23 Dekabr 2024, Bazar ertəsi

İqtisadi inkişafın əsas şərti kimi makroiqtisadi sabitliyin qorunması və bu məqsədlə bank sektoru tərəfindən davamlı olaraq həyata keçirilən tədbirlər həmişə diqqəti cəlb edir. Bu baxımdan Naxçıvan Muxtar Respublikasında real sektora kredit qoyuluşunun artması və sahibkarların maliyyə resurslarına çıxış imkanlarının yaxşılaşdırılması nəticəsində bank sektorunun maliyyə dayanıqlılığı ötən dövr ərzində də uğurla təmin olunub. Sərfəli faiz dərəcələri ilə verilən kreditlər ümumi iqtisadi aktivliyin artırılmasında, sahibkarlığın inkişafında, məşğulluğun təmin olunmasında mühüm rol oynayır. 

Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindən aldığımız məlumata əsasən muxtar respublikada fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən 1 sentyabr 2018-ci il tarixə muxtar respublikanın iqtisadiyyatına yönəldilən kredit qoyuluşunun həcmi 106 milyon 93 min manata çatıb, burada qısamüddətli kredit qoyuluşunun həcmi 2 milyon 772 min manata, uzunmüddətli kredit qoyuluşu isə 103 milyon 321 min manata yaxın olub.

Aparılan təhlillər göstərir ki, cari ilin yanvar-avqust aylarının nəticələri, ümumilikdə, muxtar respublikada fəaliyyət göstərən bank və bank olmayan kredit təşkilatları üçün uğurlu olub. Belə ki, banklar qarşısında qoyulmuş ən mühüm vəzifələrdən biri olan iqtisadiyyata kredit qoyuluşunda müsbət dinamika qorunub saxlanılıb. Ötən 8 ay ərzində Naxçıvan Muxtar Respublikasında verilmiş kreditin ümumi məbləği 35 milyon 419 min manata çatıb ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə, təqribən, 1,7 dəfə çoxdur. Verilmiş kreditlərin 5 milyon 172 min manatı sənaye, 4 milyon 53 min manatı kənd təsərrüfatı, 670 min manatı tikinti, 20 milyon 447 min manatı kommunal və istehlak, 2 milyon 913 min manatı daşınmaz əmlakla əlaqədar ipoteka, 1 milyon 628 min manatı topdan və pərakəndə ticarət, 521 min manatı nəqliyyat, anbar təsərrüfatı və rabitə, 15 min manatı isə balıq­yetişdirmə üzrə kreditlərin verilməsinə və digər sahələrə yönəldilib. Kreditlərin dinamikasına gəldikdə isə ötən ilin müvafiq dövrü ilə müqayisədə verilmiş kreditlərin həcmində tikinti sahəsi üzrə, təxminən, 9,6, arıçılıq üzrə 9, heyvandarlıq sahəsi üzrə, təqribən, 3,5, kənd təsərrüfatı üzrə, ümumilikdə, təxminən, 2,9, kartofçuluq üzrə 1,6, bostan və tərəvəz sahələri üzrə isə 1,4 dəfə artım olub.
Bu dövrdəki nəticələrə görə muxtar respublika iqtisadiyyatına kredit qoyuluşunu həyata keçirən kredit təşkilatları arasında isə 87,1 faizlə özəl bankların üstünlük təşkil etdiyini görmək olar. Sonrakı yerləri 10,5 faizlə dövlət bankları, 2,4 faizlə bank olmayan kredit təşkilatları ­tutmaqdadır.
Təhlil olunan dövrdə bankların fəaliyyətinin digər bir mühüm istiqaməti olan əmanətlərin cəlb olunmasında da xeyli irəliləyiş olduğu görünməkdədir. Belə ki, 1 sentyabr 2018-ci il tarixə muxtar respublikada fəaliyyət göstərən banklarda mövcud olan fiziki şəxslərin əmanətlərinin həcmi 6 milyon 744 min manat, o cümlədən milli valyuta ilə 5 milyon 249,5 min, xarici valyuta ilə isə 1 milyon 494,4 min manat təşkil edib. Banklara qoyulan əmanətlərin həcminin ötən ilin müvafiq dövrü ilə müqayisədə milli valyuta ilə, təqribən, 1,24 dəfə artması, xarici valyuta ilə cəlb edilən əmanətlərin həcminin isə 1,7 dəfə azalması bank-maliyyə sistemində yaranmış sabitlikdən qaynaqlanmaqla ümumi müsbət tendensiyadan xəbər verir.
Yekun olaraq onu qeyd etmək mümkündür ki, ümumilikdə, muxtar respublikanın bank sektorunda daya­nıqlı inkişaf təmin olunub. Bank qurumlarının real sektoru dəstəkləmək istiqamətində verilmiş tapşı­rıqlara əməl etməsi və kredit portfelinin keyfiyyətinə nəzarətin gücləndirilməsi qarşıdakı dövrdə bu göstəricilərin daha da yaxşılaşdırılmasını proqnoz etməyə imkan verir.

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR