23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikamızda iqtisadi inkişafa mühüm töhfə verən ailə təsərrüfatlarının inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Hazırda muxtar respublikamızda heyvandarlıq, quşçuluq, arıçılıq, bağçılıq və əkinçilik sahələri üzrə 800-dən çox ailə təsərrüfatı fəaliyyət göstərir. 2019-cu il muxtar respublikamızda “Ailə təsərrüfatları ili” elan edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı” 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına əsasən diyarımızda ailə təsərrüfatları ilində bu təsərrüfatların sahələr üzrə ixtisaslaşması və yenilərinin yaradılması dəstəklənir, onların fəaliyyətlərinin stimullaşdırılmasına dövlət maliyyə dəstəyi göstərilir. Ailə təsərrüfatlarının texnika ilə təminatı məhsul istehsalında mühüm rol oynayır. Naxçıvanda yüksəkkeyfiyyətli yerli məhsulların həcm və çeşidinin artması muxtar respublikanın istehsal və ixrac imkanlarını daha da genişləndirir. Bölgələrdəki ailə təsərrüfatları da yaradılmış şəraitdən səmərəli istifadə etməklə bu sahədə fəaliyyətlərini genişləndirirlər. Dövlət dəstəyindən bəhrələnən ailə təsərrüfatlarının inkişafında qadınlarımızın da özünəməxsus rolu vardır.

Naxçıvanda meyvəqurutma sahəsində də ailə təsərrüfatlarının formalaşması üçün əlverişli şərait mövcuddur. Zəngin təbiətə, təmiz havaya və suya malik muxtar respublikamızda yerli meyvələrin qurudulması, onlardan müxtəlif mürəbbə və şirələrin hazırlanması ənənəsi bu gün də yaşadılır. Ona görə də ailə təsərrüfatlarında meyvə və tərəvəzlərin qurudularaq paketlənməsi işinin təşkilinə köməklik göstərilməsi, muxtar respublika ərazisində yetişən yabanı meyvə və giləmeyvələrdən mürəbbə və şirələrin hazırlanması və satışının təşkil edilməsi diqqət mərkəzində saxlanılır.
Bu gün muxtar respublikamızda torpağın dilini bilən kifayət qədər təcrübəli təsərrüfatçılardan biri də Kəngərli rayonunun Yeni Kərki kəndində fəaliyyət göstərən gənc sahibkar Hafizə İsmayılbəylidir. Onun dediklərindən: – Muxtar respublikamızda ailə təsərrüfatlarının inkişafı istiqamətində sistemli tədbirlər həyata keçirilir, ailə biznesinin qurulması diqqətdə saxlanılır. Bu gün ailə təsərrüfatı məhsulları istehsalı ilə məşğul olmaq istəyən hər bir şəxs üçün geniş imkanlar yaradılıb. Həmçinin təsərrüfat sahiblərinin istehsal etdikləri məhsulların satışını təşkil etmək məqsədilə yarmarkalar keçirilir, festivallar təşkil olunur, böyük marketlərin köməyindən istifadə edilir. Mən də yaradılan imkanlardan səmərəli istifadə edərək belə tədbirlərdə yaxından iştirak edirəm. 2017-ci ildə keçirilən “Ailə təsərrüfatı məhsulları” festivalında “Ən yaxşı məhsul istehsalçısı” müsabiqəsi üzrə ikinci dərəcəli diplomla təltif edilmişəm. Eyni zamanda sahibkarlara göstərilən dövlət qayğısının bir nümunəsi kimi məhsul istehsalını artırmaq məqsədilə mənə 10 min manat kredit verilib. Əsas məqsədimiz ev şəraitində istehsal olunan konservləşdirilmiş meyvə-tərəvəz məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsidir.
Ailə təsərrüfatımızda, əsasən, yabanı meyvə və giləmeyvə məhsullarının, bitkilərin toplanması, emalı, qablaşdırılması və satışını həyata keçirməklə məşğul oluruq. Çalışacağıq ki, istehsal sahəsini genişləndirək. Hazırda zirinc, gilənar, gilas, xar tut, tut, həmərsin, yemişan, zoğal, qarağat, heyva, ərik, hülü, alça, göycə, qarışıq meyvə daxil olmaqla, 16 çeşiddə kompot, eyni zamanda bu meyvələrdən 20 çeşiddə mürəbbə, cem, həmərsin çiçəyi gülqəndi, nabat, müxtəlif tort və şirniyyatlar da hazırlayırıq. Sahibkar deyir ki, ailə təsərrüfatı məhsulu etiketi ilə satışa çıxarılan bu məhsullara böyük tələbat vardır. Keyfiyyət amili bizim üçün əsas şərtdir. İnanıram ki, gələcəkdə də ailə təsərrüfatımızda hazırladığımız məhsullar böyük alıcı rəğbəti qazanacaq.
Bu işə dövlətin göstərdiyi diqqət və qayğı, aparılan düzgün maarifləndirmə işi, qarşıya qoyulan vəzifələrin icrası onu göstərir ki, gələcəkdə ailə təsərrüfatlarında istehsal olunan məhsulların ölkə və xarici bazarlara çıxış imkanları xeyli artacaq, ölkə iqtisadiyyatının inkişafı sahəsində yeni imkanlar açılacaqdır.

Güntac Şahməmmədli

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR