23 Dekabr 2024, Bazar ertəsi

Əhalinin təhlükəsiz qida məhsulları ilə etibarlı təminatı muxtar respublikamızda həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca prioritetlərindən biridir. Gömrük orqanları tərəfindən daxili bazarın qorunması istiqamətində görülən işlər və Naxçıvan Gömrük Ekspertizası İdarəsinin sınaq laboratoriyasının fəaliyyəti muxtar respublikamızda əhalinin təhlükəsiz ərzaq məhsulları ilə təminatında mühüm rol oynayır.  

2012-ci ildən fəaliyyət göstərən Naxçıvan gömrük laboratoriyası İSO 17025 standartının tələblərinə uyğun olaraq akkreditasiyadan keçib. Burada dünyanın nüfuzlu firmalarının istehsalı olan ən müasir cihazlar quraşdırılıb. Yüksəkixtisaslı kadrlarla təmin olunan sınaq laboratoriyasında keyfiyyət göstəricilərinin təyini üzrə analizlər aparılır, o cümlədən avtonəqliyyat vasitələrinin ekoloji sinfi müəyyən edilir. Naxçıvan Gömrük Ekspertizası İdarəsi gömrük rəsmiləşdirilməsi zamanı şəxslərin müraciətləri əsasında Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturası üzrə kodların təyin olunması işini də həyata keçirir.

Naxçıvan Muxtar Respublikası ərazisinə idxal olunan mallardan standartlara uyğun şəkildə götürülən prob və nümunələr onlayn müraciət sistemində qeydiyyata alınaraq laboratoriyaya göndərilir. Nümunələrin qeydiyyatı ilə yanaşı, müraciətlərin qəbulu və ekspertizanın nəticələrinə dair protokolun verilməsi prosesi də elektronlaşdırılıb. Göstəricilərin təyin olunması ölkə ərazisində qüvvədə olan standartlara, nümunənin texniki şərtnaməsinə, sanitariya-epidemioloji qaydalara və normativlərə əsasən müəyyən edilir.
Malların keyfiyyət göstəricilərinin yoxlanılması spektrometriya, xromatoqrafiya, atom-adsorbsiya və fiziki-kimyəvi analizlər üzrə aparılır. Laboratoriyada geni modifikasiya olunmuş məhsulların, həmçinin kanserogen maddələr olan mikotoksinlərin təyin edilməsi, konservant maddələr olan benzoy və sorbin turşularının miqdarının yoxlanılması, bütün növ ərzaq məhsullarında 16 adda ağır metalın miqdarının müəyyən olunması mümkündür.
Demək olar ki, idxal istiqamətində gətirilən bütün növ ərzaq məhsulları gömrük ekspertizasına cəlb olunur və bu sahədə elektron baza formalaşdırılır. Analizi həyata keçirilən ərzaq və qida məhsullarına misal olaraq, alkoqollu və alkoqolsuz içkiləri, ət və ət məhsullarını, dənli bitkiləri və taxılı, süd və süd məhsullarını, konservləri, quru meyvələri, bitki və heyvan mənşəli yağları, un məmulatlarını, qənnadıları, uşaq qidalarını və digərlərini göstərmək olar.
Son illər ərzində ərzaq məhsulları üzərində aparılmış gömrük ekspertizasının nəticələri göstərir ki, qida təhlükəsizliyinin təmin olunması istiqamətində görülən tədbirlər nə qədər əhəmiyyətli və aktualdır. Bunu muxtar respublikanın istehlak bazarlarında satışı həyata keçirilən müxtəlif markalı kərə, zeytun və qarğıdalı yağlarından götürülmüş nümunələrin analizi bir daha göstərdi. Analizlərin nəticələrinə görə, əslində, zeytun yağı olmayan, yəni tərkibində digər bitki yağları və bəzi hallarda müxtəlif qarışıqlar olan 17 adda zeytun yağı markası müəyyən olundu və həmin yağların idxalı qadağan edildi.
Ərzaq məhsullarından başqa muxtar respublikamıza idxal olunan yuyucu vasitələrin və uşaq oyuncaqlarının da keyfiyyət göstəricilərinin standart normalara uyğun olmadığı hallar müəyyən edilib. Əsasən, Çin istehsalı olan uşaq oyuncaqlarının güclü yanıcılıq qabiliyyətinə və kəskin qoxuya malik olduğu, hazırlanmasında zərərli boyalardan istifadə edildiyi aşkarlanıb. Saxta etiketlənmə və markalanma, məhsulun keyfiyyətinin aşağı olması kimi hallar isə yuyucu vasitələrin ekspertizası zamanı ortaya çıxan mənfi nəticələrdir.
Ümumilikdə, ötən il ərzində keyfiyyət göstəricilərinin təyini ilə bağlı 877 müraciət üzrə 8623 ton məhsuldan alınan prob və nümunələrin ekspertizası göstərir ki, xaricdən muxtar respublikamıza saxta və keyfiyyətsiz qida məhsullarının gətirilməsinə müəyyən cəhdlər edilir. 2018-ci ildə 93 tondan artıq kənd təsərrüfatı, ərzaq və digər məhsulların muxtar respublika ərazisinə buraxılmadan geri qaytarılmasının təmin olunması da deyilənləri təsdiqləyir. Daxili bazarın və istehlakçıların hüquqlarının qorunması, əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində ayrı-ayrı vətəndaşlardan saxlanılmış ümumi çəkisi 11 tondan artıq ərzaq məhsulunun isə yandırma üsulu ilə məhv edilməsi həyata keçirilib.
Onu da qeyd edək ki, Naxçıvan Gömrük Ekspertizası İdarəsi tərəfindən nəinki ölkəyə idxal olunan malların, həmçinin Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sifarişi əsasında yerli istehsal məhsullarının keyfiyyət göstəriciləri də yoxlanılır. 2018-ci il ərzində çörək, su, bitki və heyvan mənşəli yağlar, spirtli və spirtsiz içkilərin ekspertizasının aparılması yerli məhsulların keyfiyyətinin nəzarətdə saxlanılmasına xidmət edir.
Təbii ki, muxtar respublikamızda əhalinin əsas hissəsinin kənd təsərrüfatı ilə məşğul olması qida təhlükəsizliyinin etibarlı şəkildə təmin edilməsi baxımından da əhəmiyyətlidir. Çünki idxal məhsulları ilə müqayisədə yerli istehsal sahələrində ekoloji cəhətdən təmiz və keyfiyyətli məhsul istehsalına nail olmaq və bu sahədə səmərəli nəzarət mexanizmi formalaşdırmaq daha asandır. Daxili bazarın qorunması ilə əhalinin qida məhsullarına olan təminatı böyük ölçüdə yerli məhsullar hesabına ödənilir, həmçinin yerli məhsulların ixrac potensialı və brendləşməsi üçün imkanlar yaranır. Özəl sektora göstərilən dövlət qayğısı muxtar respublikamızda çoxsaylı sahibkarlıq subyektlərinin fəaliyyətini və inkişafını şərtləndirir. Yeni istehsal müəssisələrinin istifadəyə verilməsi hesabına hazırda muxtar respublikamızda 126 növdə 570 çeşiddə ərzaq məhsulu istehsal olunur. 108 növdə ərzaq məhsuluna olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir.
Təbii ki, qida təhlükəsizliyinin təmin edilməsində həyata keçirilən dövlət tədbirləri ilə yanaşı, ərzaq məhsullarının istehsalçıları, emalçıları, ərzaq məhsullarının ticarəti ilə məşğul olan təsərrüfat subyektlərinin üzərinə də böyük məsuliyyət düşür. Məhz ərzaq istehsalı zəncirinin bütün iştirakçıları qida təhlükəsizliyinə görə cavabdehdirlər. Buna görə də istehsalçılar və ticarətçilər öz fəaliyyətlərində qida məhsullarının təhlükəsizliyini əsas tutmalı, istehlakçılara sağlam və keyfiyyətli məhsulların çatdırılmasını özlərinin vicdan məsələsi hesab etməli və bunu başlıca öhdəlikləri kimi layiqincə yerinə yetirməlidirlər.
Gömrük orqanları əhalinin təhlükəsiz qida məhsulları və digər keyfiyyətli mallarla etibarlı təminatı istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Gömrük Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR