Sentyabrın 25-də “Ordubad rayonu, Azadkənddə su təchizatı sisteminin qurulması” layihəsinin icrasının başa çatması münasibətilə keçirilən tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov çıxış edib. Bildirib ki, son illərdə ölkə rəhbərinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində rayonda hərtərəfli inkişaf təmin edilib. Ordubad şəhəri və kəndlər abadlaşıb, müasir obyektlər, inzibati və yaşayış binaları tikilərək istifadəyə verilib, yol, elektrik, qaz, rabitə, su və digər infrastruktur sahələri yenilənib, rahat yaşayış üçün hər cür şərait yaradılıb. İş yerləri açılıb, məşğulluq təmin edilib, əhalinin rifah halı yüksəldilib. Hazırda Ordubad şəhərində yeni içməli su və kanalizasiya sistemləri qurulur, yeni obyektlər inşa olunur, abadlıq işləri aparılır.
Elşad Məmmədov vurğulayıb ki, cari ilin fevral ayının 21-də Yaponiya hökumətinin dəstəyi ilə, Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katorinin iştirakı ilə Ordubad rayonunun Azadkənd kəndində su təchizatı sisteminin inşası layihəsi üzrə qrant müqaviləsinin imzalanma mərasimi keçirilib. Ötən 7 ay müddətində layihədə nəzərdə tutulmuş işlər başa çatdırılıb, içməli suyun kəndə verilişi təmin edilib.
Qeyd olunub ki, kənddə 208 ev, 1302 nəfər əhali var. Azadkənddə 504 şagird yerlik məktəb, kitabxana, mədəniyyət evi, tibb məntəqəsi, icra nümayəndəliyi, bələdiyyə, ATS və baytarlıq məntəqəsi fəaliyyət göstərir. Bu günədək kənddə içməli su təchizatı artezian quyusu vasitəsilə həyata keçirilib.
“Bu gün Azadkənddə su təchizatı sisteminin inşası qrant layihəsi çərçivəsində başa çatdırılıb. Belə ki, çəkilmiş su xəttinin uzunluğu kaptajla birlikdə 4400 metrdir. Kaptaj Sabirkəndlə Qoşadizə kəndləri ərazisində Gilançay çayı üzərindədir. Su Azadkəndin girişindəki 400 tonluq gölə vurularaq oradan kəndə paylanır. Kəndin ərazisində 9 supaylayıcı kranlar quraşdırılıb”, – deyən Elşad Məmmədov əməkdaşlığa mühüm əhəmiyyət verildiyini bildirib.
Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori çıxış edərək layihənin icrası nəticəsində Azadkəndin sakinlərinin yüksəkkeyfiyyətli və bol içməli su ilə təmin olunacağını vurğulayıb.
Layihəni həyata keçirən “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev çıxışında ölkəmizdə, o cümlədən muxtar respublikada həyata keçirilən infrastruktur layihələrinin əhəmiyyəti barədə danışıb. Qeyd edib ki, Azadkənddə su təchizatı sisteminin inşası layihəsi ölkəmizdə həyata keçirilən genişmiqyaslı tədbirlərin davamıdır.
Sonra Azadkənddə yeni su təchizatı sistemi istifadəyə verilib.
Qeyd edək ki, səfir səfər çərçivəsində Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi “Qeysəriyyə” tarixi binasını da ziyarət edib. Buradakı eksponatlar barədə qonağa məlumat verilib. Bildirilib ki, muzey XII əsr abidəsi olan “Qeysəriyyə” binasında yerləşir. Keçmişdə şahlara məxsus daş-qaş satılması məqsədilə tikilmiş örtülü Şərq bazarına “Qeysəriyyə” deyilirdi. “Qeysəriyyə” dünyadakı nadir abidələrdən biridir. Belə tikililərə dünyanın 3 yerində – Səmərqənd, Təbriz və Ordubad şəhərlərində rast gəlinir.
Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori “Şərq qapısı” qəzetinə müsahibəsində layihənin əhəmiyyəti və səfər təəssüratları barədə danışıb. O deyib ki, Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra Yaponiya ilə əlaqələr genişlənib. Bu əlaqələrin nəticəsində Azərbaycanın bir çox bölgələrində Yaponiya hökuməti tərəfindən kiçik infrastruktur layihələri həyata keçirilir. Növbəti belə layihələrdən biri də Ordubad rayonunun Azadkənd yaşayış məntəqəsində həyata keçirilən su təchizatı layihəsidir.
“Mən bu ilin fevral ayında Naxçıvana səfər etmişdim. Muxtar respublika təbiəti qışda da, payızda da gözəldir, havası çox təmizdir”, – deyən Teruyuki Katori qeyd edib ki, Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində reallaşdırılan layihə iki ölkənin əlaqələrinin qurulması tarixindən bu günədək davam etdirilir. Hər il Azərbaycanda 10-12 layihə həyata keçirilir. Azərbaycanla Yaponiya arasında əlaqələrin inkişafı kontekstində bu layihələr davamlı olaraq reallaşdırılacaq. “Ordubad rayonu, Azadkənddə su təchizatı sisteminin qurulması” da növbəti belə layihələrdəndir. O vurğulayıb ki, gələcəkdə də bu və digər məsələlərlə bağlı əməkdaşlığımız davam etdiriləcəkdir.
Rauf KƏNGƏRLİ