23 Dekabr 2024, Bazar ertəsi

Müasir cəmiyyətin sosial-iqtisadi inkişaf problemləri arasında daha çox əmək qüvvəsinin işlə təmin edilməsi və çeşidli məhsul və xidmətlər istehsalına nail olunması mühüm yerlərdən birini tutur. Bu, xüsusən regional xüsusiyyətlərinə və nəqliyyat-kommunikasiya imkanlarına görə seçilən müəyyən ərazilər üçün daha vacibdir. Bu mənada, muxtar respublikamızda davamlı özünüməşğulluğu və geniş çeşiddə rəqabətqabiliyyətli məhsul istehsalı imkanlarını özündə ehtiva edən ailə təsərrüfatlarının inkişaf etdirilməsi dövlətin bu sahədən gözlədiyi sosial-iqtisadi nəticələrin reallaşdırılmasına hesablanıb.

Artıq bildiyimiz kimi, bütün bu və digər əhəmiyyətli cəhətlərinə görə 2019-cu il muxtar respublikamızda “Ailə təsərrüfatları ili” elan olunub və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı” 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına əsasən muxtar respublikada ailə təsərrüfatı ilində ailə təsərrüfatlarının sahələr üzrə ixtisaslaşması və yeni ailə təsərrüfatlarının yaradılması dəstəklənəcək, ailə təsərrüfatlarının fəaliyyətinin stimullaşdırılmasına dövlət maliyyə dəstəyi göstəriləcəkdir. Şübhəsiz, bu, ailə təsərrüfatlarının inkişafına öncəki illərdə də verilən diqqətin, göstərilən dövlət qayğısının davamı kimi sahənin inkişafı ilə əlaqədar olan hər kəsdən fəallıq göstərməyi, üzərinə düşən vəzifəni yerinə yetirməyi tələb edir. Digər bir tərəfdən dünyada qlobal rəqabətin və bazar risklərinin artdığı bir şəraitdə hər bir ölkə üçün iqtisadi müstəqilliyi maksimum olaraq təmin etmək məsələsini də nəzərə alsaq, ailə təsərrüfatlarının əhəmiyyəti haqqında daha geniş elmi və praktik diskussiya aparmaq mümkündür.

Bəs dünyada, eləcə də ölkəmizdə iri layihələrin reallaşdırıldığı, innovativ sənayenin genişləndiyi bir dövrdə ailə təsərrüfatlarının da inkişafı nə üçün bu qədər əhəmiyyətlidir? İlk olaraq ailə təsərrüfatları müasir dünya iqtisadiyyatında, xüsusən aqrar sahədə yaranmış daxili tələbatın ödənilməsi üçün əsas fəaliyyət sahələrindən biri hesab olunur. Digər bir tərəfdən ailə təsərrüfatlarının inkişafı sosioloji bir çəkiyə malik olub, istehsal-təsərrüfatçılıq ənənələrinin yaşadılması baxımından da faydalıdır. Odur ki, dünyaya texnoloji avadanlıqlar ixrac edən inkişaf etmiş ölkələrdə, xüsusən aqrar sahədə ailə təsərrüfatlarının inkişafı iqtisadçı və menecerlər tərəfindən yüksək qiymətləndirilir. Muxtar respublikamızda bunu Naxçıvanın yerli məhsullarının həm daxili və həm də yaxın region bazarlarında çox yaxşı ­rəqabətqabiliyyətli olması və nəhayət, düşmən blokadası ucbatından bir sıra istehlak mallarının ölkəmizin digər yerlərindən gətirilmə xərclərinin baha olması ilə əlaqələndirmək olar. Ailə təsərrüfatlarının gələcəkdə sahibkar kimi ailə biznesinə çevrilməsi üzrə dünya təcrübəsini nəzərə alsaq, bu, muxtar respublikada kiçik sahibkarların üstünlük təşkil etdiyi orta təbəqə üzvlərinin sayının artması deməkdir. Bu da hər bir cəmiyyətdə ən mühüm rifah göstəricilərindən biri kimi çox dəyərlidir.
Ailə təsərrüfatları fəaliyyət profili cəhətdən sərbəstdir. Bu da onların iqtisadiyyatın çoxşaxəliliyi üçün əhəmiyyətini göstərir. Bazarın tələblərinə cəld reaksiya verməklə ailə təsərrüfatları sahibləri daha təşəbbüskar bir xarakter ortaya qoya bilir. Bu da, şübhəsiz, gələcəkdə həmin insanların kiçik və orta sahibkar kimi fəaliyyətlərini davam etdirə bilmələri üçün zəmin formalaşdırır. Ümumiyyətlə isə ailə təsərrüfatlarının idarə olunması çox sadə və asandır. Belə ki, bir təsərrüfatda birləşmiş, əsasən, ailə üzvləri və ya yaxın qohumlar olan insanlar bir-birlərinin fərdi xüsusiyyətlərini, işə münasibətlərini və yaxud yaradıcılıq keyfiyyətlərini yaxşı bildikləri üçün bu, idarəetmə prosesində çətinlik yaratmadan problemlərin həlli deməkdir. Ümumilikdə isə ailə təsərrüfatları bazarın tələblərinə həssas olduqları üçün onların qarşılaşdıqları belə problemlər də çox nadir hallarda yaranır. Belə ki, ailə təsərrüfatı üzvləri, eyni zamanda həm də istehsal etdikləri məhsulların bir qisminin istehlakçısı olduqlarından burada onların satış problemi də yaranmır. Ona görə də çox da böyük olmayan bir ərazidə, məsələn, Naxçıvan Muxtar Respublikasında minə yaxın ailə təsərrüfatının mövcud olması tamamilə təbii haldır.
Hazırda muxtar respublikamızda heyvandarlıq, quşçuluq, arıçılıq, bağçılıq və əkinçilik sahələri üzrə 800-dən çox ailə təsərrüfatı fəaliyyət göstərir. Təkcə 2018-ci ildə muxtar respublikada 319 ixtisaslaşmış ailə təsərrüfatı yaradılıb. Bu sayda ailə təsərrüfatının istehsalı olan məhsulların tanıdılması və satışı üçün festivallar keçirilir. Onu da qeyd edək ki, muxtar respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən ticarət obyektlərində xüsusi olaraq ailə təsərrüfatı məhsulları guşələri yaradılması tapşırığı verilib. Görülən bu tədbirlər, şübhəsiz, ailə təsərrüfatlarının iqtisadi əhəmiyyətinin başa düşülməsi, istehsal olunmuş məhsulların geniş rəqabət arenasına çıxarılaraq daha yaxşıların müvəffəqiyyət qazanması üçündür. Eyni zamanda istehlakçıların da ailə təsərrüfatı məhsulları timsalında ekoloji təmiz məhsullara daha çox meyil etməsi, ümumilikdə, sağlam həyat tərzimiz deməkdir.
Bununla bağlı Naxçıvan şəhərində və bir sıra rayonlardakı ticarət obyektlərinə baş çəkib ailə təsərrüfatı məhsullarının satışı vəziyyəti ilə tanış olduq. Bir çox ticarət obyektlərində satış üçün təklif olunan ailə təsərrüfatı məhsullarının kifayət qədər geniş çeşiddə, gözəl qablaşdırmada, münasib qiymətdə və ən əsası, alıcıların daha yaxşı görə bilməsi üçün ön piştaxtalarda sərgiləndiyinin şahidi olduq. Satıcılarla söhbət zamanı bu qənaətə gəldik ki, belə də olmalıdır. Çünki bu vacib məsələdə dövlətimizlə bərabər hər kəsin görülən işə verəcəyi töhfə, ən azı, vətənpərvərlik borcudur. Bir çox istehlakçının zahiri görünüşünə aldanıb satın aldığı bəzi idxal olunan malların əsl keyfiyyətdə yerli məhsullarımızdan qat-qat geri qaldığını yaxşı bilirik. Odur ki, gəlin hər sahədə olduğu kimi, bu vacib işdə də nümunə olmağa çalışaq.

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR