23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikanın ən böyük bölgəsi olan Şərur rayonunda sosial-­iqtisadi və mədəni obyektlərin, istehsal müəssisələrinin, təhsil, səhiyyə ocaqlarının tikintisi, yolların və digər infrastrukturların yenilənməsi diqqət mərkəzində saxlanılır.

Təkcə ötən il rayonun Ərəbyengicə, İbadulla və Kosacan kəndlərində tam orta məktəb binaları, kənd və xidmət mərkəzləri, səhiyyə müəssisələri tikilib, Şərur şəhərini və ətraf kəndləri əhatə edən içməli su şəbəkəsinin və kanalizasiya sisteminin birinci və ikinci hissələri istismara verilib. “Naxçıvan Avtomobil Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətinin texniki servis mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi üçün yeni bina inşa olunub. Ümumiyyətlə, il ərzində rayonda 50-dək müxtəlif təyinatlı obyekt tikilib, 20-dən çox obyektin tikintisi, yaxud yenidən qurulması davam etdirilib. Tikinti-quruculuq işlərində istifadə olunan investisiyanın ümumi həcmi 74 milyon 561,2 min manat təşkil edib.

Bu ilin əvvəllərində isə Şərur şəhərində uşaq xəstəxanası, Kərimbəyli kəndində 270 şagird yerlik tam orta məktəb binası, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası istifadəyə verilib, avtomobil yolu yenidən qurulub.
Cari ildə rayonda tikinti-­quruculuq sahəsində yenə də geniş və iri layihələr icra olunur. Daha 4 kənddə sosial obyektlər tikilir, Şərur şəhərində mədəniyyət sarayı üçün bina inşa olunur. Naxçıvan­-Sədərək magistralından Şərur şəhərinə qədər olan, eləcə də şəhərdəki Heydər Əliyev prospektini və 6 küçəni əhatə edən 11 kilometrlik avtomobil yolu yenidən qurulur, yolun yatağı genişləndirilir, qalın asfalt örtük salınmasına hazırlıq işləri görülür. Rayon mərkəzində müasir yaşayış kompleksinin də tikintisinə başlanılıb. Kompleks hər biri altımərtəbəli və 40 mənzilli üç yaşayış binasından ibarət olacaqdır. Həmçinin rayonda sutəmizləyici qurğular yaradılır, Zeyvə və Düdəngə kəndlərində də içməli su sistemləri qurulur, kəndlərdə fərdi yaşayış evlərinin tikintisi sürətlə aparılır.
Beləcə, Şərur özünün tarixi-mədəni ənənələrini qoruyub-saxlamaqla hərtərəfli sosial-iqtisadi inkişaf mərhələsini yaşamaqdadır. Gündən-günə müasirləşən, aparılan quruculuq işləri nəticəsində yeni görkəm alan, gözəlləşən Şərur daha uca zirvələr yolundadır.

Elman MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR