23 Dekabr 2024, Bazar ertəsi

Məlum olduğu kimi, vergi qanunvericiliyində edilən dəyişikliklər son vaxtlar sahibkar­lar və ictimaiyyət arasında geniş müzakirə mövzusuna çevrilib. Vergi sahəsində aparılan islahatlar əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına xidmət edən mühüm dövlət siyasəti kimi qiymətləndirilir. 2019-cu il yanvarın 1-dən etibarən qüvvəyə minən yeni qanunlar sahibkarların da fəaliyyətinə müsbət təsir göstərib. Bu barədə mütəxəssis rəyini öyrənmək məqsədilə Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi Zahid ­Qənbərova müraciət etdik.

Onun sözlərinə görə, ümumilikdə, Vergi Məcəlləsinə 240-dan artıq əlavə və dəyişiklik edilib. Məcəllədə edilən mütərəqqi dəyişikliklər məhz özəl sektorun, xüsusilə də mikro­sahibkarlıq sahələrinin inkişafına təkan verməkdədir. Mikrobiznesə 1-dən 10-a kimi işçinin çalışdığı və illik gəlirləri 200 min manatdan çox olmayan müəssisələr və fərdi sahibkarlar aiddir. Bu kateqoriyadan olan vergi ödəyiciləri vergi ilə bağlı müəyyən güzəştlər əldə ediblər. Belə ki, daxil olan gəlirlərin 75 faizi vergidən azad edilib. Sahibkarın yalnız yerdə qalan 25 faiz gəlirindən 20 faiz vergi tutulmağa başlanılıb.

Nazirliyin əməkdaşı digər bir yenilik haqqında da məlumat verərək bildirdi ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və özəl sektorda çalışan və aylıq gəlirləri səkkiz min manatdan aşağı olan işçilərin yeddi il müddətinə gəlir vergisindən azad edilməsi böyük bir dəyişiklikdir. Aylıq gəliri qeyd edilən məbləğdən yuxarı olan vergi ödəyiciləri üçün vergi 14 faiz səviyyəsində təsbit ­olunubdur.
Məcburi dövlət sosial sığortası haqqındakı yeniliklərdən də danışan Zahid Qənbərov əmək müqaviləsi əsasında işləyən işçilərin məcburi dövlət sosial sığortası üzrə ödənişlərinin əsas yükünün əvvəllər sahibkarların üzərinə düşdüyünü söylədi: “Bu məsələ də diqqətdən kənarda qalmayıb. Belə ki, dəyişik­liklərə əsasən işçinin aylıq əməkhaqqı 200 manat təşkil edəcəyi halda, məcburi dövlət sosial sığorta ayırmaları əvvəlki səviyyədə qalır: maaşının 3 faizini işçi, 22 faizini işəgötürən ödəyir. Ancaq işçinin aldığı əməkhaqqı 200 manatdan çox olarsa, o zaman işçi 6 manat və 200 manatdan artıq məbləğin 10 faizi miqdarında sosial sığortahaqqı ödəməlidir. Bu halda işəgötürən 44 manat və 200 manatdan artıq məbləğin 15 faizi miqdarında sığortahaqqı ödəyəcək”.
Bütün bu güzəştlər və azadolmalarla bağlı sahibkarların da fikirlərini öyrəndik. “Karton Tara” Məhdud Məsuliyyətli Cəmiyyətinin müdiri Samiddin Məmmədov qeyd edir ki, müəssisədə 9 işçi çalışır. Əvvəllər işçilər öz gəlirlərinin 14 faizi miqdarında gəlir vergisi verirdilərsə, yeni dəyişikliklərdən sonra onlar bu vergidən azad olduqları üçün əməkhaqlarında da müəyyən artım baş verib. Həmçinin işçilər də qeyd etdi ki, bu, çox sevindirici haldır və dövlətin vətəndaşa göstərdiyi diqqət və qayğının nümunəsidir.
Elektrik xətlərinin çəkilişi ilə məşğul olan fərdi sahibkar Əfqan Abbasov kiçik sahibkarlıq subyektlərinə edilən güzəştlərdən yararlandığını deyərək bildirir ki, artıq ümumi gəlirlərinə 5 faiz miqdarında vergi ödəyir.
Kolbasa və kolbasa məmulatlarının istehsalı ilə məşğul olan fərdi sahibkar Ziyafəddin Məmmədov əvvəllər müəssisədə işləyən işçilərin məcburi dövlət sosial sığortası üzrə ödəmələrin əsas yükünün sahibkarın üzərinə düşdüyünü qeyd edərək nəzərə çatdırdı ki, indi bu ödəmələr sahibkar və işçi arasında tarazlaşdırılıb. Sahibkar işçinin işəgötürən tərəfindən ödənilən məcburi dövlət sosial sığorta ödənişlərinin 22 faizdən 15 faizə endirilməsindən də razılıq və minnətdarlıqla danışdı.
Apardığımız kiçik sorğudan da aydın oldu ki, ölkəmizdə həyata keçirilən son vergi islahatları, Vergi Məcəlləsində edilən dəyişikliklər sahibkarlığın inkişafına dəstək olmaqla yanaşı, kölgə iqtisadiyyatının aradan qaldırılması, qeyri-rəsmi məşğulluğun qarşısının alınması və işçilərin gələcəkdə pensiya təminatının yaxşılaşdırılması məqsədi daşıyır.

Naxçıvan Muxtar Respublikası
Vergilər Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR