İyul ayında Türkiyə Azərbaycandan 900 milyon kubmetrədək təbii qaz idxal edib.
Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb. Bildirilir ki, iyulda Türkiyənin Azərbaycandan idxal etdiyi qazın həcmi iyunla müqayisədə 250 milyon kubmetrədək artıb. Azərbaycan iyulda Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında Rusiyadan (1,1 milyard kubmetr) sonra ikinci olub.
Bu ilin yanvarında Türkiyə 808,3 milyon kubmetr, fevralda 683,2 milyon kubmetr, martda 772,4 milyon kubmetr, apreldə 724,8 milyon kubmetr, mayda 770 milyon kubmetr, iyunda 650,6 milyon kubmetr, iyulda isə 899,9 milyon kubmetr Azərbaycan qazı alıb. Yeddi ayda qardaş ölkənin Azərbaycandan təbii qaz idxalının həcmi 5 milyard 310 milyon kubmetr təşkil edib.
Qeyd edək ki, keçən il Türkiyəyə Azərbaycandan 7 milyard 527 milyon kubmetr təbii qaz ixrac olunub.
Türkiyə Azərbaycandan təbii qazı Cənubi Qafqaz Boru Kəməri (CQBK) (Bakı-Tbilisi-Ərzurum) və TANAP-la idxal edir. 2006-cı ilin sonlarında istismara verilən CQBK hazırda Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır. Bu ilik 6 ayında CQBK və genişləndirilən Cənubi Qafqaz Boru Kəmərinin (CQBKG) birgə gündəlik orta ötürücülük gücü 28 milyon kubmetrdən çox olub. Yarım ildə CQBK ilə bağlı fəaliyyətlərə təqribən 20 milyon dollar əməliyyat və 24 milyon dollar isə əsaslı xərclər sərf edilib. Kəmərin iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operatoru, SOCAR isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur.