23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikasının əlverişli iqlim şəraiti alternativ və bərpaolunan enerji növlərinin inkişafına möhkəm zəmin yaradır. Bu məqsədlə yeni texnoloji avadanlıqlar əsasında elektrik stansiyaları tikilib istifadəyə verilir. Hazırda Naxçıvanın ümumi enerji istehsalının 70 faizdən çoxunu alternativ və bərpaolunan enerji təşkil edir. Muxtar respublikada bu sahədə qazanılmış uğurları bərpaolunan enerji mənbələrindən geniş istifadə edən Avropa İttifaqı ölkələrindən Avstriya, İsveç, Danimarka kimi ölkələrlə müqayisə etmək mümkündür.
Məlum olduğu kimi, blokada şəraitində saxlanılan Naxçıvan Muxtar Respublikasında müstəqilliyin ilk illərində böyük enerji böhranı yaşanmış, qonşu ölkələrdən idxal edilən elektrik enerjisi hesabına bu problemin qismən aradan qaldırılmasına nail olunsa da, enerji əhaliyə uzun illər fasiləli şəkildə verilirdi. Müstəqillik illərindən, təxminən, 15 il sonra – 2005-2006-cı illərdə enerji təhlükəsizliyinin təmini və daxili tələbatın etibarlı mənbələr hesabına ödənilməsi üçün müxtəlif dövlət proqramları qəbul olunub, onların həyata keçirilməsi təmin edilib.

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 2 may tarixli “Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq 2005-2006-cı illərdə Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasında dizel yanacağı ilə işləyən turbinlər qaz yanacağı ilə iş rejiminə keçirilib, ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası çox qısa müddətdə – cəmi 8 ay ərzində tikilib quraşdırılıb, 2005-ci ildə muxtar respublikada Heydər Əliyev Su Anbarı üzərində gücü 4,5 meqavat olan yeni su elektrik stansiyasının tikintisi başa çatdırılıb, 2010-cu ildə Azərbaycanda ilk derivasiyatipli 22 meqavat güclü Biləv Su Elektrik Stansiyası istismara verilib. Sonrakı illərdə muxtar respublikada alternativ və bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 1 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasına uyğun olaraq 2014-cü ildə 20,5 meqavat güclü “Arpaçay-1” və 1,4 meqavat güclü “Arpaçay-2” Su Elektrik stansiyaları tikilib istismara verilib.
Hazırda muxtar respublikada mövcud olan 8 elektrik stansiyasından 5-i su, 2-si istilik və Günəş Elektrik stansiyalarıdır. Həmin elektrik stansiyalarının 7-si müstəqillik dövründə tikilib istifadəyə verilib. Muxtar respublikanın enerji ilə təminatında əsas layihə olan 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının tikinti işləri isə hazırda davam etdirilir.
Son illərdə muxtar respublikanın enerji ilə təminatında su resursları ilə yanaşı, günəş enerjisi ilə qidalanan stansiyaların tikintisi də geniş vüsət alıb. Görülən işlər yaxın gələcəkdə muxtar respublikanın ümumi enerji istehsalının alternativ və bərpaolunan enerji hesabına ödənilməsinə xidmət edir.
Qeyd edək ki, muxtar respublikada 20 meqavatlıq ilk Günəş Elektrik Stansiyası 2015-ci ilin dekabrında ölkə Prezidentinin iştirakı ilə istifadəyə verilib. 2017-ci ilin sentyabr ayında 2 meqavatlıq ikinci Günəş Elektrik Stansiyasının açılışı olub. Bu il fevral ayının 22-də isə Kəngərli rayonu ərazisində 2 meqavat gücündə yeni Günəş Elektrik Stansiyasının qurulması bu sahədə həyata keçirilən tədbirlərin davamıdır. Stansiyada dünya standartlarına cavab verən son model müasir panellər quraşdırılıb. Şüşətipli bu panellərin elektrik verilişi alüminium panellərə nisbətən daha yüksəkdir. İl ərzində 3 milyon kilovat-saat elektrik enerjisi istehsal ediləcək stansiyada tikinti-quraşdırma işləri yüksək keyfiyyətlə aparılıb. Həmin stansiyanın ətrafında günəş panelləri ilə işləyən yeni subartezian quyusu qazılıb, 2 günəş paneli quraşdırılıb. Bu da Günəş Elektrik Stansiyasının yaxınlığında salınan badam bağının və yaşıllıq zolağının su təminatının ödənilməsinə imkan verəcəkdir. Günəş panelləri ilə çalışan yeni sub­artezian quyusu muxtar respublikada kənd təsərrüfatı sahəsində müasir texnologiyaların tətbiqi baxımından ən son yenilikdir.
Ümumilikdə, Naxçıvan Muxtar Respublikasında Günəş Elektrik stansiyalarının gücü 24 meqavata, illik istehsal gücü isə 36 milyon kilovat-saata çatdırılıb.
Muxtar respublikada elektro­energetika sahəsində müasir infrastruktur yaradılması vacib amildir. Buna görə də yeni elektrik stansiyalarının tikintisi zamanı ən son texnoloji avadanlıqlar quraşdırılır, layihə işləri Qərb ölkələrinin bu sahə üzrə ixtisaslaşmış enerji firmaları tərəfindən həyata keçirilir.
Elektroenergetika sahəsində ixtisaslı kadr hazırlığına da xüsusi diqqət yetirilir. Bu sahədə reallaşdırılan tədbirlərin nəticəsidir ki, muxtar respublikada elektrik stansiyalarının tikintisi və yenidən qurulması, elektrik təchizatı avadanlıqlarının quraşdırılması, bütövlükdə, yerli mütəxəssislər tərəfindən həyata keçirilir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Energetika Xidmətinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR