi elektron lövhəli olmaqla, 18 sinif otağı, kimya-biologiya laboratoriyaları, hərbi kabinə, kompüter otağı, müəllimlər otağı, bufet və idman zalı vardır. Məktəblilər pulsuz dərsliklərlə təmin olunublar. Onlar zəngin fonda malik kitabxanadan istifadə etmək imkanı qazanıblar. Burada hazırlanmış “Naxçıvan Muxtar Respublikası – 95”, “Cəlil Məmmədquluzadə – 150”, “İmadəddin Nəsimi – 650” adlı guşələr zənginliyi ilə diqqəti çəkir. Tədris ili ərzində həmin əlamətdar tarixlərlə bərabər tədbirlər keçirilməsi məqsədilə plan tərtib olunub.
Məktəbin pedaqoji kollektivi ilk günlərdən yeni təhsil ocağında işin səmərəli qurulması üçün əzmlə səy göstərir, dövlətçiliyimizə, müstəqilliyimizə sadiq olan vətənpərvər vətəndaşlar yetişdirmək üçün müasir təlim üsullarına üstünlük verir, məktəbdənkənar və sinifdənxaric məşğələlərin səmərəli təşkilinə çalışır. Məqsəd doğma Azərbaycanımızın, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanın ulu keçmişini, ümumilikdə, mədəniyyətimizi, ədəbiyyatımızı, milli-mənəvi dəyərlərimizi bugünkü məktəblilərə aşılamaq, onları dövlətçiliyə sədaqət, doğma yurd yerinə məhəbbət ruhunda formalaşdırmaqdır. Məktəbin həyətində büstü qoyulmuş şəhid Nüsrət İsmayılovun ömür yolunun şagirdlərə aşılanması da bu məqsədə xidmət edir.
Bu isə Kərimbəyli kəndində istifadəyə verilən yeni xidmət mərkəzidir. Binada bərbərxana və mağaza fəaliyyət göstərir. Ticarət və məişət xidmətlərinin təşkili sakinlərin rahatlığına şərait yaradıb. Mağazada zəruri ərzaq və sənaye mallarının satışı təmin olunub.
Xidmət mərkəzinin qarşısında kəndin ən yaşlı sakini ilə görüşürük. Hələ də gümrah görünən Xürrəm Həsənov da minnətdarlıq hisslərini dilə gətirir. Deyir ki, qədim diyarımızın bütün bölgələrində görülən bu işlər insanlara böyük qayğı göstərilməsinin ifadəsidir. Dünənki mağazamız hara, məktəbimiz hara, bu gün gördüklərimiz hara? – deyən el ağsaqqalından kənd haqqında bir qədər ətraflı danışmağı xahiş edirik.
– Kərimbəylililər öz kəndlərinə bağlı insanlardır. Sovet dövründə kənddə heç bir gözəçarpan quruculuq tədbiri aparılmamışdı. Bu gün ovaxtkı arzularımız həyata keçib. Sağ olsun muxtar respublika rəhbərini. Bu gün kənd adamına nə lazımdırsa, hamısı ilə təmin olunmuşuq.
Kərimbəylidə adıçəkilən obyektlərin açılışından sonra kənd sakinləri ilə görüşən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov deyib: “Kərimbəyli kəndində yaradılan şərait ümummilli ­liderimiz Heydər Əliyevin əsasını qoyduğu­ sabitlik və inkişaf yolunun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Sabitliyin və inkişafın bəhrələri ölkə həyatının bütün sahələrini əhatə edib. Yaradılan bu şərait də kənd sakinlərinin rahatlığına xidmət edir. Ona görə də sakinlər kəndin torpaqlarından səmərəli istifadə etməli, qurulanlar qorunub saxlanılmalıdır”.
Kərimbəylinin doğma yurd yerlərinə qəlbən bağlı olan sakinləri muxtar respublika rəhbərinin bu qiymətli tövsiyələrini özlərinə həyat amalı kimi qəbul ediblər.

Muxtar Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR