Muxtar respublikada daşınmaz əmlakın qeydiyyatı və torpaqların elektron uçotunun aparılması avqust ayında da Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən diqqətdə saxlanılmışdır.
Ötən ay 20 ailə təsərrüfatına məxsus fərdi yaşayış evi, qeyri-yaşayış obyekti, həyətyanı təsərrüfat binaları və təsərrüfat fəaliyyəti ilə əlaqədar icarəyə götürülmüş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınmışdır. Şərur, Şahbuz, Kəngərli və Sədərək rayonlarında ailə təsərrüfatçıları ilə görüşlər keçirilmiş, maarifləndirmə işi aparılmışdır.
Şahbuz rayonunda 1083 daşınmaz əmlak obyekti plana alınmışdır. Şahbuz rayonunun Badamlı, Türkeş və Şada bələdiyyələrinin sərhəd xəritələrinə dair müvafiq yerquruluşu sənədləri elektron variantda hazırlanmışdır. Babək rayonunun Zeynəddin kəndində torpaqlardan səmərəli istifadə və onların mühafizəsinə dair monitorinqlər və aşkar olunmuş torpaqlardan qanunsuz istifadə faktlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilmişdir.
Avqust ayında 480 daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınmış, 372 texniki sənəd hazırlanmış, yeni yaranmış 63 daşınmaz əmlak obyektinə ünvan verilmişdir. Naxçıvan şəhəri üzrə 4 küçədə ünvan lövhələri və giriş nömrə nişanlarının quraşdırılması məqsədilə aparılan dəqiqləşdirmə işləri başa çatdırılmışdır. 67 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınmışdır. Komitənin səyyar xidmət qrupu tərəfindən muxtar respublika üzrə 8 yaşayış məntəqəsində 60 vətəndaşın müraciətinə baxılmışdır.
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq
Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti