Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin “Əmlak” informasiya bülleteninin ilk nömrəsi çapdan çıxıb. İnformasiya bülletenində komitənin maddi-texniki bazası, əməkdaşların fəaliyyəti üçün yaradılan şərait, fəaliyyət istiqamətləri üzrə görülmüş işlər və tətbiq olunan yeniliklər, eləcə də daşınmaz əmlak və torpaq qanunvericiliyinin izahı ilə bağlı yazılar yer alıb.
Jurnalda vətəndaşlar üçün daşınmaz əmlakın qeydiyyatının əhəmiyyəti, qeydiyyatdan keçmiş əmlaklara dövlət tərəfindən verilən təminatlarla bağlı maarifləndirici məlumatlar öz əksini tapıb. İnformasiya bülletenində, həmçinin muxtar respublikada torpaqların elektron uçotunun aparılmasının əhəmiyyəti və bu sahədə görülmüş işlər, torpaq ehtiyatlarından səmərəli istifadə və daşınmaz əmlakın qeydiyyatı ilə bağlı təhlillər, komitə tərəfindən vətəndaşlara göstərilən səyyar və elektron xidmətlər barədə yazılar yer alıb. Vətəndaşlardan daxil olan sorğular əsasında sual-cavab rubrikası hazırlanıb.
“Əmlak” informasiya bülleteni Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçib və ildə iki dəfə nəşr olunması nəzərdə tutulur.
Naxçıvan Muxtar Respublikası
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti