22 Dekabr 2024, Bazar

Ötən günlərdə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən ənənəvi “Arıçılıq məhsulları – bal festivalı”nda iştirak edirdim. Bölgələrimizdə fəaliyyət göstərən ailə təsərrüfatçılarının festivala çıxardıqları tonlarla, çeşid-çeşid, keyfiyyətli bal və digər arıçılıq məhsullarının sorağına muxtar respublika sakinləri ilə yanaşı, yerli və xarici qonaqlar da gəlmişdilər. Həmsöhbət olduğum turistlər diyarımızın müasir inkişafı, təmiz havası, turizm imkanları və keyfiyyətli məhsullarından razılıqla danışırdılar. Bunun nəticəsidir ki, bal istehsalçılarının istifadə etdikləri məhsullar bir zamanlar alıcısını gözləyirdisə, indi bu məhsulların satışa çıxarılması üçün geniş imkanlar mövcuddur. Hətta Naxçıvan balının sorağına xarici ölkələrdən də gəlirlər. Elə buna görə də festivala çıxarılan balın, demək olar ki, hamısı satılır. Türkiyəli turistlərdən biri ilə söhbət zamanı dedi ki, hər il bu festivalın keçiriləcəyi günü səbirsizliklə gözləyirəm. Bu festivalların əksəriyyətində olub illik bal tədarükümü artıq buradan əldə edirəm. 

Festival iştirakçılarından “Naxçıvan məhsulları” mağazalar şəbəkəsinin direktoru Əfqan İsmayılov isə qeyd etdi ki, bu brend ilə satılan məhsullara ölkəmizin digər bölgələrində də tələbat böyükdür. Onlar arasında Naxçıvan balına xüsusi maraq var. Təkcə bu il muxtar respublikanın arıçılıq təsərrüfatlarından 1,6 ton bal alaraq bu mağazalarda satışını təşkil etmişik. Builki festivalı fürsət bilib Naxçıvanın keyfiyyətli balını yenidən digər bölgələrdəki alıcılara təklif etdik. Bu məqsədlə, hələlik, 400 kiloqram bal alaraq mağazalar şəbəkəsinə göndərmişik...

“Arıçılıq məhsulları – bal festivalı”nda gördüklərimiz bizi bir daha Naxçıvanımızda istehsal olunan məhsulların ixracına, eləcə də bu yola qədər keçən tarixi dövrə bir daha nəzər salmağa vadar etdi. Bu gün nəinki bal, üzərində “Naxçıvan Muxtar Respublikası” yazılan yüzlərlə məhsul var ki, ölkəmizin digər bölgələrinə və dünyanın bir çox yerlərinə ixrac edilir. Bütün bunların şahidi olarkən diyarımızın qısa müddət ərzində keçdiyi sürətli inkişaf yoluna sevinməmək mümkün deyil. Bir zamanlar yalnız qonşu ölkələrdən gələn məhsullar hesabına yaşayan Naxçıvan bu gün regionun əsas ixracatçısına çevrilib.
Adətən, blokada vəziyyətində yaşayan məkan barədə danışanda gözlərimizin önündə çətin sosial-iqtisadi vəziyyət canlanır. Bəlkə də, Nuhun yurdu Naxçıvanda da ötən illər ərzində görülən işlər olmasaydı, burada da həmin acı reallıq hökm sürməkdə idi. Eynilə ötən əsrin 90-cı illərinin əvvəllərindəki kimi... Ancaq gələcəyə ümidimizi heç vaxt itirmədik və ulu öndərimiz Heydər Əliyevin ətrafında sıx birləşərək Ermənistanın işğalçılıq siyasəti nəticəsində ölkənin əsas hissəsindən təcrid olunmuş, blokada vəziyyətinə düşmüş Naxçıvanı qoruduq, yaşatdıq, inkişaf etdirdik. Bugünkü inkişafımızın təməli məhz o illərdə müdrik şəxsiyyətin qətiyyəti, cəsarəti və uzaqgörən siyasəti nəticəsində qoyuldu.

Böyük fransız maarifçisi Volter qeyd edib ki, “İş ideya üçün yaranmır, ideya iş üçün yaranır”. Bu illərdə Naxçıvan Muxtar Respublikasının keçdiyi hərtərəfli inkişaf yolu da məhz xalq və dövlət üçün formalaşan ideyanın real həyatda təzahürünə çevrildi. Elə buna görə də muxtariyyətinin 95-ci ilində Naxçıvan bütün dünyaya daha möhkəm əsaslarla inkişaf edən, tərəqqinin zirvəsinə yüksələn, zəngin resurslarını ixrac potensialına çevirən bir diyar kimi təqdim olunur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi altında ümummilli liderimizin uğurlu siyasi yoluna sadiqlik Naxçıvanın ötən dövr ərzində daim irəli getməsini təmin etdi. Bu yol muxtar respublika haqqında düşüncələrdə canlanan bütün mənfi stereotipləri məhv etdi. Muxtar diyarımızın ölkənin ən öndə gedən məkanlarından birinə çevrilməsi, blokada şəraitində belə, davamlı sosial-iqtisadi inkişafa nail olunma tendensiyasını gündəmə gətirib.
İcrası uğurla reallaşdırılan ardıcıl dövlət proqramları sayəsində Naxçıvan artıq enerji və keyfiyyətli məhsul ixracatçısı, beynəlxalq tədbirlərə ev sahibliyi edən və Şərqlə Qərbi bir-birinə qovuşduran mühüm coğrafi məkan kimi dünya turizminə öz töhfəsini verən inkişaf etmiş diyar kimi tanınır. Bu gün artıq Naxçıvan Muxtar Respublikası dedikdə davamlı və dayanıqlı inkişaf yolunda olan, ixrac imkanlarını hər il daha da artıran müasir bir diyar göz önünə gəlir. Naxçıvan artıq öz inkişafı ilə nüfuzlu beynəlxalq qurumların da diqqətini cəlb edir. Muxtar respublika artıq investorların diqqətini cəlb edən böyük iqtisadi potensiala çevrilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ilk sədri olduğu “Caspian ­European Club”un ölkədə həyata keçirilən iqtisadi islahatların və sosial siyasətin nəticələrini əks etdirən Azərbaycan Respublikası regionlarının illik investisiya reytinqinə görə Naxçıvan Muxtar Respublikası ötən 2 il ard-arda ən yüksək ümumi bal toplayaraq investisiya reytinqində lider olub.
Muxtar respublikada sahibkarlığa göstərilən diqqət və qayğının nəticəsi olaraq yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması, mövcud istehsal müəssisələrinin yenidən qurulması istiqamətində aparılan uğurlu islahatlar bu sahənin sürətli inkişafına zəmin yaradıb. 1995-ci ildən ötən dövr ərzində mövcud sənaye müəssisələrinin fəaliyyətinin bərpası və yenidən qurulması, yeni istehsal sahələrinin yaradılması nəticəsində muxtar respublikada sənaye müəssisələrinin sayı dəfələrlə artıb. Belə ki, əgər 1995-ci ildə muxtar respublikada fəaliyyət göstərən sənaye müəssisələrinin sayı 56 idisə, 20 il sonra bu göstərici 440-ı ötüb.

Əgər 1996-cı ildə muxtar respublikada 10 adda məhsul istehsal olunurdusa, bu gün 383 növdə məhsul istehsal olunur. Bunun da 126 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir. Bütün bunlar isə muxtar respublikada istər sənayenin, istərsə də kənd təsərrüfatının inkişafı, sahibkarlıq fəaliyyəti üçün yaradılan şərait nəticəsində mümkün olub. Bir faktı da qeyd etmək yerinə düşər ki, hazırda muxtar respublikada məşğul əhalinin 83 faizə yaxını özəl sektorda çalışır. Sənaye sahəsində məhsul istehsalının 94, tikintidə görülən işlərin və nəqliyyat xidmətinin 78, rabitə xidmətinin 82, kənd təsərrüfatı, ticarət və ictimai iaşə xidmətlərinin isə 100 faizi özəl bölmənin payına düşür ki, bu da çox yüksək göstəricilərdir.
Yaradılmış münbit şərait bu gün ticarət əlaqələrinin genişlənməsinə, yüksəkkeyfiyyətli, beynəlxalq standartlara cavab verən yerli istehsal məhsullarının dünya bazarlarına çıxarılmasına imkan verir. Məhz bunun nəticəsidir ki, muxtar respublikada rəqabətqabiliyyətli, yüksək alıcı rəğbəti qazanan məhsullar istehsal olunur.
Müasir dövrdə iqtisadi inkişafın mühüm göstəricilərindən biri xarici ticarət hesab edilir. Məhsul və xidmətlərin ixracı hesabına əhali rifahının təmin olunması günümüzdə iqtisadi siyasətin əsas hissələrindən birini təşkil edir. Nəticədə, yerli imkanlar hesabına istehsal olunan məhsullar və göstərilən xidmətlər yüksək alıcılıq qabiliyyətinə malik olur. Bütün bunlar isə diyarımıza valyuta gəlirlərini artırır. Bu baxımdan hazır­kı dövrdə muxtar respublikamızdan xaricə göndərilən ixracyönümlü mal və xidmətlər sosial-iqtisadi inkişafa mühüm töhfələr verir.
Nəzərə alaq ki, əvvəllər ilk mərhələdə keyfiyyətli məhsul istehsal etməklə əhalinin tələbatını ödəmək əsas şərt idisə, bu gün həmin məhsulların rəqabət qabiliyyətini artırmaqla ixracına nail olmaq qarşıda duran əsas vəzifələrdən biridir. Artıq məhsullarımız daxili bazarda öz yerini getdikcə möhkəmləndirir. Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Rusiya, İraq, Gürcüstan və digər ölkələrə muxtar respublikadan dəri, mebel, daş və beton məhsulları, sement, gips və gips lövhələr, mineral sular, vafli məmulatları və bir çox məhsul ixrac edilir. Təkcə cari ilin yanvar-iyun aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsi 219 milyon 259 min 400 ABŞ dolları təşkil edib. Xarici ticarət dövriyyəsinin 191 milyon 612 min 200 ABŞ dollarını ixrac, 27 milyon 647 min 200 ABŞ dollarını idxal təşkil edib və 163 milyon 965 min ABŞ dolları dəyərində müsbət saldo ­yaranıb.
Bəli, məhz sistemli tədbirlər nəticəsində Naxçıvanda istehsal olunan məhsulların ixrac imkanlarının artması ilə yanaşı, iqtisadi əlaqələr də genişlənib. Qarşılıqlı razılaşmaya əsasən muxtar respublikada istehsal edilən və ya belə potensiala malik bəzi sənaye və kənd təsərrüfatı məhsullarına Türkiyə Respublikasına sərbəst ticarət imkanının verilməsi ixrac potensialımızı daha da gücləndirib. Bu gün Naxçıvan məhsullarına xarici marağın artmasının nəticəsidir ki, qardaş Türkiyə Respublikasında Naxçıvan məhsullarının satışı mağazaları fəaliyyət göstərir.
Muxtar respublikada ixrac potensialının artırılmasında, investisiya imkanlarının genişləndirilməsində, potensial tərəfdaşların tapılmasında və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsində sahibkarlara dəstək verilir. İstər ölkəmizdə, istərsə də xaricdə keçirilən mühüm iqtisadi tədbirlərdə, o cümlədən biznes forumlar, sərgilər, seminar və konfranslarda naxçıvanlı sahibkarların iştirakı təmin edilir. Son illər keçirilmiş 200-dən çox yerli və beynəlxalq əhəmiyyətli tədbirdə muxtar respublikadan 1000-dən çox nümayəndə iştirak edib, 500-dən çox çeşiddə məhsul Rusiya, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, Türkiyə, Belarus, Avstriya, Polşa, İran və digər ölkələrdə nümayiş olunub.
Xarici ticarətin inkişafına stimul verən əsas amillərdən biri yerli xammalla yanaşı, bu xammalı keyfiyyətli məhsula çevirəcək sahibkar­lıq mühitinin formalaşmasıdır. Muxtar respublikada sahibkarlıq fəaliyyəti və ticarət üçün yaradılmış münbit şəraitin nəticəsi olaraq xarici ticarət əlaqələrinin coğrafiyası daha da genişlənib. Bu mənada, son illər tətbiq olunan ailə təsərrüfatları modelinin uğurlarından da bəhs etmək yerinə düşər.
Muxtar respublika iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil etdiyindən əməkqabiliyyətli əhalinin böyük bir hissəsi məhz aqrar sektora məxsus ərazilərdə, yəni kəndlərdə məskunlaşıb. Kəndlərdə ailə təsərrüfatlarının yaradılması nəticəsində iş üçün şəhərə üz tutanlar elə yaşadıqları yerdə öz məşğulluqlarını təmin edə bilirlər. Bu isə ailə təsərrüfatçılığının, başqa sözlə desək, mikrosahibkarlığın inkişafına, eləcə də daxili bazarın yerli məhsullarla təmin edilməsinə və ixracyönümlü məhsulların istehsalının həcminin artmasına stimul yaradır. Bunun nəticəsidir ki, hazırda muxtar respublikada 1000-dən çox kiçik və böyük ailə təsərrüfatı mövcuddur. 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunması bu fəaliyyət sahəsinə marağı daha da artırıb, yeni yaradılan ailə təsərrüfatları doğma diyarımızın iqtisadiyyatına öz töhfəsini verir.
Hər hansı bir müstəqil dövlətin iqtisadi gücü, hər şeydən əvvəl, onun enerji təhlükəsizliyindən asılıdır. Çünki enerji asılılığı olan yerdə nə sənayenin, nə də ki digər sahələrin inkişafından söz gedə bilməz. Dönüb geriyə, müstəqilliyimizin ilk illərinə baxsaq, sənaye, xüsusilə enerji asılılığı cəhətdən zəif bir mənzərənin şahidi olarıq. O illər muxtar respublikamızın enerji sarıdan günümüzdən fərqli olaraq tamamilə idxaldan asılı olduğu bir dövr idi. Enerjinin idxal olunduğu yerdə heç bir iqtisadi inkişafdan söz gedə bilməz. Ancaq günümüzdə daxili tələbatımızı ödəyib, enerjini ixrac edib və ondan da gəlir əldə edə biliriksə, heç şübhəsiz, bu, aparılan güclü iqtisadi siyasətin nəticəsidir.
Bu gün muxtar respublikanın əlverişli iqlim şəraiti və coğrafi mövqeyi ekoloji cəhətdən təmiz, alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə geniş imkanlar açır. Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə enerji təhlükəsizliyinin təmin olunmasında, energetika sektorunda davamlı inkişafı təmin edib, bu sahədə müasir infrastruktur yaradılıb. Hazırda muxtar respublikada Günəş və su elektrik stansiyalarında istehsal olunan elektrik enerjisi ümumi istehsalın 60-70 faizini təşkil edir. Bir sözlə, hidroenerji resurslarından və günəş enerjisindən səmərəli istifadə muxtar respublikada enerji təhlükəsizliyini təmin etməklə yanaşı, qonşu ölkələrlə enerji mübadiləsi aparmağa da imkan verir. Bu gün Naxçıvan artıq qaranlıqda çırpınan, qonşudan gələn enerjiyə göz dikən bir diyar deyil. Bu gün artıq Naxçıvan istehsal etdiyi enerjini xaricə çıxarmaq imkanlarına malik zəngin bir diyardır.

Ümumiyyətlə, Naxçıvanın dünənindən bu gününə baxdıqda əldə olunan uğurları bütün sahələr üzrə müqayisə etmək mümkündür. Buradan isə belə nəticəyə gəlmək olar ki, əzmkarlıq, xalq və vətən sevgisi qarşısı­alınmaz qüvvədir və bu qüvvə xəyalını belə, çətinliklə qurduğumuz bütün arzularımızı reallığa çevirib. Bir anlığa dönüb geriyə baxanda, müstəqillik illərimizin ilk dövrlərindən başlayaraq Naxçıvanın yaşadığı çətin, imtahan dolu günlərinin arxada qaldığını görəndə bir daha dərk edirik ki, bugünkü mənalı və rifah dolu həyatımızı dəyərləndirməliyik. Ümumilikdə isə həqiqət budur ki, Naxçıvan tarixin heç bir dövründə belə güclü və iqtisadi qüdrətə malik bir məkan olmayıb. Naxçıvan idxaldan ixraca gedən uzun bir yolu qısa zamanda addımlayan, gündən-günə çiçəklənən bir diyardır.

 Gülcamal TAHİROVA
Bu yazı “Muxtariyyətin quruculuq, inkişaf və sabitlik dövrü”
mövzusunda yaradıcılıq müsabiqəsinə təqdim etmək üçündür.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR