Muxtar respublikamızda həyata keçirilən iqtisadi siyasətin əsas məqsədlərindən biri də ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Bunun üçün daxili bazarın tələbatına uyğun yerli məhsul istehsal edən müəssisələrin yaradılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Məhz həmin tədbirlərin nəticəsidir ki, muxtar respublikada bazar iqtisadiyyatının tələblərinə uyğun rəqabətqabiliyyətli müəssisələrin sayı artır. Yaradılan müəssisələr bir tərəfdən, ərzaq və qeyri-ərzaq məhsullarının bolluğuna, digər tərəfdən isə əhalinin məşğulluğunu təmin edir.
Belə müəssisələrdən biri də Naxçıvan şəhərində fəaliyyət göstərən “Gəmiqaya Bərəkət Qida Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Yaxın günlərdə müəssisədə olduq və öyrəndik ki, dövlət maliyyə dəstəyi ilə müəssisədə 2003-cü ildə çörək, 2004-cü ildə makaron və peçenye, 2005-ci ildə isə süd məhsulları istehsalı sahələri yaradılıb. Bu sahələrdə Almaniya, Türkiyə və İtaliya istehsalı olan müasir texnoloji avadanlıqlar quraşdırılıb. Müəssisənin fəaliyyətinin genişləndirilməsi, müasir texnoloji avadanlıqlar tətbiq olunmaqla istehsal gücünün artırılması, yeni istehsal sahələrinin yaradılması və əlavə işçi qüvvəsinin cəlb edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondundan 2008-ci ildə əlavə dövlət maliyyə dəstəyi göstərilib. Bu vəsaitlə çörək sexində avtomatik xətt istifadəyə verilib. Burada 5 növ undan çörək istehsal olunur. Çörəyin dəmir üzərində deyil, daş üzərində bişirilməsi onun daha keyfiyyətli olmasına imkan verir. Onu da qeyd edək ki, artıq bir neçə aydır müəssisədə “boradin” çörəyi də bişirilir. Bu çörək digərlərindən tərkibindəki vitaminlərə görə fərqlənir.
Müəssisədə istehsal sahələri ilbəil genişləndirilir. 2012-ci ildə burada kəpəkli çörək istehsalına başlanılıb. İnsan sağlamlığı üçün vacib elementlərlə zəngin olan kəpəkli çörək keyfiyyətli qida məhsulu kimi alıcılar tərəfindən rəğbətlə qarşılanır.
Müəssisənin makaron sexində istehsal edilən bir neçə növdə makaron müxtəlifölçülü kisələrdə qablaşdırılır. İtaliya istehsalı olan 4 qurutma sobasından istifadə etməklə, saatda 300 kiloqram makaronun istehsal edilməsi daxili bazara öz töhfəsini verir.
2011-ci ildə müəssisədə Türkiyə istehsalı olan müasir texnoloji avadanlıqlar tətbiq olunmaqla Şərq şirniyyatları istehsalı sahəsi yaradılıb, burada hazırlanan milli şirniyyat nümunələrimiz – şəkərbura, Ordubad və Şəki paxlavaları, şəkərçörək, şirin çörək, biskvit və digər unlu-qənnadı məmulatları nəfis tərtibatla bəzədilmiş taralarda satışa çıxarılır. Şirniyyat istehsalı sahəsində saatda 200 kiloqram peçenye, 2 ton müxtəlif şirniyyatlar istehsal olunur.
Müəssisənin süd istehsalı sahəsində isə Hollandiya, Almaniya və Türkiyə istehsalı avadanlıqlardan istifadə olunaraq müxtəlif çəkilərdə 10 çeşiddən çox süd məhsulları istehsal edilir. Fermer və fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən xammal şəklində alınan süd xüsusi maşınlarla müəssisəyə daşınıb laborator analizdən keçirildikdən sonra istehsala buraxılır. İstehsal sahələrində istifadə olunan xammalların 60 faizi yerli məhsullardır.
“Gəmiqaya Bərəkət Qida Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətində bütün istehsal prosesi İSO keyfiyyətli idarəetmə sisteminin və qida təhlükəsizliyinin tələblərinə tam uyğun şəkildə təşkil olunub. Müəssisədə işçilər gündə bir dəfə pulsuz yeməklə təmin edilirlər.
Müəssisənin məhsullarından istifadə edən insanlarla da görüşdük.
Əslən naxçıvanlı olub Bakıda yaşayan Zeynəb Məmmədova bildirdi:
– İllərdir, işimlə əlaqədar olaraq Bakı şəhərində yaşayıram. Naxçıvana gələndə hər sahədəki inkişafı görür, çox sevinirəm. Mağazalardakı bolluq isə nəyə desən, dəyər. Xüsusilə yerli məhsullarla dolu rəfləri görəndə lap ürəyim açılır. “Gəmiqaya Bərəkət Qida Məhsulları” firma mağazası ata ocağımızın yaxınlığında yerləşir. Hər dəfə Naxçıvana gələndə bu mağazada satılan məhsullardan alıb Bakıdakı yaxınlarıma, qonşularıma sovqat aparıram. Deyim ki, buradan aldığım qovurulmuş əriştə ev şəraitində hazırlanan əriştədən seçilmir. Şirniyyatların da dadına, tamına söz ola bilməz. Buradan aldığım süd məhsulları – pendir, qaymaq, ayran xeyli keyfiyyətlidir, min bir dərdin dərmanıdır.
Bütün bunlar onu deməyə əsas verir ki, əvvəllər alıcılar xaricdən gətirilən ərzaq məhsullarına üstünlük verirdilərsə, indi artıq muxtar respublikada istehsal olunan məhsullara daha çox maraq göstərirlər.
Ramiyyə ƏKBƏROVA