23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada dövlətin güzəştli kreditlərindən istifadə imkanlarının təşviq edilməsi və təkmilləşdirilməsi qadınların da sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına stimul verib. Hazırda sahibkar qadınlar iqtisadiyyatın müxtəlif sahələrində çalışır, muxtar respublikamızın sosial-iqtisadi inkişafına öz töhfələrini verirlər.
Muxtar respublikamızda qadın sahibkarlarımız çoxdur. Onlardan biri də bacarığı, işgüzarlığı ilə seçilən “Zümrüd Tikiş”, “Zümrüd Geyim” Məhdud Məsuliyyətli cəmiyyətlərinin direktoru Mehrəngiz Əkbərovadır. O, ali təhsillidir. 23 il şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olub.
Sahibkar xanımla söhbət zamanı bildirir ki, ulu öndərimizin əsasını qoyduğu dövlət qadın siyasəti istiqamətində ardıcıl tədbirlər Azərbaycan və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. Müxtəlif treninqlər təşkil edilir, biznes sahələri yaratmaq üçün güzəştli kreditlər verilir, qadınların sahibkarlığa cəlb olunması diqqət mərkəzində saxlanılır. Sahibkarlar üçün ayrılan güzəştli kreditlərdən onlar da səmərəli istifadə edirlər. Bu isə qadınların iqtisadi sahədə fəallıqlarını daha da artırır.

Müsahibim qeyd etdi ki, sahibi olduğu müəssisə 1997-ci ildə 6 işçi və Rusiya istehsalı olan 10-12 avadanlıqla fəaliyyətə başlayıb. Naxçıvan əhalisinin maddi durumunun o qədər də yaxşı olmadığı bir vaxtda belə bir işə başlamaq çətin olsa da, biz dövlətimizin dəstəyi ilə uğur qazanmağa nail olduq.
Mehrəngiz xanım bu istehsal sahəsinin muxtar respublikada yaradılan ilk özəl müəssisələrdən biri olduğunu vurğulayaraq deyir ki, illər öncə bu sahədə vəziyyət tamamilə başqa idi. Övladları orta məktəbdə təhsil alan valideynlər təkcə dərslik çatışmazlığından əziyyət çəkmir, həm də geyim problemi ilə üzləşirdilər. Blokada şəraitində yaşayan muxtar respublikamız inkişaf mərhələsinə qədəm qoyduğu bir vaxtda belə bir müəssisənin yaradılması bütün ailələrə maddi və mənəvi dəstək oldu. Ulu öndərin siyasi xəttinin layiqli davamçısı, dövlətimizin başçısı cənab İlham Əliyevin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ­cənab Vasif Talıbovun bütün sahələrdə olduğu kimi, sahibkarlığın inkişafına göstərdikləri diqqət və qayğı işimizi daha yaxşı görməyimizə stimul verdi. Hazırda “Zümrüd Tikiş” MMC-də Yaponiya və Türkiyə istehsalı olan 70 adda ən müasir biçim, ölçü, ütü və tikiş avadanlıqları quraşdırılıb, istehsal prosesinə mərkəzləşdirilmiş qaydada nəzarət təmin edilib. Yeni istehsal sahəsinin yaradılması daxili bazarın tələbatına uyğun keyfiyyətli məhsul istehsalı ilə yanaşı, əhalinin məşğulluğunun təmin olunmasında da mühüm rol oynayıb.
Müəssisə rəhbəri onu da deyir ki, 2010-cu ildə 560 min manat vəsait ayrılması sayəsində 2011-ci il sentyabrın 9-da gündəlik istehsal gücü 150 dəst kostyum olan müəssisənin yeni binası və kostyum istehsalı sahəsi istifadəyə verilib. Müəssisənin açılışında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun iştirak etməsi, tövsiyələri gələcək fəaliyyətimizə işıq salıb. Kostyum istehsalı sahəsi fəaliyyətə başlayanadək bu məhsulun çox hissəsi idxal yolu ilə əldə olunurdu. Lakin bu istehsal sahəsinin yaradılması ilə həmin məhsullara olan tələbat daxili imkanlar hesabına ödənilməyə başlandı. Sifariş verilən xüsusi geyim formalarının kompleks şəkildə istehsal edilməsi məqsədilə 2013-cü ildə müəssisədə yeni – köynək istehsalı sahəsi yaratmağa nail olduq. İstehsal gücü gündə 1000 ədəd köynək olan yeni istehsal sahəsi daxili bazarın tələbatını tamamilə ödəmə gücünə malikdir.
Mehrəngiz xanım dövlət dəstəyindən yararlanaraq ötən il daha bir uğura da imza atıb. O bildirir ki, yeni bir istehsal sahəsi yaratmaq üçün Sahibkarlığın İnkişafı Fondundan 320 min manat güzəştli kredit ayrılıb. Müəssisə gündəlik 800-1000 dəst olmaqla, alt paltarları istehsal etmək gücünə sahibdir.
Onu da qeyd edək ki, Mehrəngiz Əkbərovanın səmərəli fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Tərəqqi” medalı ilə təltif edilib. Mehrəngiz xanım əməyinə verilən bu yüksək qiymət üçün dövlətimizə minnətdarlığını bildirərək sevincini bizimlə bölüşür: “Uğurun açarı zəhmətdədir. Sahibkarlıqla məşğul olan hər bir kəs ailəsində sevgi, xoşbəxtlik, həmrəylik olanda işlərində də uğur qazanır. Mənim də əldə etdiyim nailiyyətlərin səbəbkarlarından biri ailəmdir”.
Onu da bildirək ki, müəssisə rəhbəri 2015-ci ildə Naxçıvan Muxtar Respublikasında keçirilən “Ən fəal işəgötürən” müsabiqəsi üzrə ikinci yerə sahib olub, “Biznesdə uğur” mükafatına layiq görülüb.
Bu gün həmsöhbət olduğumuz zəhmətkeş, bacarıqlı, qayğıkeş ana, həm də iş qadını olan müsahibimin 22 illik zəhmətinin bəhrəsi ilə bağlı söylədiklərindən və gördüklərimizdən belə qənaətə gəlmək olar ki, yaradılan şəraitdən düzgün istifadə edən hər bir insan muxtar respublikamızın inkişafına öz töhfələrini verməklə yanaşı, həm öz ailəsinin, həm də bir çox ailələrin firavan həyat sürmələrinə geniş imkanlar aça bilər.
Bir sözlə, Naxçıvanda insanların rifahının yaxşılaşdırılması üçün yaradılan hərtərəfli şərait qədim yurdun sakinlərinin ömrünün hər gününə rahatlıq gətirir. İstər qızmar yayda, istərsə də sərt qış aylarında bu qədim yurd yerində yaşamağa, yaratmağa dəyər.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR