Son dövrlər dünyada bərpa olunan enerji mənbələrinə keçid prioritet məsələyə çevrilib. Hazırda dünyanın inkişaf etmiş ölkələrində ekoloji cəhətdən təmiz, yəni bərpa olunan enerji mənbələrindən geniş istifadə edilir. Bu sahədə ABŞ, Kanada, Almaniya, Finlandiya, Norveç, Danimarka, İspaniya, Yaponiya və Çin daha qabaqcıl mövqe tuturlar. Ölkəmizin təbii coğrafi şəraiti və iqlim qurşaqları da bərpa olunan enerji mənbələrindən istifadənin mümkünlüyünü hər zaman aktual məsələ kimi önə çıxarıb. Bu sahədə mühüm tədbirlərin həyata keçirilməsinə 2004-cü ildən başlanılıb. Belə ki, həmin ildə qəbul olunmuş “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı” bu istiqamətdə mühüm strategiyanın həyata keçirilməsini şərtləndirib. Proqramda qeyd edilir ki, Naxçıvan Muxtar Respublikasının enerji sisteminin ölkənin əsas enerji sistemi ilə əlaqəsinin olmadığını nəzərə alaraq, ilk növbədə, muxtar respublikada orta, kiçik, mikro su elektrik stansiyalarının tikilməsi daha məqsədəuyğundur.
Bəhs olunan dövrdə bu sahədə ciddi addımlar atılmış, müxtəlif həcmli enerji istehsal edən obyektlər istifadəyə verilmişdir. Hazırda Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın inkişaf etmiş sahələrindən biri də energetikadır. Keçən əsrin sonlarında muxtar respublikanın blokadaya salınması bu vacib sektorun inkişafına böyük əngəllər yaratsa da, ötən dövr ərzində muxtar respublikanın enerji təhlükəsizliyi ilə bağlı atılan mühüm addımlar hazırda bu sahənin hərtərəfli inkişafına zəmin yaratmış, nəticədə, muxtar respublikamız enerji idxalçısından enerji ixracatçısına çevrilmişdir. Diyarımızın energetikasında mövcud təbii potensialdan lazımınca istifadə son bir neçə ildə bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalına imkan vermiş, qısa müddətdə bu sahədə mühüm nəticələr əldə olunmuşdur. Belə ki, 2006-cı ildə Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasında dizel yanacağı ilə işləyən enerji turbinləri təbii qazla işləmə rejiminə keçirilmiş, ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası tikilib istismara verilmişdir. Mövcud imkanlardan düzgün istifadənin nəticəsidir ki, həmin ildə, eyni zamanda Şahbuz rayonunda Heydər Əliyev Su Anbarı üzərində 4,5 meqavat gücündə, 2010-cu ildə Ordubad rayonunda Gilançay üzərində 22 meqavat gücündə Biləv, 2014-cü ildə Şərur rayonunda 20,5 meqavat gücündə “Arpaçay-1” və 1,4 meqavat gücündə “Arpaçay-2” Su Elektrik stansiyaları, 2015-ci ildə Babək rayonunda 20 meqavat gücündə Naxçıvan Günəş Elektrik Stansiyasının tikilib istifadəyə verilməsi və 2017-ci ildə stansiyanın gücünün daha 2 meqavat artırılması Naxçıvanın etibarlı enerji təminatına səbəb olmuşdur.
Məlumat üçün bildirək ki, hidroenergetika mənbələri üzrə həyata keçirilən tədbirlər bununla yekunlaşmır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2017-ci il yanvar ayının 11-də muxtar respublikamıza səfəri çərçivəsində Ordubad Su Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edərkən həmin tədbirləri yüksək qiymətləndirərək demişdir: “Ordubad rayonunda elektrik stansiyasının təməli qoyuldu. Bu, çox böyük layihədir, böyük stansiya olacaq, 36 meqavat gücündə su elektrik stansiyası tikiləcək. Bu, Naxçıvan Muxtar Respublikasının iqtisadi və enerji potensialını böyük dərəcədə gücləndirəcək”.
Energetika sektorunun davamlı inkişafının nəticəsidir ki, hazırda muxtar respublikamızda elektrik enerjisinə olan tələbatın 65 faizdən çoxu alternativ və bərpa olunan enerji mənbələri hesabına ödənilir. Ötən ilin sonuna muxtar respublikadakı 8 elektrik stansiyasının ümumi gücü 239,4 meqavata çatdırılıb.
Son illərdə muxtar respublikanın enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində atılan ən böyük addımlardan biri də müasir Günəş Elektrik stansiyalarının yaradılmasıdır. Bu sahədə görülən işlərin davamı kimi, 2019-cu il fevralın 22-də Kəngərli rayonunun Qabıllı kəndində yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri stansiyanın açılış mərasimində çıxış edərək bildirib ki, muxtar respublikada enerji təhlükəsizliyinin təmin olunması sahəsində həyata keçirilən tədbirlər Azərbaycanda elektroenergetika sahəsində qəbul olunan dövlət proqramlarının icrası və yeni elektrik stansiyalarının tikilməsi sahəsində görülən işlərin tərkib hissəsidir. Artıq muxtar respublikada enerji təhlükəsizliyi təmin edilib. Ucuz enerji istehsal edən sahələrə üstünlük verməklə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin gəlirlərini artırmaq və bu sahəni daha da müasirləşdirmək qarşıda duran əsas vəzifədir.
Ali Məclisin Sədri qeyd edib ki, muxtar respublikada elektrik stansiyaları qurularkən yeni texnologiyaların tətbiqinə xüsusi diqqət yetirilir. Çünki inkişaf edən dünyada bu texnologiyaların tətbiqi və həmin sahə üzrə mütəxəssislərin hazırlanması mühüm şərtdir. Muxtar respublikada da bu amil əsas götürülür. Ona görə də yeni texnologiyalar tətbiq olunmaqla yanaşı, həm də onları idarə edəcək mütəxəssislər hazırlanmalıdır. Qeyd edək ki, Kəngərli Günəş Elektrik Stansiyasının tikintisi Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti ilə İsveçrənin “Pure Energy Development” SARL Şirkəti arasında 2018-ci ildə imzalanmış müqavilə əsasında həyata keçirilmişdir. İl ərzində bu stansiyada 3 milyon kilovat-saat elektrik enerjisi istehsal ediləcək. Tikinti-quraşdırma işləri çərçivəsində burada 7452 “şüşə-şüşətipli” günəş panelləri, hər birinin gücü 50 kilovat olan 41 invertor, içərisində kommutasiya aparatları və digər elektrik avadanlıqları qoyulmuş 2 ədəd 35/0,4 kilovoltluq transformator yarımstansiyası quraşdırılmış və idarəetmə binası tikilmişdir. Tikinti işləri qısa müddətdə və keyfiyyətlə aparılmışdır. Eyni zamanda stansiyada yeraltı aşağı və yüksəkgərginlikli xətlər, eləcə də rabitə, müşahidə və idarəetmə sistemi üçün optik kabel xətləri çəkilmişdir. İdarəetmə binası 35 kilovoltluq kommutasiya avadanlıqları ilə təmin edilmişdir. 110/35/10 kilovoltluq “Qıvraq” yarımstansiyasına qoşulmaq üçün isə 2 kilometr uzunluğunda 35 kilovoltluq elektrik xətti çəkilmişdir. Bundan əlavə, stansiyanın ərazisi çəpərlənmiş, obyekt siqnalizasiya və videomüşahidə qurğuları ilə təmin olunmuşdur. Quraşdırılan yeni meteoroloji stansiya isə ərazidə hava şəraitinə, yağıntının və rütubətin miqdarına nəzarət etməyə imkan verir.
Vurğulayaq ki, yeni Günəş Elektrik Stansiyasının tikintisində müasir texnologiyanın imkanlarından geniş istifadə olunmuşdur. Məsələn, burada dünyanın ən müasir şüşə panelləri quraşdırılıb. Nəzərə alaq ki, şüşətipli bu panellərin elektrik verilişi alüminium panellərlə müqayisədə daha yüksəkdir. Eyni zamanda bu tip panellər imkan verir ki, stansiya qurularkən daha az torpaq sahəsindən istifadə olunsun. Xatırladaq ki, 2 meqavat gücündəki Kəngərli Günəş Elektrik Stansiyası 4,7 hektar ərazidə qurulub. Məhz bu stansiyanın qurulmasından sonra muxtar respublikada Günəş Elektrik stansiyalarının qoyuluş gücü 24 meqavata, illik istehsal gücü isə 36 milyon kilovat-saata çatdırılmışdır.
Bəli, bir zamanlar enerji qıtlığından əziyyət çəkən və ölkənin əsas ərazilərindən ayrı düşmüş Naxçıvan Muxtar Respublikası artıq bu gün mühüm enerji istehsal edən bir bölgəyə çevrilmişdir. Mövcud resurslardan səmərəli istifadə nəticəsində yaradılmış potensial Naxçıvanı mühüm enerji ixracatçısına çevirmişdir. Son 4 ildə muxtar respublikada üçüncü Günəş Elektrik Stansiyasının yaradılması isə Naxçıvanın bu sahədə güclü, eyni zamanda məqsədyönlü siyasi-iqtisadi iradə nümayiş etdirdiyini göstərir.
Səbuhi HƏSƏNOV