23 Dekabr 2024, Bazar ertəsi

Aprelin 3-də Naxçıvan Biznes Mərkəzində “İqtisadi siyasətə təsir təhlillərinin qiymətləndirilməsi” mövzusu üzrə seminar öz işinə başlayıb. “Potensialın artırılması platforması” çərçivəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə üç gün ərzində keçiriləcək bu seminar Naxçıvan Dövlət Universiteti və “Naxçıvan” Universitetinin müəllim və tələbələri üçün nəzərdə tutulub.
Seminarın açılışında çıxış edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Vilayət Vəliyev qeyd edib ki, bu tədbirin məqsədi gələcəyin iqtisadçı mütəxəssisləri olacaq tələbələrdə sahələrarası əlaqələrin təhlili və qiymətləndirilməsi üzrə müasir dünya iqtisadiyyatında tətbiq olunan bilik və bacarıqların formalaşdırılmasıdır. O bildirib ki, rəhbərlik etdiyi qurumun əməkdaşları bu istiqamətdə müxtəlif yerlərdə seminarlar təşkil etməklə müasir Azərbaycan iqtisadiyyatının inkişafının gələcək dövr üçün iqtisadi modelləşdirilməsi üzrə zəruri olan nəzəri biliklərin və praktik bacarıqların çatdırılmasında mühüm təcrübə qazanıblar. Seminardan gözlənilən nəticə ilk olaraq ölkə iqtisadiyyatında sahələrarası əlaqələrin təkmilləşdirilməsi üçün analitik imkanların səfərbər olunması, bu istiqamətdə elmi-tədqiqat işlərinin aparılmasıdır.

Seminarda iştirak edən Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin professor-müəllim heyətinə, magistr və tələbələrinə iqtisadiyyatın bir sıra sahələri üzrə təhlillərin aparılması, makroiqtisadi təsirlərin qiymətləndirilməsi və gələcəyə doğru proqnozlaşdırmalar üzrə proqram təminatının təqdim olunması onların iqtisadi təhlillərin aparılması sahəsində təcrübə qazanmalarına imkan verəcək. Mütəxəssis qeyd edib ki, seminar çərçivəsində iştirakçılara, həmçinin investisiya layihələrinin qiymətləndirilməsi, biznes planların tərtibi, risklərin müəyyən edilməsi, davamlı inkişaf və yaşıl iqtisadiyyat formalaşdırılması məsələləri üzrə də çıxışlar təqdim olunacaqdır. Bütün bunlar isə müasir Naxçıvan Muxtar Respublikası iqtisadiyyatı üçün olduqca aktual olan məsələlərdəndir.

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR