20 oktyabr Energetiklər Günüdür
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli Sərəncamına əsasən hər il oktyabrın 20-si ölkəmizdə “Energetiklər Günü” kimi qeyd edilir.
Azərbaycanda elektroenergetikanın inkişafına ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ötən əsrin 70-ci illərindən başlanmış, enerji sisteminin sürətli inkişafını təmin etmək məqsədilə mühüm tədbirlər görülmüşdür. Müstəqillik illərində də ölkəmizdə ulu öndərin rəhbərliyi ilə enerji təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər görülmüşdür.
Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda enerji sektorunun inkişafı yeni mərhələyə qədəm qoymuşdur. Bu sahədə həyata keçirilən tədbirlər blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasında da enerji təhlükəsizliyini təmin etmişdir. Xüsusilə son illər istifadəyə verilən yeni su elektrik stansiyaları tələbatın dayanıqlı şəkildə ödənilməsində və ixrac imkanlarının yaranmasında mühüm əhəmiyyətə malikdir. Belə ki, ölkə Prezidentinin iştirakı ilə Heydər Əliyev Su Anbarı üzərində gücü 4,5 meqavat olan yeni su elektrik stansiyası, ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası, Azərbaycanda ilk derivasiyatipli 22 meqavat güclü Biləv Su Elektrik Stansiyası, 20,5 meqavat güclü “Arpaçay-1” və 1,4 meqavat güclü “Arpaçay-2” Su Elektrik stansiyaları, 20 meqavat gücündə Günəş Elektrik Stansiyasının tikilib istifadəyə verilməsi, 2017-ci ildə həmin ərazidə 2 meqavat, 2019-cu ildə isə Kəngərli rayonunun Qabıllı kəndində 2 meqavat gücündə yeni Günəş Elektrik stansiyalarının qurulması Naxçıvanın etibarlı enerji təminatına səbəb olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Muxtar respublikada enerji təhlükəsizliyinin təmin olunması sahəsində həyata keçirilən tədbirlər Azərbaycanda elektroenergetika sahəsində qəbul olunan dövlət proqramlarının icrası və yeni elektrik stansiyalarının tikilməsi sahəsində görülən işlərin tərkib hissəsidir. Artıq muxtar respublikada enerji təhlükəsizliyi təmin edilib. Ucuz enerji istehsal edən sahələrə üstünlük verməklə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin gəlirlərini artırmaq və bu sahəni daha da müasirləşdirmək qarşıda duran əsas vəzifədir”.
Naxçıvan Muxtar Respublikasının əlverişli iqlim şəraiti alternativ və bərpa olunan enerji mənbələrindən istifadə üçün geniş imkanlar açır. Hazırkı dövrdə ümumi enerji istehsalının 70 faizə qədəri alternativ və bərpa olunan enerji mənbələri hesabına ödənilir. Bu sahədə görülən işlərin davamı olaraq bu il avqustun 9-da Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti ilə İsveçrənin “Pure Energy Development” SARL Şirkəti arasında Kəngərli rayonunun Qabıllı kəndi ərazisində 3 meqavatlıq yeni Günəş Elektrik Stansiyasının qurulması barədə müqavilə imzalanmışdır. Hazırda Ordubad Su Elektrik Stansiyasının tikintisi aparılır. Gələcəkdə Naxçıvanın enerji təhlükəsizliyinə töhfə verəcək Tivi və Qazançı Su Elektrik stansiyalarının, Culfa və Ordubad rayonları ərazisində yeni Külək Elektrik Stansiyasının tikintisi nəzərdə tutulur. Bu da muxtar respublikanın etibarlı enerji ilə təminatına öz töhfəsini verəcəkdir.
Son illər Şərur, Ordubad, Kəngərli, Şahbuz, Babək və Naxçıvan şəhər elektrik şəbəkələri üçün yeni inzibati binalar tikilərək istifadəyə verilmiş, elektrik yarımstansiyaları yenidən qurulmuşdur. Bundan əlavə, yaşayış məntəqələrində yeni elektrik xətlərinin çəkilməsi, transformatorların yenilənməsi fasiləsiz elektrik təminatında mühüm rol oynamışdır.
Muxtar respublikada bütün istehlakçıların istifadə etdiyi elektrik enerjisinin dəqiq qeydiyyatını aparmaq üçün rəqəmsal elektron sayğaclar qoyulmuş, istifadə olunmuş enerji haqqının sayğacların göstərişləri əsasında ödənilməsi təmin edilmişdir. Naxçıvan və Şərur şəhərlərində, Babək qəsəbəsində mənzillərə ön ödənişli smartkarttipli sayğacların qoyulması işləri davam etdirilir. Həmçinin əməkdaşlar tərəfindən elektrik enerjisindən səmərəli istifadə edilməsi, israfçılığın, elektrik enerjisindən qanunsuz və sayğacdankənar istifadə edilməsinin qarşısının alınması məqsədilə mütəmadi reydlər keçirilir.
Elektroenergetika sahəsində ixtisaslı kadr hazırlığına da xüsusi diqqət yetirilir. Bu sahədə reallaşdırılan tədbirlərin nəticəsidir ki, muxtar respublikada elektrik stansiyalarının tikintisi və yenidən qurulması, elektrik təchizatı avadanlıqlarının quraşdırılması, bütövlükdə, yerli mütəxəssislər tərəfindən həyata keçirilir.
Muxtar respublikanın energetika işçiləri bundan sonra da əhalinin keyfiyyətli elektrik enerjisi ilə təminatı üçün səylərini əsirgəməyəcəklər.
Naxçıvan Muxtar Respublikası
Dövlət Energetika Xidmətinin mətbuat xidməti