Pərakəndəçilik sektorunu əbəs yerə biznesin aynası adlandırmırlar. Çünki bu sektor istehsalçı ilə istehlakçını görüşdürən, tələb və ehtiyacları tənzimləyən, keyfiyyətli məhsulu tanıdan, brendə çevirən, keyfiyyətsiz məhsulu isə bazardan çıxaran böyük bir sektordur.
Bu gün dünyada istehsal olunan məhsulların keyfiyyətindən tutmuş rəqabət bazarının formalaşmasınadək, reklam bazarının inkişafından yerli məhsulların brendləşməsinə qədər müxtəlif prosesləri pərakəndəçilik sektoru tənzimləyir və nəzarətdə saxlayır. Digər tərəfdən, pərakəndəçilik sektoru həm də istehsalçılara birbaşa məhsulu necə istehsal etməyi diktə edən bir sahədir. Məhz bu sahənin ortaya qoyduğu nəticələrlə sahibkarlar bazarın tələbini anlayır, hansı məhsulu nə zaman və necə satışa təqdim etməyi planlaşdırırlar. Bir sözlə, həyatımızda baş verən yenilikləri, ilk olaraq bizə bu sektor çatdırır. Buna görə də pərakəndəçilik bütün dünyada bazar iqtisadiyyatının özəyi olaraq qəbul edilir.
Hazırda pərakəndəçilik sektoru ölkəmizdə, eləcə də muxtar respublikamızda özünün yeni inkişaf dövrünü yaşayır. Bir zamanlar məhdud növ və çeşiddə alıcılarını təmin etməyə çalışan ticarət obyektləri bu gün artıq vizual görüntüsü xoş təsir bağışlayan, komfortlu, işıqlı, seçim imkanları daha çox olan mağaza və alış-veriş mərkəzləri ilə qarşımıza çıxır. Əvvəllər aldığımız məhsulların böyük bir həcmini idxal məhsullar təşkil edirdisə, bu gün artıq ticarət şəbəkələrində satılan məhsulların böyük bir qismi yerli müəssisələrin istehsalıdır. Əgər əvvəllər alıcılar daha çox idxal məhsulların keyfiyyətinə inanır və alırdılarsa, bu gün istehlakçılar yerli məhsullara daha çox üstünlük verirlər. Bir zamanlar istehlakçılar aldıqları məhsulların keyfiyyəti ilə bağlı problemlərlə qarşılaşanda çıxılmaz vəziyyətdə qalırdılarsa, bu gün artıq hər bir yerli istehsalçı öz məhsuluna qəti şəkildə cavabdehlik daşıyır və alıcılar qarşılaşdıqları problemlərlə bağlı öz fikirlərini lazımi ünvanlara çatdıra bilirlər. Eyni zamanda onlar bu hüquqlarından istifadə edərək istehlakçı mənafelərini qoruya bilirlər.
Ümumilikdə götürsək, son 20 ildə muxtar respublikamızda pərakəndəçilik sektoru həm böyük bir inkişaf yolu keçib, həm də mühüm yeniliklər gətirib. Məsələn, əvvəllər mağaza və yaxud hər hansı bir xidmət sahəsi üçün obyekt açmaq istəyən sahibkar mütləq şəkildə şəhərin mərkəzi hissələrində bunu etməyə çalışırdı. İndi isə şəhərətrafı ərazilərdə kifayət qədər aktiv fəaliyyət göstərən, böyük istehlakçı kütləsi qazanan ticarət obyektlərinin fəaliyyət göstərdiyinin şahidi oluruq. Bu fakt onu göstərir ki, keyfiyyətli məhsul və yaxşı xidmət olan yerdə istehlakçı da daim var olacaq. Digər tərəfdən, rəqabət olan yerdə keyfiyyət də ön plana çıxır, pərakəndəçilik mədəniyyəti də. Çünki bazar iqtisadiyyatında hər bir sahibkar daha yaxşısını etməyə məcburdur. Bunun əksi, sadəcə, bazardan getməkdir. Sevindirici haldır ki, pərakəndəçilik sektorunda olan istehsalçı-pərakəndəçilərimiz bu aydın həqiqəti indi daha yaxşı anlayırlar.
Bu gün muxtar respublikamızda pərakəndəçilik sektorunun ən böyük dəstəkçisi dövlətdir. Sahibkarlığın inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, bankların iqtisadi sahələrə ayırdığı güzəştli kreditlər, ailə təsərrüfatı institutlarının formalaşdırılması istiqamətində görülən işlər, yerli xammala əsaslanan məhsulların istehsalının təşviqi və digər bu kimi addımlar yerli pərakəndəçiliyin inkişafında ən böyük amillərdir. Təsadüfi deyil ki, bu gün naxçıvanlı istehlakçı Naxçıvanın ət məhsullarını, sementini, duzunu, pendirini, balını, şirniyyatını və adını sadalamadığımız yüzlərlə digər məhsulları başqa ölkələrin eyniadlı məhsulları ilə əvəz etmir. Bu, Naxçıvanda pərakəndəçilik sektorunun indiyədək əldə etdiyi ən böyük uğurdur. Bu uğurun əsası isə muxtar respublikada hər il sayı dinamik şəkildə artan yerli istehsal müəssisələridir, kiçik sahibkarlığın inkişafıdır. Eyni zamanda sahibkarlığa gedən yolun başlanğıcı kimi ailə təsərrüfatlarının inkişaf etdirilməsidir. Son illərdə bu istiqamətdə böyük işlər görülüb, 2019-cu il muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunub. Ümid edirik ki, yaradılmış şərait yaxın gələcəkdə qeyri-ərzaq məhsulları istehsal edən ailə təsərrüfatlarının da yaranmasına stimul verəcək.
Uzun illərin dünya təcrübəsi sübut edir ki, istənilən ölkədə pərakəndə ticarətin genişləndirilməsi kiçik və orta sahibkarlığın inkişafı ilə birbaşa bağlıdır. Dünyanın ən iqtisadi qüdrətə malik ölkələrindən biri olan Almaniyanın inkişaf templəri bü gün Avropa İttifaqı ölkələri ilə müqayisədə (27 ölkə) iki dəfədən çoxdur. 10 il bundan əvvəl – 2009-cu ildə bütün Avropanı bürüyən böhrandan yalnız alman iqtisadiyyatı 3 faiz artımla çıxdı. Maraqlısı budur ki, məhz böhrandan sonra bu ölkə öz iqtisadi gücünü daha da artırmağa başladı. Dünyanın aparıcı biznes strukturlarının alman iqtisadi gücünün sirləri üzərində baş sındırdıqları araşdırmaların da nəticəsi bu oldu ki, bu iqtisadi əfsanənin sirri ölkədə kiçik və orta sahibkarlığın inkişafındadır. Çünki bu ölkədə 3 milyondan çox kiçik və orta sahibkarlıq subyekti var. Almanların 70 faizi məhz bu şirkətlərdə çalışırlar. Hansı ki həmin şirkətlərin 97 faizi 9-10 nəfərdən ibarət sahibkarlıq subyektləridir. Ümumi daxili məhsulda isə bu şirkətlərin payı 50 faizə yaxınlaşıb və bu göstərici Avropa ölkələri arasında ən üstün göstəricidir. Muxtar respublikamızda mövcud olan imkanlardan da geniş istifadə etməklə pərakəndəçilik sektorunu daha da inkişaf etdirə bilər, bununla da iqtisadiyyatımıza töhfə vermiş olarıq.
Səbuhi HƏSƏNOV