Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi fevral ayında yerli məhsulların daxili və xarici bazarlarda rəqabətədavamlı olması üçün keyfiyyət standartlarına əməl edilməsinə nəzarət işini, o cümlədən təsərrüfat subyektlərinin istehsal-xidmət şəraitinin və məhsul göstəricilərinin standartların tələblərinə uyğunluğunu diqqətdə saxlamışdır. Bu dövrdə məhsul nümunələrinin 129, o cümlədən qida məhsullarının 122 halda keyfiyyət göstəriciləri yoxlanılmışdır. Yerli istehsal məhsullarının keyfiyyətinin qorunması məqsədilə 53 qida istehsalı müəssisəsinə maarifləndirmə xarakterli baxış keçirilmiş, aşkar olunmuş çatışmazlıqlar aradan qaldırılmışdır. Məhsulların sertifikatlaşdırılmasına dair elektron xidmət vasitəsilə daxil olmuş 25 müraciət operativ icra olunmuşdur. 84 ictimai iaşə və xidmət sahəsinə maarifləndirmə xarakterli baxış keçirilmiş, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması təmin edilmişdir.
Meyvə-tərəvəz və onlardan hazırlanmış məhsulların keyfiyyətinin nəzarətdə saxlanılması işi çərçivəsində məhsulların 2 halda keyfiyyət göstəriciləri yoxlanıldıqdan sonra sertifikatlaşdırılmış, 1 anbardan və 11 satış obyektindən götürülmüş məhsulların 12 halda laboratoriya analizləri aparılaraq keyfiyyət göstəricilərinin standartların tələblərinə uyğun olduğu müəyyən edilmişdir. Uşaq bağçalarının, məktəblərin, xəstəxanaların və digər təhsil və səhiyyə müəssisələrinin yerli məhsullarla təmin edilməsi və alınan qida məhsullarının keyfiyyətinin müntəzəm nəzarətdə saxlanılması istiqamətində 13 təhsil müəssisəsinin bufet və yeməkxanasında və 7 məktəbəqədər tərbiyə müəssisəsinin yeməkxanasında monitorinqlər, 10 səhiyyə müəssisəsinin yeməkxanasında yerli məhsullarla təminatın üstünlüyü barədə maarifləndirici tədbirlər aparılmış və aşkar olunmuş bir sıra nöqsanlar yerində aradan qaldırılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində aidiyyəti təşkilatların nümayəndələri ilə birlikdə Ordubad rayonunun Sabirkənd və Culfa rayonunun Əbrəqunus kəndlərində arıçılıq məhsulları istehsalçıları ilə maarifləndirmə xarakterli görüşlər keçirilmiş, bal məhsullarının 2 halda laboratoriya analizləri aparılaraq keyfiyyət göstəricilərinin standartların tələblərinə uyğun olduğu müəyyən edilmişdir. Bu dövrdə Şahbuz rayonunda mum vərəqlərinin istehsalına başlanmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”nın icrası çərçivəsində 5 ailə təsərrüfatına məxsus ümumilikdə 47 adda məhsulun etiketlərinin hazırlanmasına metodiki köməklik göstərilmişdir.Naxçıvan şəhərində fəaliyyət göstərən iri satış obyektlərində ailə təsərrüfatı məhsullarının aktiv satışı təmin olunmaqdadır. Həmçinin, Bakı və Gəncə şəhərlərində “Naxçıvan məhsulları” mağazalar şəbəkəsinə tələbata uyğun olaraq davamlı məhsul göndərilmişdir. Ailə təsərrüfatı məhsullarının keyfiyyətinə nəzarət aparılması üçün İqtisadiyyat Nazirliyi ilə birlikdə məhsullardan 56 halda nümunələr götürülərək yoxlanılmış və sınaqların nəticələrinin standartların tələblərinə uyğun olduğu müəyyən edilmişdir.
Fövqəladə Hallar Nazirliyi və Dövlət Gömrük Komitəsinin nümayəndələri ilə birgə elektrik və qaz cihazlarının satışını həyata keçirən 41 təsərrüfat subyektində müşahidə xarakterli təkrar monitorinqlər aparılmış, idxal olunan 341 məişət qaz cihazına baxış keçirilmiş, təhlükəsizliyi təmin olunmayan 24 məişət qaz cihazının idxalına və satışına icazə verilməmişdir. Ümumilikdə standartların tələblərinə uyğun olmayan 3175 manat dəyərində keyfiyyətsiz və kontrafakt məhsullar satışdan çıxarılmışdır.
Antiinhisar və İstehlak Bazarına
Nəzarət Dövlət Agentliyi