Naxçıvan Muxtar Respublikasında bank sisteminin müasir tələblər səviyyəsində qurulması, yaradılan şərait əhaliyə nümunəvi xidmət göstərməyə imkan verir. Banklar və kredit təşkilatları tərəfindən muxtar respublika iqtisadiyyatına yönəldilən kredit qoyuluşunun həcmi 1 oktyabr 2018-ci il tarixə 106 milyon 297 min manat olmuşdur ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 982 min manat artmışdır. Kredit qoyuluşu, əsasən, dövlət proqramlarının icrasına, real sektorun, kiçik və orta sahibkarlığın inkişafına yönəldilmişdir. Bu da kənd təsərrüfatı, yerli sənaye və istehlak malları istehsalının həcminin artması və yeni iş yerlərinin yaranması baxımından əhəmiyyətli olmuşdur.
Bank və kredit təşkilatları tərəfindən bu ilin 9 ayında 39 milyon 431 min manat kredit verilmişdir ki, bunun da 4 milyon 229 min manatı qısamüddətli, 35 milyon 202 min manatı isə uzunmüddətli kreditdir. Verilmiş kreditlərin 4 milyon 530 min manatı kənd təsərrüfatı, 5 milyon 172 min manatı sənaye, 670 min manatı tikinti, 1 milyon 830 min manatı kommersiya, 521 min manatı nəqliyyat, rabitə və informasiya, 15 min manatı balıqyetişdirmə sahəsinə, 2 milyon 970 min manatı daşınmaz əmlakla əlaqədar ipoteka kreditlərinin verilməsinə, 23 milyon 723 min manatı isə digər kommunal, sosial və istehlak kreditlərinin verilməsi kimi sahələrə yönəldilmişdir. Bundan başqa, kredit təşkilatları tərəfindən 128 fiziki və hüquqi şəxsə 3 milyon 115 min 600 manat dəyərində kənd təsərrüfatı texnikası üzrə lizinq xidməti göstərilmişdir.
Yanvar-sentyabr aylarında banklara 34 milyon 548 min manat kredit borcu, Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu vəsaitlərindən isə 2 milyon 961 min manat vaxtı keçmiş kredit borcları qaytarılmışdır. Muxtar respublikada fəaliyyət göstərən banklar tərəfindən fiziki və hüquqi şəxslərə açılmış bank hesablarının işlək hesablara çevrilməsi istiqamətində də tədbirlər həyata keçirilmiş, 2 min 299 hüquqi, 76 min 633 fiziki şəxs olmaqla, 78 min 932 müştəriyə xidmət göstərilmişdir. Xidmət olunan hesabların 69 min 309-u işlək hesab olmuşdur ki, onların 1539-u hüquqi, 67 min 770-i fiziki şəxsdir. 2018-ci ilin yanvar-sentyabr ayları ərzində 86 hüquqi, 13 min 486 fiziki şəxs olmaqla, 13 min 572 müştəriyə yeni bank hesabı açılmışdır.
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklar tərəfindən bankların əməliyyat kassalarına daxil olan nağd pul hasilatını artırmaq və Mərkəzi Bankın ehtiyat fondundan dövriyyəyə buraxılan nağd pul kütləsinin artım tempinin aşağı salınması istiqamətində də işlər davam etdirilmişdir. Ötən dövrdə bankların kassa mədaxili 373 milyon 852 min manat, kassa məxarici isə 526 milyon 805 min manat olmuşdur. Muxtar respublika üzrə bankların kassa məxaricinin kassa mədaxilində xüsusi çəkisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,7 faiz azalmış, emissiya 29 faiz olmuşdur. Həmçinin bu dövrdə Mərkəzi Bankın ehtiyat fondundan 239 milyon 212 min manat nağd pul dövriyyəyə buraxılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq edilmiş “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”a uyğun olaraq nağdsız ödənişlərin miqyasının genişləndirilməsi, elektron ödəniş xidmətlərindən istifadə aktivliyinin artırılması üçün müvafiq tədbirlər həyata keçirilmişdir. Vətəndaşların ödəniş kartları vasitəsilə vergi və rüsumların, Dövlət Yol Polisi, pasport və şəxsiyyət vəsiqəsi alınması üçün rüsumların, gömrük rüsumlarının, Dövlət Sosial Müdafiə Fondu və onun yerli şöbələrinə sosial sığorta haqlarının, mobil və stasionar telefonların abunə və danışıq xərclərinin ödənilməsinin elektron ödəniş formasında aparılması təmin edilmişdir. Nağdsız hesablaşmaların həcminin artırılması məqsədilə Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi tərəfindən mütəmadi olaraq kütləvi informasiya vasitələrində maarifləndirmə işləri aparılmışdır. Bununla yanaşı, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin, Naxçıvan Muxtar Respublikası Maliyyə və Vergilər nazirliklərinin, “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin, “Naxtel” və “Mastercard” şirkətlərinin nümayəndələrinin iştirakı ilə seminar-treninq keçirilmişdir. Bu tədbirin davamı olaraq qlobal ödəniş texnologiyalarının lideri olan “Mastercard” şirkəti tərəfindən cari ilin may ayında pilot olaraq seçilmiş Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödənişlərdən istifadənin stimullaşdırılması məqsədilə “Cahan” AVM-də istehlakçılar üçün stimullaşdırıcı kampaniyalara başlanmışdır.
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin və Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin əməkdaşlarının iştirakı ilə ticarət, iaşə və digər xidmət müəssisələrində quraşdırılmış POS-terminallardan müştərilərlə hesablaşmaların ödəniş kartları vasitəsilə aparılmasının monitorinqi keçirilmiş, nağdsız əməliyyat aparmayan `sahibkarlarla xüsusi maarifləndirici görüşlər təşkil edilmiş, müvafiq tövsiyələr verilmişdir. Eyni zamanda Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin və Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi əməkdaşlarının birgə iştirakı ilə muxtar respublikanın təhsil və səhiyyə müəssisələrində çalışan ödəniş kartı istifadəçiləri ilə görüşlər keçirilmiş, onlara ödəniş kartlarından istifadənin üstünlükləri barədə məlumatlar verilmişdir.
Əhalinin nağdsız ödənişlərə marağının artırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi ilə birgə mükafatlandırma tədbirləri keçirilmiş və cari ilin ötən dövründə 312 fiziki şəxsə 20 min manat dəyərində müxtəlif qiymətli hədiyyələr verilmişdir. Həmçinin ticarət, iaşə və digər xidmət müəssisələrində müştərilərlə hesablaşmaların ödəniş kartları vasitəsilə aparılması üçün POS-terminalların quraşdırılması işi davam etdirilmiş və mövcud POS-terminalların sayı 1270-ə çatdırılmışdır. Görülən işlərin nəticəsidir ki, POS-terminallar və digər ödəniş vasitələri ilə aparılan nağdsız əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 210 min manat artaraq 26 milyon 325 min manat olmuşdur.
Vətəndaşlara müasir bank xidmətinin göstərilməsi məqsədilə muxtar respublikada 5 yeni bankomat quraşdırılmış, 55-i Naxçıvan şəhərində, 54-ü isə rayon və kənd mərkəzlərində olmaqla, bankomatların sayı 109-a, ödəniş terminallarının sayı isə 23-ə çatdırılmışdır. Ödəniş terminallarında smarttipli kartların xidmət haqlarının ödənilməsi funksiyası aktiv edilmişdir. Muxtar respublikada ödəniş kartlarının sayında da artım müşahidə edilmişdir. Belə ki, muxtar respublika üzrə əməkhaqqı, pensiya və fərdi ödəniş kartı alanların sayı ötən ilin müvafiq dövründə 257 min 409 idisə, hazırda elektron ödəniş kartı alanların sayı 269 min 304-ə çatmışdır. Nağdsız hesablaşmalara keçidlə əlaqədar olaraq büdcə və büdcədənkənar xərclərin ödənilməsi də hüquqi şəxslərə verilən korporativ kartlar vasitəsilə həyata keçirilir.
Muxtar respublikada fəaliyyət göstərən 17 bank qurumunun hamısında təcili pul köçürmələri sistemi fəaliyyət göstərir. 2018-ci ilin yanvar-sentyabr aylarında təcili pul köçürmələri vasitəsilə dünyanın 40-dan çox ölkəsindən muxtar respublika vətəndaşlarının adına 4 milyon 865 min ABŞ dolları məbləğində pul köçürülmüş və banklar vasitəsilə ödənilmişdir. 2018-ci il oktyabrın 1-nə muxtar respublikada fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin həcmi 6 milyon 655 min manat olmuşdur ki, bunun da 5 milyon 172 min manatını milli valyutada, 1 milyon 483 min manatını isə xarici valyutada olan əmanətlər təşkil edir. Banklara qoyulan əmanətlərin həcmini ötən ilin müvafiq dövrü ilə müqayisə etdikdə manatla olan əmanətlərin həcmində 643 min manat artım, xarici valyuta ilə olan əmanətlərdə isə 1 milyon 7 min manat azalma müşahidə edilməkdədir. Bu isə öz növbəsində, əhalinin manata qarşı olan inamının əsas göstəricisidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli Sərəncamına əsasən Naxçıvan Dövlət Texniki Kollecinin Bank işi ixtisası Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi tərəfindən hamiliyə götürülmüşdür. Bununla yanaşı, “Naxçıvan” Universiteti və Naxçıvan Dövlət Texniki Kollecində yaradılmış Bank işi kabinetləri müxtəlif bank vəsaitləri ilə təmin edilmişdir. Hamiliklə əlaqədar Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin əməkdaşları tərəfindən yeni tədris ilində hər iki təhsil ocağının tələbələri ilə müxtəlif mövzularda seminar-məşğələlər keçirilmişdir.
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi bundan sonra da qarşıya qoyulan vəzifələrin icrasını diqqətdə saxlayacaq.
Mərkəzi Bankın Naxçıvan
Muxtar Respublikası İdarəsinin İqtisadi təhlil və statistika şöbəsi