23 Dekabr 2024, Bazar ertəsi

Ulu Tanrı öz səxavətini muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonundan da əsirgəməyib. Torpaqlarının bərəkətinə söz ola bilməz. İnsanları yurd, torpaq təəssüblü, əməksevərdirlər. Son illər rayonda çoxlu sayda sənaye məhsulları istehsalı ilə məşğul olan obyektlər fəaliyyətə başlasa da, torpaq adamları bu qiymətli sərvətdən nəinki üz çevirib, əksinə, daha sıx tellərlə ona bağlanıb. Bunun bir neçə səbəbi var və onlardan biri də aqrar sahənin sənaye üçün xammal bazası rolunu oynamasıdır. Elə bu və digər səbəblərə və dövlət qayğısına rəğmən rayonun iqtisadiyyatı ilbəil gücləndirilir, müxtəlif sahələrdə qazanılan uğurlar artmaqda davam edir. Ata-babadan bu qiymətli sərvətə halal qazanc mənbəyi kimi baxan şərurlular artıq torpağı daimi iş yerinə çeviriblər.

Bununla bağlı həmsöhbət olduğumuz Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Anar Zeynalov bildirdi ki, dövlətimiz torpaqdan səmərəli istifadə olunması üçün məqsədyönlü tədbirlərin həyata keçirilməsini diqqət mərkəzində saxlayır. Torpaq mülkiyyətçilərinə güzəştli kreditlərin, məhsuldar toxum sortlarının verilməsi, meliorasiya-irriqasiya tədbirlərinin aparılması, kənd təsərrüfatı texnikaları ilə təchizat məsələlərinin həll olunması və digər tədbirlər hər il aqrar sahədə qazanılan yeni nailiyyətlərlə müşayiət olunur. Bir məsələni də qeyd edək ki, bu gün Şərurda ailə təsərrüfatlarının yaradılmasına böyük diqqət yetirilir. O da vurğulanmalıdır ki, artıq bu təsərrüfat formasından kəndli-fermer təsərrüfatlarına keçid də reallıqdır.
Bir məsələ də qeyd olunmalıdır. İllər əvvəl istehsal olunan məhsulun alıcı problemi var idisə, bu gün həmin məsələ də öz həllini tapıb; rayon mərkəzində və Naxçıvan şəhərində təşkil edilən kənd təsərrüfatı məhsullarının satış yarmarkaları və müxtəlif festivallar, mövsüm üçün tələbatdan artıq istehsal olunmuş məhsulların saxlanılması üçün yaradılan soyuducu anbarlar torpaq mülkiyyətçilərinə daha bir qayğının ifadəsi kimi diqqəti çəkir.
Həyata keçirilən bütün tədbirlər bir məqsədə ünvanlanıb: torpaqlardan təyinatı üzrə və səmərəli istifadə etməklə bol və keyfiyyətli yerli məhsul istehsalına nail olmaq. Bu isə daxili bazara böyük töhfə, istehlakçı tələbatının ödənilməsinə stimul, həmçinin torpaq mülkiyyətçilərinin öz zəhmətləri hesabına ailə büdcələrini gücləndirməsi deməkdir. Şərurlular da bu həqiqəti dərindən dərk edir, rayonun, muxtar respublikanın və nəticə etibarilə, ölkə­mizin sosial-iqtisadi inkişafına öz töhfələrini verməyə çalışırlar.
Öyrəndik ki, bunu ötən ilin timsalında bütün çalarları ilə görmək mümkündür. Bəhs olunan dövrdə də kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olanlar hərtərəfli dövlət qayğısını öz üzərlərində hiss ediblər. “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti Şərur rayon filialı tərəfindən 680 torpaq mülkiyyətçisinə 1 milyon 516 min 700 manat yardım olunub. Kənd təsərrüfatı işlərinin keyfiyyətli və müasir tələblərə uyğun yerinə yetirilməsi üçün sahibkar və fermerlərə 1 milyon 234 min 400 manat dəyərində 81 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası lizinq yolu ilə güzəştli şərtlərlə satılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Pro­qramı”na uyğun olaraq bu sahədə işlər davam etdirilib, rayonun kəndlərində ayrı-ayrı torpaq mülkiyyətçiləri tərəfindən müxtəlif meyvə sortları üzrə tingçilik təsərrüfatları yaradılıb. Ötən il rayonda yaz ayları ərzində 51 hektardan artıq sahədə yeni meyvə bağları salınıb, 26 hektar bağda bərpa işləri aparılıb. 1820 hektar sahədə tərəvəz yetişdirilib.
Bəhs olunan dövrdə rayonun torpaq mülkiyyətçiləri 1076 hektar sahədə kartof, 11,8 hektar sahədə tütün, 33 hektar sahədə günəbaxan, 898 hektar sahədə dən qarğıdalı, 518 hektar sahədə dənli-paxlalı, 476 hektar sahədə bostan məhsulları yetişdiriblər. Rayonun barverən meyvə bağlarından 21 min 675 ton, üzüm bağlarından 1559 ton məhsul tədarük edilib.
Strateji məhsul olan taxıla tələbatın ödənilməsində şərurlular ilbəil fəallıqlarını artırırlar. Bunun ifadəsidir ki, ötən il 3602 hektarı buğda, 746 hektarı arpa olmaqla, taxıl zəmilərindən 4348 hektar məhsul götürülüb. Bundan ruhlanan torpaq mülkiyyətçiləri cari ilin məhsulu üçün ötən ilin payızında 3524 hektarı buğda, 262 hektarı arpa olmaqla, 3786 hektar sahədə taxıl əkiblər. Taxıl əkini yazda da aparılaraq daha 38 hektar sahədə bu iş davam etdirilib. Taxılın hər hektarına 175 kiloqram olmaqla gübrə verilib.
Artıq torpaq mülkiyyətçiləri sahələrdədir. Havaların əlverişli keçməsindən istifadə edərək onlar 251 hektar sahədə kartof, 48 hektar sahədə soğan, 22 hektar sahədə sarımsaq, 2,4 hektar sahədə noxud, 335,6 hektar sahədə yonca əkini aparıblar.
Rayonun torpaq mülkiyyətçiləri cari ildə daha yüksək göstəricilərə nail olmaq əzmindədirlər. Bunun üçün onların hər cür imkanları var. Həmsöhbət olduğumuz torpaq mülkiyyətçiləri, ailə təsərrüfatı başçıları da bunu təsdiq etdilər. Düdəngə kənd sakini, ali təhsilli aqronom Faiq Ağayev bildirdi ki, Şərur rayonunun sakinləri tarixən torpağa bağlı olublar. Lakin sovet dönəmində, ictimai təsərrüfatlar dövründə onlar çəkdikləri zəhmətin qarşılığını olduğu kimi ala bilmirdilər. Ancaq o dövrdə də bu, şərurluların əllərini zəhmətdən soyutmamışdı. Elə o vaxt əldə edilən zəngin təcrübə, bu gün kənd adamına məhsul bolluğuna nail olmaq üçün yaradılan şərait onların aqrar sahədə böyük uğurlar qazanmalarına imkan verib. Neçə illərdir ki, kənd adamları belə münbit şəraitdən səmərəli istifadə edir, öz iqtisadiyyatlarını gücləndirirlər. Bu baxımdan ötən il də uğurlu olub. Bundan ruhlanan torpaq mülkiyyətçiləri erkən yazdan sahələrdədir. Onlar cari ilin bol məhsulunu yetişdirmək üçün lazımi aqrotexniki tədbirləri həyata keçirir, əkin kampaniyasını vaxtında başa çatdırmaq üçün əzmlə çalışırlar.
Zeyvə kənd sakini, “Amil-Famil qardaşları” kəndli-fermer təsərrüfatının rəhbəri Kamil İsmayılov zəngin təcrübəyə malik torpaq mülkiyyətçisi kimi tanınır. 2018-ci il onun təsərrüfatı üçün də yaddaqalan olub. Çəkilən zəhmət hesabına xeyli gəlir əldə edilib. Kamil deyir ki, Şərur torpaqlarında əkinçiliyin müxtəlif sahələrini inkişaf etdirmək mümkündür. Bu sahələr içərisində taxılçılıq başlıca yer tutur. Bunu nəzərə alaraq hər il bir neçə hektar sahədə taxıl əkir, yaxşı da məhsul əldə edirik. 2019-cu ilin məhsulu üçün ötən ilin payızında 18 hektarda taxıl əkini keçirdiyini bildirən müsahibim deyir ki, artıq əkinin yaz suvarmasına başlanılıb. Zəmilərə dövlət tərəfindən verilən gübrə də səpilib. Digər əkinçilik sahələri üçün ayrılmış torpaqlar şumlanılıb. O əmindir ki, 2019-cu ili də uğurla başa vuracaqlar.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR