Ruzi-bərəkət fəsli olan qızılı payız yenə yurdumuza qədəm qoyub. Havalar soyumaqda, təbiət yaşıl donunu dəyişməkdədir. Qədim diyarımızda bütün fəsillər gözəldir. Yayın sonu, payızın əvvəlləri bəzən bir-birinə bənzəsə də, bu dövrün özünəməxsus özəllikləri var. Belə günlərin birində yolumuz Şərur rayonunun Muğanlı kəndinədir.
Yolboyu müasirliyə qovuşmuş kəndlər bir-birini əvəz edir. Gördüyümüz mənzərələr insan qəlbində isti duyğular yaradır. Bu gün muxtar diyarımızın istənilən guşəsinə üz tutsaq, belə təəssüratları yaşaya, sevinc hissləri keçirə bilərik. Ona görə ki, ötən dövr ərzində bu yaşayış məntəqələrində həyata keçirilən quruculuq işləri, yaşıllaşdırma tədbirləri insanların yaşam tərzini kökündən dəyişib, evlərə firavanlıq gətirib. Hazırda Muğanlı kəndində son tamamlama işləri də başa çatdırılmış kompleks quruculuq tədbirləri bu yaşayış məntəqəsini də müasirliyə qovuşdurmaqdadır.
Həmin tədbirlər çərçivəsində Muğanlı kəndinə gedən yola yeni asfalt örtük salınıb. Təbii ki, bu quruculuq tədbiri həm sürücülər, həm də kənd adamları və buraya gələn qonaqlar tərəfindən dövlət qayğısı kimi dəyərləndirilib, kəndə gözəllik bəxş edib. Yadıma atalarımızın bir sözü düşür: “Abad yurd yolundan tanınır”.
Kəndə daxil oluram. Budur, yeni obyektlərdən birinin – kənd mərkəzinin qarşısındayıq. Kəndə müasir qəsəbə görkəmi gətirmiş bu və digər obyektlər muxtar respublikada bərqərar olmuş sabitliyin, inkişaf və tərəqqinin nəticəsidir.
Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Bəhruz Mirzəyev deyir:
– Muxtar respublika rəhbərinə minnətdarıq. Muğanlı ən xoş günlərinə qovuşmaqdadır. Son illər muxtar respublikamızda payız fəsli üçün daha çox xarakterik olan bir ənənə formalaşmaqdadır. Bu, kompleks quruculuq tədbirləri çərçivəsində inşası başa çatdırılmış obyektlərin açılış mərasimləridir. Hər il bu sevinc diyarımızın on-on beş kəndində yaşanır. Biz də bu sevinci yaşamaqdayıq.
Kənd sakini İkram Mirzəyev də söhbətə qoşulur:
– Bütün bunlar kənd sakinlərinə layiq olduğu səviyyədə yaşamaq üçün həyata keçirilən tədbirlər olmaqla muxtar respublikanın gündən-günə artan iqtisadi qüdrətinin göstəricisidir. Bu gün Muğanlı sakinlərinin sevincinin həddi-hüdudu yoxdur. Bizə belə şəraiti yaradanlara minnətdarlığımızı bildiririk.
Bəhruz Mirzəyevlə kənd mərkəzinə daxil oluruq. İcra nümayəndəsi bildirir ki, 1205 sakini, 313 təsərrüfatı olan Muğanlı Şərur rayonunun səfalı yaşayış məntəqələrindən biridir. O, kənddə həyata keçirilən kompleks quruculuq tədbirləri barədə həvəslə danışır. Öyrənirik ki, üçmərtəbəli kənd mərkəzində rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, arxiv, mədəniyyət evi üçün otaqlar və iclas zalı olacaq. Rabitə evində poçt bölməsi yaradılacaq, kommunal ödənişlərin qəbulu, dövri mətbuatın, gündəlik danışıq və internet kartlarının satışı təşkil ediləcək. Kəndə fiber-optik xətt çəkilib, bu, sürətli internetdən istifadə imkanları yaradıb. Binanın bir hissəsi səhiyyə məntəqəsi üçündür. Bu yeni ünvanda əhalinin müayinə və müalicəsini təmin etmək üçün müasir tibbi avadanlıqlardan istifadə olunacaq.
Muğanlı kəndində tarixən təhsilin inkişafına ciddi diqqət yetirilməsinin nəticəsidir ki, burada güclü ənənələr yaradılıb. Məktəbin direktoru Salman İmanov deyir ki, yeni məktəb binası həmin ənənələrin yaşadılmasına imkan verəcək, daha böyük uğurlar qazanılmasını təmin edəcək.
Ötən dərs ilində məktəbin 5 məzunu olub. Onların dördü ali məktəb tələbəsi adını qazanıb, ikisi 500-dən yuxarı bal toplayıb.
Gələcək perspektiv nəzərə alınaraq 224 şagird yerlik yeni məktəb binası 2 mərtəbəlidir. Məktəbdə 2 elektron lövhəli sinif, kimya, biologiya, fizika laboratoriyaları, hərbi kabinə, kompüter və müəllimlər otaqları, bufet, idman zalı, kitabxana müəllim və şagirdlərin ixtiyarına veriləcək.
Məktəbin pedaqoji kollektivi qarşısına məqsəd qoyub ki, yeni təhsil ocağında dövlətçiliyimizə, müstəqilliyimizə sadiq olan vətənpərvər vətəndaşlar yetişdirmək üçün müasir təlim üsullarına üstünlük verilsin, məktəbdənkənar və sinifdənxaric məşğələlər səmərəli təşkil edilsin. Məqsəd doğma Azərbaycanımızın, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanın ulu keçmişini, ümumilikdə, mədəniyyətimizi, ədəbiyyatımızı, milli-mənəvi dəyərlərimizi bugünkü məktəblilərə aşılamaq, onları doğma yurd yerinə məhəbbət ruhunda formalaşdırmaqdır. Onu da qeyd etmək yerinə düşər ki, məktəb 416-cı Taqanroq diviziyasının komandiri, bu kəndin yetirməsi Mehdi Mahmudovun adını daşıyır.
Muğanlı kəndində istifadəyə hazırlanan yeni xidmət mərkəzində bərbərxana və mağaza fəaliyyət göstərəcək. Ticarət və məişət xidmətlərinin təşkili sakinlərin rahatlığına şərait yaradacaq. Mağazada zəruri ərzaq və sənaye mallarının satışı təmin olunacaq.
Xidmət mərkəzinin qarşısında kənd ziyalısı, uzun illər bu yaşayış məntəqəsindəki təhsil ocağına rəhbərlik etmiş, Azərbaycan Respublikasının Əməkdar müəllimi, hazırda təqaüddə olan İsa Hüseynovla görüşürük. Hələ də gümrah görünən İsa müəllim minnətdarlıq hisslərini dilə gətirir. Deyir ki, qədim diyarımızın bütün bölgələrində görülən bu işlər insanlara böyük qayğı göstərilməsinin ifadəsidir. Dünənki mağazamız hara, məktəbimiz hara, bu gün gördüklərimiz hara? – deyən el ağsaqqalından kənd haqqında bir qədər ətraflı danışmağı xahiş edirik.
– Muğanlı sakinləri öz kəndlərinə bağlı insanlardır. Sovet dövründə kənddə çox az quruculuq tədbiri aparılmışdı. Bu gün ovaxtkı arzularımız həyata keçib. Sağ olsun muxtar respublika rəhbərini. Bu gün kənd adamına nə lazımdırsa, hamısı ilə təmin olunmuşuq. Diyarımıza gələn qonaqlarla tez-tez görüşürəm. Söhbətləşirəm. Sözün həqiqi mənasında, qürur hissi duyuram ki, doğulduğum, boya-başa çatdığım, ömürboyu yaşadığım bu qədim yurd yeri bu gün inkişafının ən yüksək mərhələsindədir. Bilirsinizmi, buna necə nail olunub? Ulu öndərin yoluna ehtiram və sədaqət göstərməklə. Bu gün təkcə naxçıvanlılar deyil, bütün xalqımız görür ki, bu yolun alternativi yoxdur, bu yoldan kənarda inkişaf da yoxdur. El ağsaqqalının qətiyyətlə dediyi sözlər mənə də böyük ruh yüksəkliyi bəxş edir. Yeri gəlmişkən, bu kəndin adının etimologiyası barədə soruşuram. Aldığım cavabı oxuculara da təqdim edirəm: – AMEA-nın müxbir üzvü, mərhum Adil Bağırov “Naxçıvanın oykonimləri” adlı kitabında bununla bağlı yazır ki, “Muğan” sözünün tarixi qədim, məna açımı isə mübahisəlidir. Alim Yaqut-əl Həməvi və Həmdullah Qəzvininin gəldikləri qənaəti diqqətə çatdırır ki, bu coğrafi ad əvvəlcə “Mukan” şəklində olub və əhali “Muğan” kimi tələffüz edib. Adil Bağırov daha bir neçə tədqiqatçı-alimin fikirlərinə öz münasibətini bildirir. B.Budaqov və Q.Qeydullayevin fikirlərini əsas gətirərək yazır ki, bu ad Muğan çölündə yaşamış müxtəlif qədim türk tayfalarının ümumi adıdır. V əsrdə Muğanda böyük türk tayfa birliyi vardı. Ehtimal ki, bu tayfanın əsasını həmin türk tayfaları təşkil etmişdir. Adil Bağırov bu qənaətə gəlir ki, bu gün respublikamızda Muğan, Muğanlı, Muğancıq kimi kənd, yer-yurd adları “mağ” tayfa adı ilə bağlı yaranıb, o cümlədən Şərur rayonundakı Muğanlı, Muğancıq Mehrab, Muğancıq Müslüm və Maxta adları da bu tayfa adını özündə saxlayıb. Muğan adında yaşayış məntəqələrinin Özbəkistan, Tacikistan, Gürcüstan, Qərbi Azərbaycan və Türkiyədə də mövcudluğu bu fikri yürütməyə imkan verir.
2019-cu ilin muxtar respublikada elan olunmuş “Ailə təsərrüfatları ili”nə Muğanlı sakinlərinin münasibətini də öyrənirəm. İcra nümayəndəsinin sözlərinə görə, kənddə müxtəlif təsərrüfat sahələri inkişaf etdirilir. Muğanlıda ailə təsərrüfatçıları çoxdur. Onlardan biri Bəhram Mirzəyevdir. O, mexanizatordur. Bütün kənd təsərrüfatı texnikaları var. Bu texnikalarla həmkəndlilərinə kömək etməklə yanaşı, əkinçilik və bağçılıqla da məşğuldur. Cari ildə 30 hektar sahədə qarğıdalı, 10 hektarda yonca əkib, meyvəçiliyi inkişaf etdirmək üçün 0,5 hektar sahədə bağ salıb. 5 hektar əkin sahəsindən 34 sentner məhsuldarlıqla taxıl tədarük edib. Qazanılan uğurların təməlində dövlət qayğısının dayandığını deyir və minnətdarlığını bildirir.
Muğanlıdan ayrılarkən son illər muxtar respublikada şəhər və kənd arasında olan fərqlərin aradan qaldırılması istiqamətində görülən işləri göz önünə gətirdim. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sözlərini xatırladım: “Naxçıvan Muxtar Respublikası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan sabitlik və quruculuq yolundadır. Azərbaycan və ona bağlı Naxçıvan Muxtar Respublikası ona görə inkişaf edir ki, ümummilli liderimizin yolu ilə gedir”.
Muxtar MƏMMƏDOV