Bunu ötən ilin nəticələri də göstərir
Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının ölkəmizdə, o cümlədən muxtar respublikamızda qətiyyətlə davam etdirilməsi iqtisadiyyatın bütün sahələrində olduğu kimi, kənd təsərrüfatı sahəsində də böyük nailiyyətlər əldə olunmasını, makroiqtisadi sabitliyin möhkəmləndirilməsini, davamlı iqtisadi inkişafı təmin edib. Bu inkişaf kənd təsərrüfatı sahəsində də özünü büruzə verir. Belə ki, muxtar respublikada aqrar sektor daim diqqət mərkəzində saxlanılır, onun inkişafına dəstək verilir, müvafiq qanun və sərəncamlar qəbul olunmaqla kənd təsərrüfatına investisiya qoyuluşu ilbəil artırılır.
Son illər aqrar sektorda çalışan fermerlər və torpaq mülkiyyətçilərinə göstərilən hərtərəfli dövlət qayğısının nəticəsində bu sahəyə olan maraq daha da artır. Kənd təsərrüfatı məhsulları istehsalçılarına sərf etdikləri yanacaq və motor yağlarına dövlət tərəfindən hər hektar sahə üçün 50 manat vəsaitin, həmçinin səpilən hər hektar buğda sahəsi üçün əlavə olaraq 40 manat vəsaitin verilməsi ötən il də təmin edilib. Bundan başqa, hər hektar əkin sahəsi üçün tələb olunan mineral gübrələrin 70 faizi də təsərrüfatlara verilib. Məhsul istehsalçılarına, ümumilikdə, 5338 tondan çox azot və fosfor gübrəsi paylanıb.
Görülən işlərin nəticəsi olaraq 2018-ci ilin məhsulu üçün 61 min 935 hektar sahədə əkin aparılıb. Bu da 2017-ci ilin məhsulu üçün əkilmiş sahədən 404 hektar çoxdur. 2018-ci ildə 480 milyon 21 min manatdan artıq kənd təsərrüfatı məhsulu istehsal edilib ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz çoxdur.
Muxtar respublikada aqrar sektorun inkişafında soyuducu anbarların yaradılmasının da mühüm rolu vardır. Bu anbarlar bir tərəfdən, istehsal olunan məhsulların satışı ilə əlaqədar meydana çıxan problemləri aradan qaldırmaqla meyvə-tərəvəzin yetişdirilməsinə marağı artırırsa, digər tərəfdən, əhalinin ilboyu keyfiyyətli məhsullarla təminatına imkan verir. Qeyd edək ki, diyarımızda ümumi tutumu 14 min 245 ton olan 33 iritutumlu soyuducu anbar tikilib istifadəyə verilib.
Əvvəlki illərdə olduğu kimi, ötən il də taxılçılıq əsas əkinçilik sahəsi kimi diqqət mərkəzində saxlanılıb. 2018-ci ilin məhsulu üçün yazlıq əkinlərlə birlikdə taxıl əkini sahəsi 32 min 483 hektara bərabər olub. Ötən il dənli və dənli-paxlalı əkin sahəsində 104 min 413 ton məhsul yığılıb ki, bu da 2017-ci illə müqayisədə 4297 ton çoxdur.
Naxçıvan Muxtar Respublikasında taxılçılığın inkişaf etdirilməsində taxıl ehtiyatı anbarlarının tikilib istifadəyə verilməsinin də böyük rolu vardır. Belə ki, 27 min tonluq uzunmüddətli və 43,4 min tonluq qısamüddətli anbarların tikilib istifadəyə verilməsi diyarımızda taxıl ehtiyatının yaradılması işinə öz töhfəsini verib. İstehsal olunan buğdanın hər kiloqramının 30 qəpikdən mərkəzləşmiş qaydada satın alınması da taxıl istehsalına olan marağı xeyli artırıb.
Onu da qeyd edək ki, 2018-ci ilin payızında cari ilin məhsulu üçün muxtar respublikada 31 min 667 hektar sahədə taxıl əkini aparılıb. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 742 hektar çox deməkdir.
Muxtar respublikada taxılçılıqla yanaşı, ikinci çörək hesab olunan kartof məhsuluna olan tələbatın ödənilməsi diqqət mərkəzində saxlanılır. Müxtəlif dövlət proqramlarının uğurla həyata keçirilməsi, həmin sahədə çalışan mülkiyyətçilərə davamlı olaraq güzəşli kreditlərin verilməsi bu sahədə yüksək nailiyyətlərin əldə olunmasına yol açıb. Nəticədə, 2018-ci ildə sahələrdən 49 min 574 ton məhsul yığılıb. Bu isə əvvəlki illə müqayisədə 592 ton çoxdur.
İqtisadi səmərəliliyinə görə əkilən bitkilər içərisində tərəvəzçiliyin xüsusi yeri vardır. Məhz bu səbəbdən muxtar respublikada tərəvəz əkini sahələri hər il daha da genişləndirilir. Bunun nəticəsidir ki, torpaq mülkiyyətçiləri və sahibkarlar 2017-ci illə müqayisədə 919,4 ton çox olmaqla, 2018-ci ildə 6183 hektar tərəvəz əkinlərindən 85 min 642 ton məhsul toplayıblar.
Artıq muxtar respublikada yaz-tarla işlərinə başlanılıb. 2019-cu il martın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun iştirakı ilə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində muxtar respublikada yaz-tarla işlərinə hazırlıqla əlaqədar keçirilən səyyar müşavirədə qeyd olunduğu kimi, bu ilin yazında 27 min hektardan artıq sahədə əkin aparılacaq. Eyni zamanda 70 hektar sahədə yeni meyvə bağları, 6 hektar sahədə üzüm bağı, 106 hektar sahədə tinglə bərpa, 170 hektar sahədə isə toxumla bərpa olmaqla, ümumilikdə, 352 hektar sahədə yaşıllaşdırma tədbirlərinin aparılması nəzərdə tutulub. Hazırda bu istiqamətdə işlər sürətlə davam etdirilir.
Torpaq mülkiyyətçilərinin müasir kənd təsərrüfatı texnikaları ilə təchiz olunması istiqamətində də işlər uğurla aparılır. 2019-cu ilin ötən dövründə tələbata uyğun olaraq 292 texnika və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilib. Ötən həftə 55 sahibkara 75 adda texnika və texnoloji avadanlıqlar verilib.
2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunması və bununla əlaqədar Tədbirlər Planının təsdiq edilməsi həmin sahənin inkişafına yeni stimul verib. Hazırda Naxçıvanda 525 böyük ailə təsərrüfatı fəaliyyət göstərir və yeni ixtisaslaşmış ailə təsərrüfatlarının formalaşması, gələcəkdə kiçik və orta sahibkarlıq subyektinə çevrilməsi istiqamətində tədbirlər həyata keçirilir.
Diyarımızda aqrotexniki tədbirlərin optimal müddətdə keyfiyyətlə aparılması bu sahənin inkişafını daha da sürətləndirib. Məhsul istehsalçılarına göstərilən dövlət dəstəyinin ilbəil artırılması isə torpaq mülkiyyətçilərinin torpağa bağlılığını artırır. Onlar əkin sahələrini genişləndirir, yüksək məhsul istehsalında yeni-yeni uğurlar qazanır. Muxtar respublikada fəaliyyət göstərən torpaq mülkiyyətçiləri və sahibkarların 2018-ci ildə əldə etdikləri nailiyyətlər deməyə əsas verir ki, 2019-cu ildə qarşıya qoyulan bütün vəzifələr uğurla yerinə yetiriləcəkdir.
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti