Muxtar respublikanın sosial-iqtisadi sahədə qazandığı uğurlar vergi daxilolmalarına da müsbət təsirini göstərməkdədir.
Belə ki, 2019-cu ilin birinci rübündə Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi üzrə müəyyən olunmuş proqnoz 108,8 faiz icra edilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 379 min 600 manat və ya 15 faiz çox deməkdir. Daxil olmuş vəsaitlərin mənbəyinə gəldikdə isə onların 31,6 faizi dövlət sektorunun, 68,4 faizi isə özəl sektorun payına düşüb. Özəl sektor üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 865 min 200 manat və ya 29,8 faiz artıb.
Məlumdur ki, 2019-cu ilin 1 yanvar tarixindən Azərbaycan Respublikası Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə əlaqədar olaraq məcburi dövlət sosial sığorta haqlarının və işsizlikdən sığortahaqqının hesablanmasına və ödənilməsinə nəzarət Vergilər Nazirliyinə həvalə edilib. Məcburi dövlət sosial sığorta haqları üzrə proqnoza 137, işsizlikdən sığorta üzrə proqnoza isə 142,8 faiz əməl edilib. İstər vergilər, istərsə də məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta üzrə proqnozlar bütün yerli vergi orqanları üzrə artıqlaması ilə icra olunub.
Muxtar respublikamızda özəl sektora dövlət dəstəyinin artırılması, xüsusilə rayonlarda kiçik və orta sahibkarlıq fəaliyyətinin güclənməsi bu sahədə vergi daxilolmalarının əhəmiyyətli dərəcədə artımına səbəb olub. Belə ki, Vergilər Nazirliyinin “bir pəncərə” qeydiyyat sistemi vasitəsilə hesabat dövrü ərzində sahibkarlıq uçotuna alınmış 1334 fiziki şəxsin 64,2 faizi muxtar respublikanın rayonlarının payına düşüb. Bundan əlavə, bu dövrdə muxtar respublikada 9 kommersiya hüquqi şəxs dövlət qeydiyyatına alınıb ki, bütün bunlar da diyarımızda özəl sektorun inkişafına dövlət dəstəyinin bariz nümunəsidir.
Vergiödəyiciləri ilə aparılan maarifləndirmə və məlumatlandırma tədbirlərinin nəticəsidir ki, nazirlik 2018-ci ilin ikinci yarımilindən başlayaraq hər rübü vergi borcu olmadan başa vurur.
Naxçıvan Muxtar Respublikası
Vergilər Nazirliyinin mətbuat xidməti