Sentyabrın 28-29-da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində növbəti “Arıçılıq məhsulları-bal” festivalı keçirilmişdir.
Muxtar respublikanın bölgələrindən 323 arıçının iştirak etdiyi festivala 13 min 774 kiloqram süzmə bal, 2873 kiloqram şan bal, 442 kiloqram mum, 183 kiloqram vərəmum, 48 kiloqram çiçək tozu, 45 kiloqram güləm, 1090 qram arı südü, 189 litr bal arağı, 55 litr bal şərbəti və digər məhsullar çıxarılmışdır.
Festivalda muxtar respublika arıçıları tərəfindən ümumi dəyəri 550 min manatdan artıq olan 18 min 314 kiloqram bal və digər arıçılıq məhsulları satılmışdır. O cümlədən “Naxçıvan Məhsulları” tərəfindən 297 arıçıdan 1480 kiloqram bal alınmışdır.
Sonda arıçılar arasında “Ən yaxşı arıçılıq məhsulları-bal” nominasiyası üzrə müsabiqə keçirilmiş, 4 arıçı birinci, 3 arıçı ikinci, 2 arıçı isə üçüncü yerlərin qalibi olmuşdur. Festivalda 81 sənətkarın, eləcə də məhkumların dulusçuluq, ağacişləmə, tikmə, toxuma, tətbiqi sənət sahələrində hazırladıqları 600-dən çox müxtəlif əl işlərinin sərgi-satışı da keçirilmişdir.
İki gün davam edən festivalda 10 min 466 nəfər iştirak etmişdir ki, onlardan da 200-ü turist olmuşdur.
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti