23 Dekabr 2024, Bazar ertəsi

Müasir dövrdə inkişaf etmiş ölkələrdə özəl sektorun əsasını ailə təsərrüfatları və kiçik sahibkarlıq subyektləri təşkil edir. Bu cür təsərrüfatlar özünüməşğulluğun nümunəvi modeli sayılmaqla yanaşı, həm də böyük sahibkarlıq subyektlərinin yaradılmasına gedən yolun başlanğıcı hesab edilir. Bu mənada, ailə təsərrüfatlarının yaradılması dövlətimizin marağındadır və bu cür fəaliyyətin nəticəsi ­ölkəmizin, eləcə də muxtar respublikamızın iqtisadi inkişafında mühüm rola malikdir. 

Ötən dövrdə muxtar respublikamızın bütün bölgələrində özünü­məşğulluğu belə fəaliyyət növü ilə təmin edən yüzlərlə ailə təsərrüfatı fəaliyyətə başlamışdır. Dövlət tərəfindən güzəştli şərtlərlə kreditlərin verilməsi, əldə olunan məhsulun satışı üçün yaradılmış şərait təsərrüfat sahiblərini daha da ruhlandırmışdır. Bu yazıda haqqında bəhs edəcəyimiz ailə təsərrüfatı sahibi də muxtar respublikada yaradılmış şəraitdən lazımınca yararlanaraq öz təsərrüfatını quran və ildən-ilə genişləndirən zəhmətkeş insanlardan biridir. Daxili bazarı sağlam, ekoloji təmiz kənd təsərrüfatı məhsulları ilə təmin etməyi qarşısına məqsəd qoymuş həmsöhbətimlə görüşmək üçün muxtar respublikamızın böyük yaşayış məntəqələrindən biri olan Babək rayonunun Nehrəm kəndinə üz tutduq.

Orta yaşlarında olan Cəmşid Həsənovu Nehrəmdə tanımayan yoxdur. Hər kəs onu zəhmətkeş, necə deyərlər, çörəkverən insan kimi tanıyır. Onunla əvvəlcədən danışdığımız kimi kənddə görüşürük. Söhbətimizi isə zəhmətinə qatlaşdığı, alın təri tökdüyü əkin sahələrində edirik.
“Nə vaxtdan əkib-becərirsən”, – sualımıza Cəmşid maraqlı cavab verdi: “Özümü ­tanıyandan”.
– Necə yəni? – təkrar soruşduğumda deyir ki, uşaq yaşlarından atası, qardaşları ilə birgə Nehrəm kəndinin ovaxtkı ictimai təsərrüfatının torpaq sahələrində bostan-tərəvəz məhsulları əkib-becəriblər. 13-14 yaşlarında isə necə deyərlər, bu işdən müstəqil şəkildə pul qazanmağa başlayıb. Onun dediklərindən: – Uşaqlıq və gənclik illərim Naxçıvanın ən ağır günlərinə təsadüf edirdi. Ötən əsrin 90-cı illərində muxtar respublikanın blokadaya salınması naxçıvanlıları çox çətin vəziyyətdə yaşamağa məcbur etmişdi. Hər kəsin əli torpaqdan soyumuşdu. Əslində, bunun üçün şərait də yox idi. Su çatışmazlığı, texnika qıtlığı, əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi kənd­linin problemlərini birə-beş artırmışdı. İnsanların sabaha ümidi qalmamışdı. O vaxt ümummilli liderimiz, böyük şəxsiyyət Heydər Əliyevin Naxçıvana gəlişi həyatımıza böyük dəyişikliklər ­gətirdi.
Bilirsiniz ki, Nehrəmin torpaqları bostan-tərəvəz məhsulları üçün əlverişli olduğundan hər il bu məhsullardan daha çox əkməyə başladıq. Ancaq düzünü deyim ki, qazancımız, sadəcə, dolanışığımızı təmin edirdi. Çünki böyük sahələri əkmək üçün gücümüz yetmirdi, eyni zamanda əkib-becərdiyini də sata bilmirdin. Çoxları o dövrdə qazanc dalınca müxtəlif yerlərə üz tutdular. Biz isə torpağa bağlı insanlar idik, əkinçilikdən ayrılmaq bizlik deyildi. Bütün çətinliklərə dözdük və bu günümüzə gəldik. İndi, şükürlər olsun ki, dövlətimiz əkinçinin yanındadır. Fikir verin, son illərdə muxtar respublikamızda su anbarları yenidən qurulub, nə qədər susuz sahələrə yeni kanallar, su xətləri çəkilib. Bizim bu Nehrəm kəndinin əkin sahələri az deyil, hamısı da yararlı torpaqlardır. İndi Heydər Əliyev Su Anbarından Pircuvar ərazisinə daimi su gəlir. Bunun nəticəsidir ki, illərlə orada əkilməyən sahələr indi məhsul verir.
Cəmşid Həsənovdan nə əkini ilə məşğul olduğunu soruşuruq. Bildirir ki, bu il 150 hektar sahədə taxıl əkib. Onun 12 hektarı arpa, qalanı isə buğda olub. Yaxşı da məhsul götürüb – hektara 28-30 sentner. Bundan əlavə, böyük bir sahədə bostan məhsulları yetişdirib, 2 hektar sahədə tərəvəz, ­ 2 hektarda isə noxud əkib. Deyir ki, tədarük etdiyi bostan və tərəvəz məhsullarının satışını Naxçıvan-Culfa magistral yolunun kənarında torpaq mülkiyyətçiləri üçün ayrılmış ərazidə təşkil edib. Məhsulun böyük hissəsi isə şənbə və bazar günləri Naxçıvan şəhərində təşkil olunan kənd təsərrüfatı yarmarkalarında alıcılara təqdim edilir. Müsahibimiz onu da bildirir ki, bu il satışa 80 tona yaxın qarpız­-qovun, həmçinin tərəvəz məhsulları çıxarıb.
Həmsöhbətimin sözlərinə görə, son 3 ildə tomat da istehsal edir. Hazırda rayon ərazisində, eləcə də Naxçıvan şəhərindəki bir çox ərzaq mağazalarında satışa çıxarılan həmin tomatlar keyfiyyəti ilə seçilir.
Təsərrüfatçı müsahibimiz pomidor və xiyar turşularının qablaşdırılması ilə də məşğuldur. Bildirir ki, bu il havaların çox isti keçməsinə baxmayaraq, sahələrdən bol tərəvəz məhsulları əldə edib. Hətta taxıl biçini yekunlaşdıqdan sonra həmin sahələrdə yenidən şum qaldıraraq pomidor əkib. Artıq həmin pomidorlar qızarmadan, təxminən, ok­tyabr ayının ortalarından başlayaraq turşuluq məqsədilə sahələrdən yığılır. Cəmşid Həsənov bu il həm də 10 hektar ərazidə kartof əkib, yaxşı da məhsul əldə edib.
Cəmşiddən böyük zəhmət tələb edən bu işlərin öhdəsindən necə gəldiyini soruşuram. Bildirir ki, həyatda uğur qazanmağın əsas yolu məşğul olduğun işi sevməkdir: “Bayaq dediyim kimi, uşaqlıqdan əkinçiliyə maraq göstərmişəm. Həm də ailəmizdə hər kəs əkin-biçinlə məşğul olub, necə deyərlər, çörəyimiz bundan çıxıb. İndi bu işi yenə də davam etdiririk. İşin öhdəsindən necə gəldiyimə qaldıqda isə bu yerdə ən böyük köməkçilərim ailə üzvlərimdir. Bunu da deməliyəm ki, əkdiyimiz sahələr böyük olduğundan mövsümlə əlaqədar işə kəndimizdən və yaxud rayonumuzun digər kənd­lərindən yeni işçi qüvvəsi cəlb edirəm. Digər vaxtlarda, həmçinin məhsulların qablaşdırılmasında ailə üzvlərimiz iştirak edir. Bu gün ailə təsərrüfatlarına dövlət tərəfindən lazımi köməkliklər göstərilir. Yanacaq, əkin üçün gübrə, güzəştli kreditlərin verilməsi biz təsərrüfatçılar üçün böyük dəstəkdir. Şəxsən mən belə güzəştli kreditlərdən yararlanaraq işlərimi xeyli sürətləndirmişəm. İndi, şükürlər olsun, əkin-biçin üçün şəxsi texnikalarımız da var. Öz zəhmətimizlə ­qurub-yaratdığımız təsərrüfatı daha da genişləndirməyə çalışırıq. Bununla bazarda yerli məhsulların həcminin artmasına öz töhfəmizi veririk”.
Sahibkarla söhbətimiz iki saat­dan çox çəkdi. Əkdiyi məhsulların hər biri haqqında böyük sevinclə danışan, onların hər qayğısını çəkən, zəhmətinə qatlaşan bu təsərrüfat sahibi ilə söhbətimizin kiçik bir hissəsini ancaq ümumiləşdirərək qələmə almağa çalışdım. Əkinçiliyi özünün sevimli məşğuliyyətinə çevirmiş bu torpaq mülkiyyətçisi ilə görüşdən çıxardığım ümumi nəticə isə bu oldu ki, həqiqətən, həyatda uğur qazanmağın əsl yolu sevdiyin işlə məşğul olmaqdır.

 Səbuhi HƏSƏNOV­

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR