İqtisadiyyat inkişaf edib, texnoloji yeniliklər insan həyatına sürətlə tətbiq olunduqca rifahımızı artıran, eləcə də daha artıq inkişaf üçün yeni fürsətlər açan sahələrə də maraq çoxalır. Ənənəvi ticarətə alternativ olaraq sürətlə yayılıb inkişaf edən elektron ticarət də bir çox üstün cəhətlərinə görə bu sahələr arasındadır.
Hazırda bütün dünyada elektron ticarətə maraq böyükdür. İnkişaf etmiş ölkələrdə ticarət əməliyyatlarının yarıdan çoxu internet vasitəsilə, yəni onlayn üsulla həyata keçirilir. Təsadüfi deyil ki, hazırda dünyanın ən varlı iş adamı da bir elektron ticarət şirkətinin sahibidir. Əksər alıcıların tanıdığı bu şirkətin, eləcə də bir çox digər elektron ticarət saytlarının vasitəsilə hər il yüz milyardlarla ABŞ dolları həcmində kiçik düymədən tutmuş, elektronik cihazlara, gözəl, dəbli geyimlərə və yaxud ehtiyat hissələrinədək hər cür mallar alınıb satılır. Nəticədə, ABŞ-da elektron ticarət bu ölkənin ümumi mal və xidmət dövriyyəsinin böyük bir hissəsini, Avropa ölkələrində isə yarıdan çoxunu təşkil edir.
İlk dəfə 1960-cı ildə tətbiq olunan və internetin yaranması ilə daha da geniş miqyasda yayılmağa başlayan elektron ticarət ölkəmizdə və Naxçıvan Muxtar Respublikasında da sürətli internet və ödəniş sistemləri infrastrukturunun yaradılması ilə populyarlıq qazanıb. Bu gün elektrik enerjisi, su, qaz və digər kommunal xidmətlərin elektron üsulla çox rahatlıqla haqqını ödədiyimiz elektron ticarət platforması ölkəmizdə ilk olaraq 2008-ci ildən tətbiq olunmağa başlayıb. Hazırda dövlət və özəl qurumlar tərəfindən istehsal olunan çox sayda mal və xidmətləri elektron qaydada ala bilirik.
Elektron ticarət 2005-ci ildən ölkəmizdə qüvvədə olan “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən belə ticarət informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə həyata keçirilən fəaliyyət növüdür. Başqa sözlə, burada hər hansı xidmət və ya məhsul satıcı ilə birbaşa ünsiyyətdə olmadan, internet saytları vasitəsilə satın alına bilir. Bunun üçün müştəri satıcının veb səhifəsinə daxil olaraq almaq istədiyi məhsul və ya xidməti seçib, elektron şəkildə haqqını ödəyib onu əldə edə bilər.
Hazırda istər elektron ticarət, istərsə də istənilən digər elektron ödənişlər üçün muxtar respublikamızda çox genişmiqyaslı işlər görülüb, etibarlı infrastruktur yaradılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 2 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqi və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram” bu sahədə çox geniş spektrdə tədbirlərin həyata keçirilməsini təmin edib. Proqramın tədbirlər planının 3.7-ci bəndində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi və Sahibkarlar Konfederasiyasına muxtar respublikada istehsal olunan mal və məhsulların, milli dəyərləri əks etdirən əşyaların, əl işlərinin elektron kataloqunun hazırlanması və elektron satışlarının təşkil edilməsi öz əksini tapıb. Şübhəsiz, bu dövlət proqramında və həmin bənddə qarşıya qoyulmuş vəzifələr muxtar respublikanın iqtisadi potensialının daha da artırılması ilə yanaşı, həm də xarici valyuta qazanılmasına imkan yaradan malların ixracı və eləcə də ölkəmizin və muxtar respublikamızın tanıdılması kimi mühüm məsələlər baxımından çox əhəmiyyətlidir.
Bu məsələ ilə bağlı yuxarıda adıçəkilən qurumlara göndərdiyimiz sorğuya cavab olaraq aldığımız məktublarda dövlət proqramında qarşıya qoyulmuş vəzifələrin icrası ilə əlaqədar həyata keçirilmiş geniş tədbirlərlə yanaşı, elektron ticarət sahəsində də müəyyən işlərin görüldüyü ifadə olunur. Belə ki, muxtar respublikada istehsal olunan mal və məhsulların, milli dəyərləri əks etdirən əşyaların, əl işlərinin internet kataloqunun hazırlanması və elektron satışlarının təşkil edilməsi istiqamətində 37 ixracpotensiallı müəssisəyə aid 339 çeşiddə məhsulun və 484 əl işi sənət əsərinin internet kataloqunun hazırlanaraq biznesmerkez.info.az, nsk.orq.az və pronak.az saytlarında yerləşdirilib. Həmçinin 2018-ci il ərzində “Xalq Yaradıcılığı Emalatxanası”nın Xalçaçılıq bölməsində toxunmuş müxtəlif ölçülərdə xalçalar elektron satış məqsədilə saytlarda yerləşdirilib.
Bu məlumatlara əsaslansaq, deyə bilərik ki, muxtar respublikada elektron ticarətin genişləndirilməsi üçün yaxşı imkanlar vardır. Odur ki, yaradılmış şəraitdən istifadə olunaraq elektron ticarət yolu ilə daha çox mal və məhsulun qlobal ticarət şəbəkəsinə çıxarılması, bunun üçün yaradılmış saytların daim işlək olması və vaxtında yenilənməsi günün tələbidir.
Əli CABBAROV