Son illər muxtar respublikamızın hər yerində olduğu kimi, Ordubad rayonunda da kompleks tikinti-quruculuq işləri aparılıb.
Hazırda Ordubad Rayon İcra Hakimiyyətinin və şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin binalarında əsaslı təmir və yenidənqurma işləri yekunlaşmaq üzrədir. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişilə “Gəmiqaya Holdinq”in inşaatçılarının gözəl dizaynı ilə binaların daxili və ətrafı əsaslı surətdə yenidən qurulub.
Ordubad şəhərində digər quruculuq ünvanı isə yeni yaşayış binasıdır. Zirzəmi ilə birlikdə 8 mərtəbəli olacaq bu binada 28 mənzil istifadəyə veriləcək. Binanın tikintisini Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinin inşaatçıları həyata keçirirlər. Binanın zirzəmisinin dəmir-beton işləri tamamlanıb, birinci mərtəbədə isə həmin işlər davam etdirilməkdədir.
Ordubad rayonunda digər bir quruculuq ünvanı isə Vənənd kəndidir. Rayonun ən iri yaşayış məntəqəsi olan bu kənddəki köhnə məktəb binası əsaslı surətdə yenidən qurulur, yaşayış məntəqəsində həkim ambulatoriyası, musiqi məktəbi, kənd və xidmət mərkəzləri üçün binalar inşa olunmaqdadır.
Culfa-Ordubad magistral yolunun Dəstə-Ordubad istiqamətindəki hissəsində isə Ordubad Su Elektrik Stansiyası üçün kanal çəkilişi ilə əlaqədar yeni avtomobil yolu salınır.
Abbas SEYİD