Babək rayonu aqrar sahənin dinamik inkişaf etdiyi bölgələrdən biri kimi tanınır. Görülən kompleks tədbirlər nəticəsində gələn ilin bol məhsulunun əsasını qoymaq üçün şum qaldırılması, toxum səpini və əkilmiş sahələrin suvarılması istiqamətində həyata keçirilən işlər davam etdirilir.
Yaradılan şəraitin nəticəsi kimi 2019-cu il üçün Naxçıvan Muxtar Respublikası üzrə ən çox taxıl əkini Babək rayonunda aparılıb.
Ötən dövr ərzində Babək rayonunda taxılçılıq üstün istiqamət kimi saxlanılıb və 2019-cu ilin məhsulu üçün 10 min 610 hektar sahədə taxıl əkilib ki, bunun da 10 min 221 hektarı payızlıq, 389 hektarı isə yazlıq taxıldır. Taxıl zəmilərinin 7884 hektarında buğda, 2726 hektarında isə arpa əkilib. 2018-ci ilə nisbətən taxıl əkini sahəsində 84 hektar artım müşahidə olunub. Əvvəlcədən həyata keçirilən tədbirlər taxıl tədarükünü optimal müddətdə başa çatdırmağa və məhsulu itkisiz toplamağa imkan verib və sahələrdən 33 min 707 ton taxıl yığılıb.
Bundan ruhlanan taxılçılar 2020-ci ilin bol məhsulunun əsasını qoymaq üçün sahələrə çıxıblar. Şum qaldırmada iştirak edəcək maşın və mexanizmlərin ahəngdar işləməsini təmin etmək məqsədilə ehtiyat hissələr alınaraq saz vəziyyətə gətirilib.
Babək Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, bu günə qədər rayonda 6417 hektar səhədə şum qaldırılıb. Qeyd edək ki, şum qaldırılması ilə yanaşı, taxıl əkini də sürətlə davam etdirilir. 2154 hektar sahədə əkin aparılıb ki, bunun 1208 hektarını buğda, 946 hektarını arpa təşkil edir. Torpaq mülkiyyətçiləri taxıl sahələrini bir qədər də genişləndirərək əvvəlki ildən artıq əkin sahələri becərmək əzmindədirlər.
Pərviz HACILI