İnsanlar hələ lap qədimdən Tanrının təbiətə bəxşişi, ən işgüzar canlı kimi bildiyimiz arıların məhsulu olan balı qida kimi sevib, arıçılıqla məşğul olub və onların sirli-möcüzəvi aləmini maraq və diqqətlə izləyiblər. Hətta arıların həyatından bəhs edən kitablar da yazılıb.
İslam dünyasının müqəddəs kitabı olan “Qurani-Kərim”in 16-cı – “Ən-Nəhl” (Bal arısı) surəsinin 68-69-cu ayələrində belə buyurulur: “Rəbbin bal arısına belə vəhy (təlqin) etdi: “Dağlarda, ağaclarda və (insanların) qurduqları çardaqlarda (evlərin damında, üzümlüklərdə) özünə evlər tik (pətəklər sal). Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat (asanlıqla) get! (Və ya: “Rəbbinin yollarını itaətlə tut”), (O arıların) qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli (ağ, sarı, qırmızı) bal çıxar. Şübhəsiz ki, bunda da düşünüb dərk edənlər üçün bir ibrət vardır!” Həqiqətən də, bal arısının istehsal etdiyi məhsul Rəbbimiz tərəfindən insanlar üçün şəfa mənbəyi olaraq yaradılıb.
Qədim zamanlarda qida axtaran insanlar nektarı özləri və yuvada yumurtadan çıxan sürfələr üçün qışa azuqə kimi yığan bal arılarını ilk dəfə gördüklərində dadından heç vaxt imtina edilməyəcək balla tanış oldular. Beləliklə, zaman keçdikcə insanlar bal arısını saxlamağı öyrəndilər və beləcə, arıçılıq yarandı. Tarixi qaynaqlardan məlum olur ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi Naxçıvanda arıçılıq vəhşi arı balı toplamaq, meşə arıçılığı və mütərəqqi arıçılıq kimi inkişafın bütün mərhələlərini keçib. Şahbuz rayonundakı Ballıqaya, Ordubad rayonundakı Arıtəpə və digər ərazilər bu yerlərin qədim arıçılıq məskənləri kimi məşhurlaşdığının göstəricisidir.
Balından, mumundan, hətta zəhərindən həm dərman, həm də şirniyyat kimi istifadə etdiyimiz min bir dərdin dərmanı olan balı hasilə gətirən arılar təbiətin ən zəhmətkeş həşəratlarıdır. Arı körpə uşaq kimidir. Daim qayğı və baxım tələb edir. Belə ki, erkən yazda qışlamadan çıxan arı ailələrinin yeri mütəmadi olaraq dəyişdirilməlidir. Arandakı sahibkarlar arılarını muxtar respublikanın, əsasən, ucqar dağ kəndlərinə köçürürlər. Aranda ən yaxşı vaxt ağacların çiçəkləmə dövrünə düşür. Arılar həm ağacların çiçəklərini tozlayır, bol məhsul üçün şərait yaradır, həm də kifayət qədər şirə toplayırlar. Onların vasitəsi ilə tozlanan ağaclarda məhsuldarlıq 20-40 faiz artır.
Sədərək rayonunun Sədərək kənd sakini uzun illərdir, arıçılıqla məşğul olan İlham Abdullayev deyir ki, müstəqillik qazandıqdan sonra muxtar respublikamızda arıçılığın inkişafına diqqət xeyli artıb. Torpaq kəndlinin özünə verildikdən sonra əkin ərazilərinin xeyli genişləndirilməsi bu sahənin inkişafına müsbət təsir göstərib. Arıların ən çox bal topladığı yonca, taxıl əkinləri artırılıb. Örüş və qoruq sahələrinin çoxalması da arıçılığın inkişafında böyük rol oynayır. Elm sübut edir ki, bir hektar yonca sahəsindən arılar 70-80 kiloqram şirə toplaya bilir.
Şərur rayon Günnüt kənd sakini Fikrət Məmmədovun sözlərinə görə, arı halallığı və təmizliyi sevən canlıdır. Deyir ki, arıçılıqla məşğul olmaq həm də insanı cavan saxlayır. Elə gün olur ki, səhərdən axşamadək arılarla işləyirəm, amma yorulmuram. Mənə görə, ən dadlı bal Naxçıvan balıdır. Azərbaycanın başqa bölgələrində olmuşam. Naxçıvan balının dadını heç yerdə görməmişəm. Bu isə Naxçıvanın əlverişli iqlim şəraiti və təbiəti ilə bağlıdır. Bunun digər bir səbəbi də odur ki, əgər başqa yerlərdə balı mövsüm ərzində bir neçə dəfə süzürlərsə, Naxçıvanda bal süzümü yalnız ildə bir dəfə olur. Az, amma keyfiyyətli. Buna görə də burada istehsal edilən bal tərkibinin zənginliyinə, qidalılığına, müalicəvi əhəmiyyətinə görə digər bölgələrin məhsullarından daha keyfiyyətlidir.
Ordubad rayon Ələhi kənd sakini Yaşar Həbibov uzun illərdir ki, arıçılıqla məşğuldur. Onun sözlərinə görə, balı götürərkən qışlama dövrü üçün keyfiyyətli yem ehtiyatını saxlamaq lazımdır. Qış-yaz dövrü üçün ballı və ballı-güləmli şanların hazırlanmasına əsas gəlir dövrünün birinci yarısından başlanmalıdır. Çünki həmin vaxt arılar yüksəkkeyfiyyətli bal toplayırlar. Qışlama dövrü üçün ehtiyat yemin kifayət qədər olması böyük əhəmiyyətə malikdir. Payız-qış dövrü üçün hər arı ailəsinə tələb olunan yemin çoxu yuvada, bir hissəsi isə anbarda saxlanmalı və ehtiyac olduqda arılara verilməlidir. Hər çərçivəarası arı üçün 2-2,5 kiloqram bal saxlanmalıdır. Başqa canlılardan fərqli olaraq bal arıları qış üçün ehtiyat yem toplayır. Arılar qışa hazırlıq məqsədilə yuvaya vərəmum gətirib, pətəyin açıq hissələrini bağlayır və uçuş bacasını kiçildirlər. Onlar vərəmum vasitəsilə yuvaüstü taxtanın aralıqlarını bağlayır və çərçivələri pətəyə yapışdırırlar. Arı ailəsi nektar topladığı bütün dövrlərdə qışa hazırlıq məqsədilə yuvanın kənar şanlarında qış üçün ehtiyat yem toplayır. Uçuş bacasının qarşısında yerləşən çərçivələrdə arılar qış topası əmələ gətirir və tədricən yemi yeməklə çərçivənin yuxarı hissəsinə doğru hərəkət edirlər. Şanın həmin hissələrində arı topasının yaratdığı istiliyin təsirindən şanlar və bal yumşaq olur. Belə vəziyyətdə arılar bal gözcüyünün qapağını asanlıqla açırlar. Möhürü açılmış bal yuvanın daxilində olan su buxarını çəkir və istifadə üçün yararlı bir şəkil alır. Nektar gəliri dövrü qurtardıqdan sonra arılar erkək arıları ailədən qovurlar. Yuvadan onların qovulması instinkt əlaməti olmaqla, toplanmış yemə qənaət məqsədi güdür.
Culfa rayonunun Ləkətağ kənd sakini Əliqulu Hacıyevin söhbəti: – Arıçılıq ata-baba sənətidir. Mən özüm 30 ildən artıqdır ki, bu təsərrüfat növü ilə məşğulam. Bir müddət bu sahəyə olan etinasızlıq, dərman preparatlarının çatışmazlığı ucbatından arı ailələri kütləvi şəkildə tələf olsa da, böyük zəhmət hesabına öz təsərrüfatımı dirçəldə bildim. Əvvəllər kəndimizdə insanlar bu təsərrüfat növü ilə özlərinin bala olan ehtiyaclarını təmin etmək məqsədi üçün məşğul olurdular. Ona görə də hər həyətdə, demək olar ki, 5-dən artıq arı pətəyi saxlanmırdı. Ancaq bu gün dövlətimiz tərəfindən bu təsərrüfat sahəsinə göstərilən diqqət və qayğı sayəsində insanlar arıçılıqla təkcə öz azuqələri üçün deyil, həm də dolanışıq üçün məşğul olurlar.
Müsahibim deyir ki, arıçılıqda ən əsas məsələ xəstəliklərə qarşı dərman preparatlarının olmasıdır. Əgər vaxtında dərmanlama prosesi aparılmazsa, arı ailələri xəstələnər və nəticədə, tələf olarlar. Əvvəllər dərman preparatlarını almaq üçün qonşu ölkələrə getmək məcburiyyətində qalırdıq. Bəzən dərmanları əldə edə bilmirdik. Lakin bu gün muxtar respublikamızda biz arıçılar üçün yaradılan şərait keyfiyyətli məhsul istehsalı ilə yanaşı, arı ailələrinin sayının artmasına da səbəb olub. Təkcə mən son illərdə arı ailələrimi ikiqat artırmağa nail olmuşam. Kredit götürərək arı ailələrini daha da artırmağı planlaşdırıram.
Əliqulu Hacıyev söyləyir ki, arıçılıq zəhmət tələb edən sahədir. Qışlamadan çıxan arıların yazda ilk olaraq pətəklərinə nəzarət olunmalıdır. Hər arı ailəsində bir ana arı olduğu üçün qışdan sonra ola bilər ki, ana arı tələf olsun. Yoxlanışdan sonra mart ayına yuvalar şan və yem ilə təmin edilməlidir. Əgər kifayət qədər yemlə təmin olunmazsa, arılar kütləvi surətdə yemlənməyə çıxar və tələf ola bilərlər. Novruz bayramı ərəfəsinə qədər – yuvanın və pətəklərin təmizliyi və dezinfeksiyası yekunlaşdıqdan sonra arı yeşiklərini aran bölgələrinə aparırıq.
Əvvəlcə arılar aranda olan çiçəklərdən şirə çəkir. Sonra arıları dağətəyi ərazilərə qaytarırıq. May ayının sonunda isə arı ailələrini dağlıq ərazilərə köçürürük. Bu da arıçılar arasında “üçüncü yaz mövsümü” adlanır. Hər bir arıçı bilir ki, yaxşı məhsul əldə etmək üçün hava şəraiti əsas şərtlərdən biridir.
Əliqulu Hacıyev təsərrüfatçılara göstərilən qayğıya görə minnətdarlıq edərək bildirdi ki, bu gün muxtar respublikada arıçılığın inkişafı, eləcə də bu sahədə məhsuldarlığın yüksəldilməsi üçün davamlı tədbirlər görülür. Nəticədə, arıçılara balsüzən dəzgahların, arı pətəklərinin və digər avadanlıqların lizinq yolu ilə verilməsi, arı ailələrinin və arıçılıq məhsullarının çeşidinin artırılması, arıçılıqda xəstəliklərə qarşı mübarizə tədbirlərinin dövlət vəsaiti hesabına pulsuz aparılması keyfiyyətli məhsul istehsalına və bazarın yerli istehsal hesabına təmin olunmasına şərait yaradıb.
Qeyd edək ki, arı ailələrinin artırılması, eləcə də bu sahədə mütəxəssislərin hazırlanması baxımından “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” mühüm rol oynayır. Ölkə Prezidentinin 2018-ci il 5 mart tarixli Sərəncamına əsasən arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 2018-ci il də daxil olmaqla, 5 (beş) il müddətində ildə 10 (on) manat məbləğində subsidiya müəyyən edilməsi, arıçılıqla məşğul olan sahibkarlara yaradılan şərait, onlara arı almaq üçün verilən kreditlər bu sahənin inkişafına müsbət təsirini göstərib.
Bu gün muxtar respublikada arıçılıqla məşğul olan insanlar yenidən bir araya toplaşıblar. Onlar Naxçıvan şəhərindəki Naxçıvanqalada keçirilən növbəti festivala öz məhsullarını gətiriblər. Muxtar respublika sakinlərinin, diyarımıza gələn qonaqların da iştirak etdikləri festival iki gün davam edəcək, sonda ən keyfiyyətli məhsul sahibləri mükafatlandırılacaq.
Ramiyyə ƏKBƏROVA
Pərviz HACILI