Ordubad şəhərinin mərkəzində zirzəmi ilə birlikdə 8 mərtəbəli yaşayış binası inşa olunur. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsi tərəfindən ucaldılan bina 28 mənzildən ibarət olacaq.
Bu ilin yazından tikintisinə başlanılan obyektdə dəmir-beton işləri, fasad divarlarının hörülməsi və çardağın vurulması başa çatdırılıb. Hazırda binanın daxili divarları və arakəsmələri hörülür.
Yaşayış binası istifadəyə verildikdən sonra tikilinin zirzəmisində xidmət sahələri də yaradılacaq, bərbərxana, gözəllik salonu, dərzi, ərzaq və sənaye malları mağazaları fəaliyyət göstərəcək.
Obyektin ətrafında isə abadlıq işləri aparılmaqla işıqlandırma və suvarma sistemləri qurulacaq, gülkarlıqlar salınacaq.
Abbas SEYİD