Aqrar sahənin dinamik inkişaf etdiyi Babək rayonunda müxtəlif profilli ailə təsərrüfatları mövcuddur. Cari ilin “Ailə təsərrüfatları ili” elan olunması isə bölgədə yeni belə təsərrüfatların yaradılmasına, mövcud olanların isə fəaliyyətlərini genişləndirmələrinə imkan verir. Nehrəm kəndindən olan Elşən Əliyev də nümunəvi ailə təsərrüfatçılarından biri kimi tanınır. O, bu işə başladığı ilk illərdə qarpız əkinini həyata keçirib. Cari təsərrüfat ilində isə 3 hektarlıq qarpız əkini sahəsindən 45 tona yaxın məhsul tədarük edib. Bu rəqəm Elşən Əliyevin təsərrüfatçılıq təcrübəsində hələlik rekord həddir.
Zeynəddin çiyələyi, Aşağı Buzqov və Gərməçataq balı və cəvizi, Sirab kəndi mineral süfrə suyu ilə tanındığı kimi, Nehrəm də özünün bostan məhsulları, xüsusilə qarpızı ilə məşhurdur. Qarpız Nehrəmin brendinə çevrilib, – desək, yəqin ki, yanılmarıq. Doğrudur, son illər Babək rayonunun Hacıvar, Şəkərabad, Babək qəsəbə və Şıxmahmud kəndlərində də qarpız əkini aparılır. Amma etiraf etmək lazımdır ki, bostan məhsullarının əkini sahəsində ən böyük təcrübə nehrəmlilərə məxsusdur. Buna görə də onlar iyun ayından etibarən sentyabrın sonuna kimi Naxçıvan-Culfa magistral yolunun kənarında – torpaq mülkiyyətçiləri üçün ayrılmış yerdə bostan məhsullarının satışını həyata keçirirlər. Hətta onların arasında elə təsərrüfatçılar var ki, mövsümdə 50-60 ton məhsul istehsal edə bilirlər. Elə yazımızın qəhrəmanı Elşən Əliyev kimi. İlin-günün bu vaxtında Elşən kimi torpaq mülkiyyətçilərini bir yerdə tapmaq mümkünsüzdür. Ona görə ki, təsərrüfat ilinin sonlarına yaxınlaşırıq və iş-güc, belə desək, başdan aşır. Əvvəla, payız ayları qarpız turşusunun və mürəbbəsinin hazırlanması üçün ideal vaxtdır. Digər bir tərəfdən, bostanda məhsulun “əl-ayağı” yığışır və artıq Elşən də qalan qovun-qarpızı toplayıb muxtar respublikanın başqa rayonlarında da satışa çıxarır.
Gənc ailə təsərrüfatçısı deyir ki, erkən yazda sahələrə çıxır, daha çox məhsuldar ərazi kimi tanınan Pircüvar düzündə qovun-qarpızın əkininə başlayırıq. Bir məsələni mütləq nəzərə almaq lazımdır ki, qarpızı hara gəldi, əkmək olmaz. Mütəxəssislərlə də məsləhətləşib fikirlərini öyrənmişik ki, qarpızı vaxtilə taxıl əkilən yerə əkmək daha münasibdir. Yaz aylarında toxum torpağa düşən kimi üzərinə polietilen örtük çəkirik və qarpız yetişənə qədər 2-3 dəfə suvarırıq. Əkin sahələrimiz Heydər Əliyev Su Anbarının sol sahil kanalı ilə qidalandığı üçün suvarmada heç bir çətinliyimiz yoxdur. Bu il havalar əlverişli keçdiyindən anbarda kifayət qədər su ehtiyatı yaradılıb.
Sahibkar deyir ki, məhsulun yığılması və satışa çıxarılması zamanı təsərrüfatda bir neçə nəfər işlə təmin edilir. Bu il də təsərrüfat üçün uğurlu olub: – Mən özüm 3 hektara yaxın bostan məhsulu əkmişdim və orta hesabla 45 tona yaxın məhsul yığa bildim. Ümumiyyətlə, hər il bu sahəyə olan maraq artır. Hətta deyərdim ki, Nehrəmdə heç vaxt builki qədər bostan məhsulları əkilməmişdi. Buna görə də qarpızın kiloqramı iyul ayından sonra 10-15 qəpiyə düşdü.
“Yüksək məhsuldarlığa nail olmağınızın səbəbini nədə görürsünüz?” – sualına o, belə cavab verir: “Əvvəla, bir qarış torpağımızı belə, boş qoymamışıq. Nehrəm kəndinin torpaqları qumsal olduğuna görə bostan məhsullarının əkini üçün çox əlverişli və münbitdir. Məhsul yetişənə kimi bütün aqrotexniki qaydalara əməl etmişik. Necə deyərlər, pərvanə kimi torpağın başına dolanmışıq. Zamanında suvarmışıq, ziyanvericilərə qarşı dərmanlamışıq. Bu işdə təsərrüfatçılıq təcrübəsi də öz sözünü deyir. Gözümüzü açıb görmüşük ki, kənddə ata-babalarımız bostan məhsullarını xüsusi qaydalarla əkib-becərirlər. Bu ənənə indi də yaşadılır. Yaz aylarından etibarən ailələrdə əli iş tuta bilən hər kəs sahələrə axışır. Bostanda hərənin öz işi var. Bu vasitə ilə oğul-uşağa da zəhmət çəkməyin, torpaqdan ikiəlli yapışmağın, torpağın kəndli üçün ən yaxşı iş yeri olduğunun vacibliyini aşılaya bilmişik. Bu, həyatın bütün sahələrində belədir. Zəhmət çəkmədən uğur əldə etmək olmaz. Əgər bu gün hər hansı bir təsərrüfat sahibi qarpızdan bir mövsümdə orta hesabla 6-7 min manat gəlir götürürsə, bu işin qayəsini zəhmət təşkil edir. Gecəsini gündüzünə qatan, torpağın qədir-qiymətini bilən hər kəs ondan yaxşı gəlir əldə edə bilər. Bunun hər il şahidi oluram. Nehrəmdə elə torpaq mülkiyyətçiləri var ki, qarpızdan əldə etdiyi gəlir hesabına yeni avtomobil alıb, yurd salıb. Yaxşı yaşayış, gün-güzəran qıfıldırsa, zəhmət onun açarıdır”.
Müsahibim deyir ki, “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin aşağı faiz dərəcəsi ilə ailə təsərrüfatçılarına verdiyi kreditlərdən yararlanmaq fikrindəyəm. Aldığım kredit hesabına təsərrüfatda qarpız turşusunun və mürəbbəsinin qablaşdırılmasını həyata keçirəcəyik və payız aylarında Naxçıvanda təşkil olunan ənənəvi “Ailə təsərrüfatları məhsulları” festivalına çıxaracağam. Düşünürəm ki, məhsulun qablaşdırılması həm də onun istehlakçıya daha yaxşı təqdim olunması deməkdir.
Bu gün Nehrəm kimi böyük kənddə Elşənlə yanaşı, onlarla torpaq mülkiyyətçisi vardır. Kimi taxıl, kimi bostan məhsulları əkir-becərir, kimi də heyvandarlığı inkişaf etdirir. Bir sözlə, yaradılan şəraitin nəticəsidir ki, indi bu böyük yaşayış məntəqəsində neçə-neçə ailə təsərrüfatı, sahibkarlıq subyektləri mövcuddur.
Muxtar RZAZADƏ
“Şərqin səhəri ” qəzetinin redaktoru