23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikamızda sahibkar­lıq fəaliyyətinin genişləndirilməsi müxtəlif növ və çeşiddə yerli məhsulların istehsalı üçün əlverişli şərait yaradıb. İstehsal məkanı Naxçıvan olan hər bir məhsulun keyfiyyətinə hər yerdə yüz faiz təminat verildiyi bir dövrdə belə məhsulların brendləşdirilərək satışa çıxarılması və ixrac olunması artıq günün ­tələbinə çevrilib.

“Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində muxtar respublikanın paytaxtında yeni fəaliyyətə başlamış “Naxçıvan məhsulları” satış mağazası bu istiqamətdə işlərin daha da genişləndirilməsi məqsədi daşıyır. Şübhəsiz, yerli əhali ilə bərabər Naxçıvana gələn turistlərin də daha çox üz tuta biləcəkləri belə bir məkanda yerli məhsulların satışı mağazasının yaradılması ideyası məhsulların reklam və təşviqi, istehsalçıların fəaliyyətinin stimullaşdırılması baxımından uğurlu addımdır.
Naxçıvan şəhərinin Heydər Əliyev prospekti 21 ünvanında yerləşən “Naxçıvan məhsulları” satış mağazası insanların daha çox axın etdiyi, alış-verişin qaynar olduğu yerdir. 50 kvadratmetrdən çox ərazisi olan bu mağazada satılan yerli məhsullara tələbat böyükdür. Bunu mağazanın fəaliyyətə başladığı iki gün ərzində alıcıların marağı da göstərir. Mağazaya baş çəkəndə səhər saat­ları olmasına baxmayaraq, xeyli sayda müştəri var idi. Satıcı Davud Əliyev bildirdi ki, burada muxtar respublikamızda fəaliyyət göstərən 26 istehsal müəssisəsinə aid 592 çeşiddə məhsul satışa çıxarılıb.
Rəf və soyuducularda səliqə ilə düzülmüş nəfis şirniyyat və vafli məmulatları, ekoloji təmiz Naxçıvan duzu, meyvə şirələri, ət və süd məhsulları, min bir dərdin dərmanı olan mineral sular və dərman otları, hədiyyəlik meyvə quruları və spirtli içkilər, makaron, düyü, noxud, mərci­mək çeşidləri kimi istehlakımızda mühüm paya malik olan yerli məhsullar diqqəti cəlb edir. Meyvə­-­tərəvəz bölümündə isə payızın bu bolluq dövründə təkcə Naxçıvanda deyil, onun hüdudlarından kənarda da çox axtarılan tam orqanik təzə meyvə-tərəvəzlər müştərilərə təklif olunur. Mağazada “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” loqosu ilə satışa çıxarılan məhsullara da xüsusi yer verilib.
Qeyd edək ki, “Naxçıvan məhsulları” adlı satış mağazaları Bakı və Gəncə şəhərlərində də fəaliyyət göstərməklə özünə xeyli sayda müştəri toplayıb.

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR