Muxtar respublikada cari ilin ötən dövründə iqtisadiyyatın şaxələndirilməsi və sosial sahənin inkişafı üzrə mühüm tədbirlər həyata keçirilmiş, yüksək nəticələr qazanılmışdır.
Azərbaycan Respublikası Prezidentinin sədri olduğu “Caspian European Club”un 2017-ci il üçün hazırladığı investisiya reytinqində Naxçıvan Muxtar Respublikası ən yüksək ümumi bal toplayaraq birinci yerə çıxmış və bununla bağlı cari ilin yanvar ayının 23-də Heydər Əliyev Muzeyində tədbir keçirilmişdir.
Ötən dövrdə ən yaddaqalan hadisələrdən biri ölkə Prezidenti cənab İlham Əliyevin muxtar respublikaya növbəti səfəridir. Dövlət başçısı səfəri zamanı Naxçıvan Müəllimlər İnstitutunun və Qaraxanbəyli kəndində 6 nömrəli tam orta məktəb binasının, hərbi xəstəxananın, Naxçıvan Şəhər Təmizləyici Qurğular Kompleksinin, Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin birinci mərhələsinin açılışlarında iştirak etmiş, Dövlət Sərhəd Xidmətinin sərhəd dəstəsində və Əlahiddə Ümumqoşun Ordunun “N” hərbi hissəsində yaradılan şəraitlə tanış olmuşdur.
Həyata keçirilən uğurlu siyasətin nəticəsi olaraq 2018-ci ilin yanvar-sentyabr aylarında ümumi daxili məhsul istehsalı 2 milyard manatdan artıq olmuşdur ki, bu da bir il öncəki müvafiq göstəricidən 1,3 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,1 faiz artaraq 4417 manata çatmışdır. Ümumi daxili məhsulun tərkibində ilk yeri 27,9 faizlə sənaye tutmuş və maddi istehsalın payı 56,4 faiz təşkil etmişdir.
2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-sentyabr aylarında sənaye məhsulu 1,3 faiz, əsas kapitala yönəldilən vəsaitlər 1,5 faiz, kənd təsərrüfatı məhsulu 4 faiz, nəqliyyat sektorunda yük daşınması 1,9 faiz, informasiya və rabitə xidmətləri 3,2 faiz, o cümlədən mobil rabitə xidməti 2,3 faiz artmışdır.
Makroiqtisadi göstəricilər
*) müqayisəli qiymətlər üzrə
**) yanvar-avqust ayları
Sənaye
Muxtar respublikada müasir sənaye müəssisələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması bu sahənin sürətli inkişafına təkan vermişdir.
2018-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada 800 milyon 260 min 400 manat dəyərində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövründəki göstəricini 1,3 faiz üstələmişdir.
Sənaye məhsulu istehsalının 96,1 faizi malların, 3,9 faizi isə xidmətlərin payına düşmüşdür. İstehsal olunan sənaye məhsulunda özəl sektorun payı 95,6 faiz təşkil etmişdir.
Sənaye məhsulu istehsalının dinamikası, min manat
2018-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 34 layihə üzrə istehsal və xidmət obyektləri yaradılmış, 24 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması hazırda davam etdirilir.
Sənayenin inkişafı üçün bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 2018-ci ilin yanvar-sentyabr aylarında 5 milyon 172 min manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 9,3 dəfə çoxdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası muxtar respublikada xalçaçılıq ənənələrinin qorunmasına və inkişafına, əhalinin məşğulluğunun təmin edilməsinə öz töhfəsini verməklə yanaşı, xalçaçılığın inkişafına müsbət təsir göstərəcəkdir.
Sənayedə istehsalın həcminin artması nəticəsində cari ilin yanvar-sentyabr aylarında 220 milyon 855 min 100 ABŞ dolları dəyərində sənaye məhsulları ixrac olunmuşdur.
Hərbi quruculuq
Muxtar respublikada ordu quruculuğu istiqamətində tədbirlər davam etdirilir.
2018-ci ilin yanvar-sentyabr aylarında Naxçıvan şəhərində Əlahiddə Ümumqoşun Ordu üçün yeni xidmət və yaşayış kompleksi, xəstəxana istifadəyə verilmişdir. Avtomobil dayanacağının, texniki qulluq və texniki nəzarət məntəqələrinin tikintisi başa çatdırılmış, hərbi zavodun və mərkəzi hərbi xəstəxananın tikintisi davam etdirilir.
Babək rayonunda qərargah binasının, texniki istismar hissəsinin, iki avtomobil dayanacağının tikintisi başa çatdırılmış, start komanda və texniki qulluq məntəqələrinin, iki əsgər yataqxanasının, iki bölük mərkəzinin və avtomobil dayanacağının tikintisi davam etdirilir.
Culfa rayonunda dörd, Babək rayonunda üç, Şahbuz rayonunda iki anqarın tikintisi başa çatdırılmış, Babək rayonunda üç, Naxçıvan şəhərinin və Şahbuz rayonunun hər birində bir anqarın tikintisi davam etdirilir.
Şərur rayonunda bir postun tikintisi başa çatdırılmış, dörd postun tikintisi davam etdirilir.
Naxçıvan hərbi şəhərciyində Döyüş Şöhrəti Muzeyi və istirahət parkı istifadəyə verilmiş, Kəngərli rayonunda “N” hərbi hissədə yaşayış binasının tikintisi davam etdirilir.
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının hərbi şəhərciyində xidməti yaşayış binası istifadəyə verilmiş, Qaraçuq kəndi ərazisində sərhəd dəstəsinin yenidən qurulması başa çatdırılmışdır.
Şərur rayonunda Daxili Qoşunların “N” hərbi hissəsində infrastruktur obyektlərinin tikintisi davam etdirilir.
Tikinti-quruculuq və su təchizatı tədbirləri
Ümumi inkişafın təmin edilməsində vəsait qoyuluşları mühüm rol oynayır. Bu istiqamətdə muxtar respublikada 2018-ci ilin yanvar-sentyabr aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 779 milyon 920 min manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 1,5 faiz çoxdur. Vəsait qoyuluşlarının 727 milyon 510 min manatı və ya 93,3 faizi tikinti-quraşdırma işlərində istifadə edilmişdir.
2018-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada 129 müxtəlif təyinatlı obyekt tikilmiş, yenidən qurulmuş və ya əsaslı təmir olunmuş, 137 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri hazırda davam etdirilir.
Yaşayış məntəqələrinin abadlaşdırılması, səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi tədbirlərinə uyğun olaraq 2018-ci ilin yanvar-sentyabr aylarında 3 kənd mərkəzi istifadəyə verilmiş, 7 kənd mərkəzinin tikintisi davam etdirilir.
Muxtar respublikada 1 yaşayış binasının tikintisi, 11 yaşayış binasının yenidən qurulması başa çatdırılmış, 7 yaşayış binasının tikintisi, 5 yaşayış binasının yenidən qurulması davam etdirilir.
Cari ilin ötən dövründə yaşayış məntəqələrində kommunal xidmətlərin səviyyəsinin yaxşılaşdırılması məqsədilə muxtar respublikaya 2 kommunal təyinatlı avtomobil və 490 konteyner gətirilmişdir.
Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin birinci və ikinci mərhələsinin tikintisi başa çatdırılmış, Babək rayonunun Şəkərabad kəndində içməli su təchizatı və kanalizasiya sistemləri istifadəyə verilmişdir.
Babək, Ordubad, Kəngərli və Sədərək rayon mərkəzlərində və ətraf kəndlərdə içməli su təchizatı və kanalizasiya sistemlərinin, Şahbuz rayonunda çirkab sutəmizləyici qurğunun tikintisi davam etdirilir.
Əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərmişdir. 2018-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 369 min 500 kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir ki, bu da 2017-ci ilin müvafiq dövründəki göstəricidən çoxdur.
Kənd təsərrüfatı və yaşıllaşdırma tədbirləri
Muxtar respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında mühüm yer tutan kənd təsərrüfatının inkişafı üçün ardıcıl tədbirlər həyata keçirilir.
2018-ci ilin məhsulu üçün muxtar respublikada 61935 hektar sahədə əkin aparılmışdır ki, bu da 2017-ci ilin məhsulu üçün əkilmiş sahədən 404 hektar çoxdur.
Cəmi əkin sahələri, hektarla
Ötən dövrdə muxtar respublikada taxılçılıq üstün istiqamət kimi saxlanılmış və 2018-ci ilin məhsulu üçün 32483 hektar sahədə taxıl əkilmişdir ki, bunun da 30925 hektarı payızlıq, 1558 hektarı isə yazlıq taxıldır. Taxıl zəmilərinin 22632 hektarında buğda, 9851 hektarında isə arpa əkilmişdir. Bir il öncəyə nisbətən taxıl əkini sahəsi 851 hektar artmışdır. Cari ildə taxıl zəmilərindən 97 min 689 ton məhsul tədarük edilmişdir ki, bu da bir il öncəki göstəricidən 4270 ton çoxdur.
Tələbata uyğun olaraq kartofçuluğun inkişafında müsbət dinamika saxlanılmış və 2018-ci ildə 3215 hektar sahədə kartof əkini aparılmışdır ki, bu da 2017-ci ildə əkilmiş sahədən 32 hektar çoxdur. 1 oktyabr 2018-ci il tarixə 3153 hektar sahədən 48473,9 ton kartof yığılmışdır ki, bu da bir il öncəki göstəricini 2,1 faiz üstələyir.
2018-ci ildə muxtar respublikada tütünçülüyün inkişafı üçün də tədbirlər görülmüşdür. Şərur, Babək və Kəngərli rayonlarında, ümumilikdə, 41,5 hektar sahədə tütün əkini aparılmışdır ki, bu da bir il öncəki göstəricidən 32,5 hektar çoxdur. 1 oktyabr 2018-ci il tarixə 41,5 hektar sahədən 33,9 ton qurudulmuş tütün tədarük edilmişdir ki, bu da bir il öncəki göstəricidən 3,6 dəfə çoxdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası muxtar respublika əhalisinin meyvə və tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına təmin edilməsinə və tələbatdan artıq mövsümi məhsulların ixracına geniş imkanlar yaratmışdır.
Meyvəçiliyin inkişafını stimullaşdırmaq məqsədilə 2018-ci ildə muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində “Göycə” festivalı keçirilmişdir. 1 oktyabr 2018-ci il tarixə meyvə tədarükü bir il öncəyə nisbətən 4,3 faiz, tərəvəz tədarükü isə 0,7 faiz artmışdır.
Muxtar respublikada əhalini təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək məqsədilə Şərur rayonunda 1 istixana təsərrüfatı yaradılmış, 1 istixana təsərrüfatının fəaliyyəti genişləndirilmişdir. Babək rayonunda tutumu 2500 ton olan soyuducu anbarın yaradılması, Şərur rayonunda soyuducu anbarın genişləndirilməsi hazırda davam etdirilir.
Üzümçülüyün inkişafı məqsədilə yerli resurslardan istifadə olunmaqla üzüm bağlarının salınması davam etdirilir.
Məhsul istehsalçılarının kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatı davamlı olaraq yaxşılaşdırılır. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 319-u 2018-ci ilin yanvar-sentyabr aylarında olmaqla, cəmi 2373 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilmişdir. 2018-ci ilin 9 ayında 215 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq lizinq yolu ilə məhsul istehsalçılarına verilmiş, 45-i nağd yolla satılmışdır. Bu dövrdə məhsul istehsalçıları 5082,5 ton mineral gübrə ilə təmin olunmuşdur.
1 oktyabr 2018-ci il tarixə 104 min 413 ton dənli və dənli-paxlalılar (qarğıdalısız), 10256,5 ton dən üçün qarğıdalı, 760,6 ton dən üçün günəbaxan, 72816,9 ton tərəvəz, 36621 ton ərzaq üçün bostan məhsulları, 39780,1 ton meyvə, 9848 ton üzüm tədarük edilmişdir. Hazırda bir neçə məhsul növü üzrə yığım davam edir.
Kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlığın inkişafı istiqamətində mal-qara arasında xəstəliklərə qarşı profilaktik tədbirlər həyata keçirilmiş, yeni heyvandarlıq təsərrüfatlarının yaradılması diqqətdə saxlanılmışdır. Belə ki, cari ilin 9 ayında 15 heyvandarlıq təsərrüfatı yaradılmış, 2 heyvandarlıq təsərrüfatının genişləndirilməsi başa çatdırılmışdır. 3 heyvandarlıq təsərrüfatının yaradılması, 1 heyvandarlıq təsərrüfatının genişləndirilməsi isə davam etdirilir. Ümumilikdə, cari ilin ötən dövründə bank və kredit təşkilatları tərəfindən bu sahəyə 3 milyon 872 min 600 manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 3,5 dəfə çoxdur.
Muxtar respublikada mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün süni mayalanma tədbirlərinin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral tarixli “Naxçıvan Muxtar Respublikasında heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq Süni Mayalanma Mərkəzinin yaradılması davam etdirilir.
2018-ci ilin 9 ayında heyvandarlıq təsərrüfatlarında 8422 baş inək, düyə və camış süni yolla mayalandırılmış, əvvəlki dövrdə mayalandırılmış inək, düyə və camışlardan 6002 baş sağlam bala alınmışdır. 1 oktyabr 2018-ci il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 117 min 969 baş, qoyun və keçilərin sayı 728 min 733 baş olmuşdur ki, bu da 1 oktyabr 2017-ci il tarixə olan göstəriciləri müvafiq olaraq 1,6 və 1,8 faiz üstələmişdir.
2018-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada diri çəkidə 18630,4 ton ət, 71178,7 ton süd istehsal olunmuşdur ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,1 və 1,3 faiz çoxdur.
Daxili bazarda yerli istehsalın həcminin artırılması məqsədilə 2 quşçuluq və 1 balıqçılıq təsərrüfatı yaradılmış, 1 balıqçılıq təsərrüfatının genişləndirilməsi üzrə işlər davam etdirilmişdir.
Muxtar respublikada arıçılığın inkişafının stimullaşdırılması, kiçik biznesin dəstəklənməsi və kənd yerlərində məşğulluğun təmin edilməsi üzrə də mühüm tədbirlər həyata keçirilir. İqtisadi cəhətdən yüksək gəlir gətirən, qida və müalicəvi baxımdan faydalı təsərrüfat sahəsi olan arıçılığın daha da inkişaf etdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. 2018-ci ilin 9 ayında bu sahədə müvafiq tədbirlər görülmüş, təsərrüfat subyektlərinə 262 min 800 manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 9,7 dəfə çoxdur.
Cari ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatı sahəsi ilə məşğul olan təsərrüfat subyektləri, ümumilikdə, 4 milyon 530 min 300 manat güzəştli kreditlərlə təmin olunmuşdur ki, bu da bir il öncəki göstəricidən 2,9 dəfə çoxdur.
2018-ci ilin yanvar-sentyabr aylarında bir il öncəyə nisbətən 4 faiz çox, yəni 352 milyon 466 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur.
Kənd təsərrüfatının ümumi məhsulu, min manat
Etibarlı ərzaq təminatı sisteminin yaradılması ixrac potensialını artırmış, 2018-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikadan 85 milyon 784 min 300 ABŞ dolları dəyərində kənd təsərrüfatı, o cümlədən meyvə və tərəvəz məhsulları ixrac olunmuşdur.
Meliorasiya-irriqasiya sistemlərinin yenilənməsi diqqət mərkəzində saxlanılmış, Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 600 hektar sahəni əhatə edəcək yeni qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilmişdir.
Ötən dövrdə 2 subartezian quyusunun bərpası, 11 kəhrizin təmiri başa çatdırılmış, 1 subartezian quyusunun tikintisi, 5 kəhrizin təmiri hazırda davam etdirilir. Bundan əlavə, muxtar respublikada “Pivot” layihəsi çərçivəsində 1000 hektar əkin sahəsində müasir suvarma sistemlərinin quraşdırılmasına başlanılması kənd təsərrüfatının inkişafına müsbət təsir göstərəcəkdir.
Meşə fondunun mühafizə olunması, bərpası, yeni yaşıllıqların salınması istiqamətində də tədbirlər görülmüş, 223 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 222 mindən çox ağac və gül kolu əkilmişdir.
Muxtar respublikada ətraf mühitin mühafizəsi məqsədilə Sədərək rayonunda kompleks monitorinq laboratoriyasının yaradılması davam etdirilmişdir.
Nəqliyyat, informasiya-rabitə və energetika
Müasir yol-nəqliyyat sisteminin qurulması, nəqliyyat sektorunun səmərəli idarə olunması tədbirləri davam etdirilir.
Muxtar respublikanın avtomobil yollarında idarəetməni daha da təkmilləşdirmək və həyata keçirilən işlərin səmərəliliyini artırmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 14 fevral tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyi yaradılmış və agentliyin yeni inzibati binası istifadəyə verilmişdir.
Cari ilin ötən dövründə müasir yol infrastrukturunun qurulması məqsədilə Babək rayonunda yeni Asfalt-Beton Zavod Kompleksi istifadəyə verilmiş, yeni texnikalar alınmışdır. Şərur rayonunda asfalt-beton zavodunun quraşdırılması hazırda davam etdirilir.
Şərur rayonunda Xanlıqlar-Vərməziyar-Ərəbyengicə-Qarahəsənli-Çəmənli və İbadulla-Qışlaqabbas kəndlərində, Kəngərli rayonunda isə Qarabağlar kəndində avtomobil yollarının yenidən qurulması başa çatdırılmışdır.
Culfa-Ordubad magistral avtomobil yolunun, Naxçıvan şəhərdaxili, Şərur rayonunun Kosacan və Kərimbəyli, Babək rayonunun Aşağı Buzqov və Yuxarı Buzqov, Ordubad rayonunun Dəstə, Culfa rayonunun Qazançı, Şahbuz rayonunun Ağbulaq və Badamlı kəndlərində avtomobil yollarının yenidən qurulması, Naxçıvan şəhərində isə 400 yerlik avtomobil parkının tikintisi davam etdirilmişdir.
Əhaliyə göstərilən nəqliyyat xidmətlərinin səviyyəsini yüksəltmək məqsədilə Naxçıvan şəhərində 5 ədəd yeni avtobus marşruta buraxılmışdır.
Naxçıvan Beynəlxalq Hava Limanında maşın və mexanizmlər üçün qaraj kompleksi yaradılmış, hava limanının maddi-texniki bazasının gücləndirilməsi məqsədilə yeni maşın və mexanizmlər alınmışdır.
Muxtar respublikanın dəmir yolu təsərrüfatı 8 yeni sərnişin vaqonu ilə təmin olunmuş, Ordubad dəmir yolu sərnişin vağzalı binasının, Ordubad yol sahəsinin inzibati binasının və 4 saylı yol məntəqəsi binasının tikintisi, Ordubad Stansiya İdarəetmə Mərkəzinin əsaslı təmiri başa çatdırılmışdır. Culfa stansiyasında İstismar Vaqon Deposunun tikintisi, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati binasının əsaslı təmiri davam etdirilmişdir.
2018-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada nəqliyyat sektorunda 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1,9 faiz, sərnişin daşınması 2,1 faiz artmışdır. Yük və sərnişin daşınmasından, bütövlükdə, 43 milyon 242 min manat gəlir əldə edilmişdir ki, bu da bir il öncəki göstəricidən 3,3 faiz çoxdur.
Cari ilin 9 ayında muxtar respublikada informasiya və rabitə sahəsinin inkişafı diqqətdə saxlanılmış, Ordubad rayonunda Rabitə Evi və Yeni Nəsil Telekommunikasiya Sistemi yaradılmış, Şərur rayonunda İbadulla Radio-Televiziya Verici Stansiyası üçün bina tikilmişdir.
Şərur rayonunun Qışlaqabbas və Culfa rayonunun Dizə kəndlərində poçt bölmələri yeni binalara köçürülmüş, Şərur rayonunun Ərəbyengicə kəndində poçt bölməsi yaradılmışdır.
Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində 384, Şərur rayonunun Qışlaqabbas kəndində 512, Ərəbyengicə kəndində 288, Kəngərli rayonunun Qarabağlar kəndində 448 nömrə tutumlu avtomat telefon stansiyaları quraşdırılmış, Culfa rayonunun Dizə kəndində 384 nömrə tutumlu avtomat telefon stansiyası yeni binaya köçürülmüşdür.
Muxtar respublikanın yaşayış ərazilərində 43 DSLAM avadanlığı quraşdırılmış, Naxçıvan Muxtar Respublikasının “Elektron hökumət” portalının yenilənməsi davam etdirilmişdir.
Cari ilin 9 ayında muxtar respublikada informasiya və rabitə xidmətlərinin dəyəri 2017-ci ilin müvafiq dövründəki göstəricini 3,2 faiz üstələyərək 39 milyon 713 min 400 manat olmuşdur. Ümumi xidmətlərin 82,4 faizi mobil rabitənin payına düşmüş, mobil rabitə xidmətlərinin dəyəri 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz artmışdır.
Elektroenergetika sektorunda davamlı olaraq yeni güclərin yaradılması, infrastrukturun müasir standartlar səviyyəsində yenilənməsi diqqət mərkəzində saxlanılmışdır. Gücü 36 mVt olan Ordubad Su Elektrik Stansiyasının, Babək Rayon Elektrik Şəbəkəsinin inzibati binasının və Naxçıvan şəhərində transformator binasının tikintisi hazırda davam etdirilir.
Muxtar respublikada 29,7 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq yeni elektrik xətləri çəkilmiş, 23 transformator yarımstansiyası quraşdırılmışdır.
1 oktyabr 2018-ci il tarixə muxtar respublikada 86 min 377 əhali abonenti təbii qazla təmin olunmuşdur.
Naxçıvan şəhərində smartkarttipli elektrik və qaz, Babək rayonunun Babək qəsəbəsində isə smartkarttipli elektrik sayğaclarının quraşdırılması davam etdirilmişdir.
Sahibkarlıq fəaliyyəti və məşğulluq məsələləri
Muxtar respublika iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı üçün ardıcıl tədbirlər həyata keçirilir.
2018-ci ilin 9 ayında muxtar respublikada sahibkarlara 11 milyon 811 min manat kreditlər verilmişdir. Bu kreditlərdən 5 milyon 736 min 400 manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 6 milyon 74 min 600 manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunmuşdur. Bu dövrdə 20 hüquqi və 1725 fiziki şəxs qeydiyyata alınmışdır.
Cari ilin ötən dövründə Naxçıvan şəhərində 6-cı Beynəlxalq “Caspian Energy Forumu”nun keçirilməsi muxtar respublikanın sahibkarlıq subyektlərinin tanıdılması və əlaqələrinin genişləndirilməsi baxımından çox əhəmiyyətli olmuşdur.
Sahibkarlığa göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün muxtar respublikada 382 növdə məhsul istehsal olunur. Bu məhsulların 126 növü ərzaq, 256 növü qeyri-ərzaq məhsullarıdır. 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi təmin edilmişdir.
Cari ilin yanvar-avqust aylarında orta aylıq əməkhaqqının məbləği 429,9 manat təşkil etmişdir ki, bu da 2017-ci ilin müvafiq dövründəki göstəricidən 3,7 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası muxtar respublikada işaxtaranların sosial müdafiəsinin gücləndirilməsinə, səmərəli məşğulluğun və özünüməşğulluğun təmin edilməsinə, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə geniş imkanlar yaratmışdır.
Cari ilin yanvar-sentyabr aylarında muxtar respublikada 2024 yeni iş yeri yaradılmışdır ki, bunun da 1989-u və ya 98,3 faizi daimi iş yerləridir. Əmək bazarının tələblərinə uyğun olaraq Naxçıvan Regional Peşə Tədris Mərkəzində aşpaz köməkçisi, xalçaçı, bərbər, dayə, dərzi, video çəkilişi üzrə operator, bərbər-manikürçü, qazanxana maşinisti, qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər, traktorçu-maşinist peşələri üzrə 189 nəfər, Penitensiar Xidmətinin Cəzaçəkmə Müəssisəsində isə 33 nəfər ağac və duz üzərində oyma və qazanxana maşinisti peşələri üzrə kurslara cəlb edilmişdir. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki peşə ixtisas təhsili müəssisələrində 1814 nəfər müxtəlif peşələrə yiyələnmişdir.
İstehlak bazarı
Səmərəli məşğulluq imkanlarının yaradılması əhalinin alıcılıq qabiliyyətini yüksəltmiş, əmtəə dövriyyəsinin həcmini genişləndirmişdir.
2018-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikanın istehlak bazarında əhaliyə 1 milyard 443 milyon 737 min 500 manat dəyərində istehlak malları satılmış və ödənişli xidmətlər göstərilmişdir.
Əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi məqsədilə Şərur rayonunun Ərəbyengicə və İbadulla, Culfa rayonunun Dizə kəndlərində xidmət mərkəzlərinin tikintisi başa çatdırılmışdır.
Şərur rayonunun Kosacan, Ordubad rayonunun Dəstə, Culfa rayonunun Qazançı kəndlərində xidmət mərkəzlərinin tikintisi, Şərur rayonunun Kərimbəyli, Babək rayonunun Aşağı Buzqov və Yuxarı Buzqov kəndlərində xidmət mərkəzlərinin yenidən qurulması davam etdirilmişdir.
Xarici ticarət, bank işi və sığorta fəaliyyəti
Muxtar respublikanın dinamik inkişafı, ən əsası yerli istehsalın şaxələndirilməsi xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət təsir göstərmişdir.
2018-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsi 344 milyon 334 min 800 ABŞ dolları təşkil etmişdir. Xarici ticarət dövriyyəsinin 306 milyon 639 min 400 ABŞ dollarını ixrac, 37 milyon 695 min 400 ABŞ dollarını idxal təşkil etmiş və 268 milyon 944 min ABŞ dolları dəyərində müsbət saldo yaranmışdır.
Bank sektorunun inkişafı üzrə ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 2 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ın icrası muxtar respublikada elektron ödəniş infrastrukturunun inkişafına, maliyyə vəsaitləri dövriyyəsinin sürətləndirilməsinə, nağd ödənişlərin azalmasına səbəb olmuşdur.
1 oktyabr 2018-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 78932-yə çatmışdır ki, bunun da 69309-u və ya 87,8 faizi aktiv hesablardır. 2018-ci ilin yanvar-sentyabr aylarında açılmış 13572 bank hesabının 13441-i aktiv hesablar olmuşdur.
1 oktyabr 2018-ci il tarixə muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1270-ə çatmışdır.
Səmərəli sığorta sisteminin formalaşdırılması tədbirləri davam etdirilir. 2018-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada sığorta növləri üzrə daxilolmalar 5 milyon 807 min manat olmuşdur ki, bu da bir il öncəki göstəricidən 1,4 faiz çoxdur.
Təhsil, səhiyyə, sosial təminat, mədəniyyət və turizm
Təhsil sahəsi üzrə infrastruktur quruculuğu tədbirləri çərçivəsində cari ilin 9 ayında Naxçıvan Dövlət Universitetinin Distant Təhsil Mərkəzi yaradılmış, Naxçıvan Müəllimlər İnstitutunun və Naxçıvan Tibb Kollecinin binalarının yenidən qurulması başa çatdırılmış, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin binasının yenidən qurulması işləri davam etdirilmişdir.
Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində 480 şagird yerlik 6 nömrəli, Şərur rayonunun Ərəbyengicə kəndində 208, İbadulla kəndində 522, Culfa rayonunun Dizə kəndində 234 şagird yerlik tam orta məktəb binalarının tikintisi başa çatdırılmışdır.
Şərur rayonunun Kərimbəyli, Babək rayonunun Yuxarı Buzqov, Ordubad rayonunun Dəstə, Culfa rayonunun Qazançı kəndlərində məktəb binalarının tikintisi, Naxçıvan şəhərində 5 nömrəli, Şərur rayonunun Kosacan və Babək rayonunun Aşağı Buzqov kəndlərində məktəb binalarının yenidən qurulması davam etdirilmişdir.
Naxçıvan şəhərində uşaq bağçası binasının tikintisi hazırda davam etdirilir.
Təhsilə göstərilən qayğı öz bəhrəsini vermiş, 2018-ci ildə ümumtəhsil məktəblərini bitirmiş 2803 məzundan 1542-si ali təhsil müəssisələrinə, 208-i müxtəlif ali hərbi və xüsusi təyinatlı ali məktəblərə qəbul olunmuşdur. Ali məktəblərə qəbul olan məzunların 331-i imtahanlarda 500-700 arası bal toplamış, onlardan 6-sı Prezident təqaüdünə layiq görülmüşdür.
Əhaliyə göstərilən səhiyyə xidmətlərinin daha da yaxşılaşdırılması tədbirlərinə müvafiq olaraq Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası binasının yenidən qurulması, Şərur rayonunun Ərəbyengicə və İbadulla kəndlərində həkim ambulatoriyası binalarının, Culfa rayonunun Dizə kəndində feldşer-mama məntəqəsinin tikintisi başa çatdırılmışdır.
Babək rayonunun Aşağı Buzqov, Ordubad rayonunun Dəstə kəndlərində həkim ambulatoriyası binalarının tikintisi, Şərur Rayon Uşaq Xəstəxanasının, Culfa rayonunun Qazançı kəndində həkim ambulatoriyası binasının yenidən qurulması davam etdirilmişdir.
Muxtar respublikada əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 31 may tarixli Sərəncamına uyğun olaraq cari ilin yanvar ayından Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılmışdır.
Sosial layihələr çərçivəsində 2018-ci ilin yanvar-sentyabr aylarında yüksəkixtisaslı həkim heyəti tərəfindən, ümumilikdə, 478 müxtəlif cərrahi əməliyyat aparılmışdır.
2018-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada hər bir nəfərə düşən aylıq gəlirləri ehtiyac meyarından aşağı olan ailələrə 518 min 626 manat ünvanlı dövlət sosial yardımı ödənilmişdir. Bundan əlavə, ötən dövrdə muxtar respublikada 92 aztəminatlı ailəyə fərdi təsərrüfatlarını qurmaq üçün iribuynuzlu və xırdabuynuzlu mal-qara, 2 şəxsə fərdi xalçaçılıq fəaliyyəti, cəzaçəkmə müəssisəsindən azad olan 1 nəfərə isə arı yeşiklərinin hazırlanması üçün avadanlıqlar və materiallar verilmişdir.
Bu dövrdə 264 tənha ahıl və sağlamlıq imkanları məhdud şəxslərə evlərində sosial-məişət xidmətləri göstərilmiş, Naxçıvan Əlillərin Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 235 nəfərin, Naxçıvan Uşaq Bərpa Mərkəzində 279 uşağın müalicəsi təşkil edilmişdir. Sağlamlıq imkanları məhdud 384 nəfər sanatoriya və müalicə pansionatlarına yollayışlarla təmin edilmiş, 150 nəfərə protez-ortopedik xidməti göstərilmiş, 218 nəfər texniki reabilitasiya vasitələri ilə təmin olunmuşdur. Hesabat dövründə 34 nəfərin ölkə daxilində müalicəsinə, 47 nəfərin isə sosial-məişət şəraitinin yaxşılaşdırılmasına köməklik göstərilmişdir.
Əlillərin Bərpa Mərkəzinə və Uşaq Bərpa Mərkəzinə yeni tibbi avadanlıqlar alınmış, sağlamlıq imkanları məhdud uşaqlar üçün uyğunlaşdırılmış əyləncəli oyun sahəsi istifadəyə verilmişdir. Ərazidə 18 yaşından yuxarı sağlamlıq imkanları məhdud şəxslər üçün də idman avadanlıqları quraşdırılmışdır. Bununla yanaşı, Əlillərin Bərpa Mərkəzində yeni fizioterapiya otağı, habelə “Şorsu” palçığı və “Darıdağ” arsenli suyunun tətbiqi üçün yeni müalicə otaqları yaradılmışdır.
Sağlamlıq imkanları məhdud Azərbaycan Vətən Müharibəsi iştirakçıları üçün Şərur rayonunun İbadulla və Dəmirçi kəndlərinin hər birində bir fərdi yaşayış evinin tikintisi davam etdirilir.
Əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, öz növbəsində, demoqrafik vəziyyətə müsbət təsir göstərmişdir. Muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 3,4 min nəfər artaraq 1 sentyabr 2018-ci il tarixə 455 min nəfərə çatmışdır.
Muxtar respublikada pensiya və müavinətlərin dayanıqlı maliyyə təminatı formalaşdırılmışdır. Dövlət Sosial Müdafiə Fondu tərəfindən cari ilin ötən dövründə pensiya və müavinətlərin ödənilməsinə 104 milyon 160 min manatdan çox vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 6,7 faiz çoxdur.
Muxtar respublikada digər əhali qrupları ilə yanaşı, gənclərin də hərtərəfli inkişafı diqqətdə saxlanılır, cəmiyyətdə fəal iştirakları təmin edilir. Naxçıvan şəhərinin 2018-ci il üçün Azərbaycanın Gənclər Paytaxtı seçilməsi muxtar respublika gənclərinin ictimai-siyasi, sosial, iqtisadi və mədəni həyatda daha çox təmsil olunmalarına geniş imkanlar yaradır. Cari ilin ötən dövründə Naxçıvan şəhərində və rayonlarda yeni “Gənclər bağı” salınmış, silsilə tədbirlər keçirilmişdir. Gənclərin sağlam mühitdə formalaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyası fəaliyyətə başlamış, Kəngərli rayonunda mərkəzi stadion yenidən qurulmuşdur.
Muxtar respublikada gənclərin inkişafına dəstək məqsədilə “Naxçıvan” Universitetində III Beynəlxalq Gənclik Araşdırmaları Konqresi keçirilmişdir.
Milli dəyərlərimizin təbliği sahəsində də ardıcıl tədbirlər görülür. İslam mədəniyyəti nümunələri ilə zəngin və bəşər sivilizasiyasına dəyərli töhfələr vermiş Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə bağlı təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq müvafiq işlər yerinə yetirilmiş, “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in rəsmi açılışı keçirilmişdir.
Cari ilin ötən dövründə Babək rayonunun Babək qəsəbəsində məscidin yenidən qurulması başa çatdırılmış, Naxçıvan şəhərinin, Şərur, Babək və Ordubad rayonlarının dini icmalarına xidməti avtomobillər təqdim edilmişdir. Naxçıvan şəhərində bir məscidin tikintisi, bir məscidin yenidən qurulması hazırda davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Duz Muzeyinin yaradılması haqqında” 2017-ci il 12 sentyabr tarixli Sərəncamına uyğun olaraq cari ilin ötən dövründə “Duzdağ” otelində Naxçıvan Duz Muzeyi istifadəyə verilmişdir.
Kəngərli rayonunda Qarabağlar Türbə Kompleksinin, Naxçıvan şəhərində İmamzadə Kompleksinin, Şərur rayonunun Yengicə kəndindəki Şərq hamamının, Babək rayonunun Nehrəm kəndində İmamzadə binasının bərpası başa çatdırılmışdır.
Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyinin, Şahbuz Rayon Mədəniyyət Evinin tikintisi, Naxçıvan şəhərində Cəmşid Naxçıvanskinin ev-muzeyinin yenidən qurulması, Kəngərli rayonunun Qıvraq qəsəbəsində istirahət parkının, Naxçıvan şəhərində Naxçıvançay sahilində bulvarın yaradılması davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 16 aprel tarixli Sərəncamına əsasən ümummilli liderimizin anadan olmasının 95-ci ildönümü muxtar respublikada silsilə tədbirlərlə qeyd olunmuş, “Naxçıvan – bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalı keçirilmişdir.
Cari ilin ötən dövründə kütləvi informasiya vasitələrinin inkişafı da diqqətdə saxlanılmış, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə müasir yayım və çəkiliş avadanlıqları verilmiş, teleradionun efir vaxtı bir saat artırılmışdır. Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurasına, “Şərq qapısı”, şəhər və rayon qəzetlərinə də yeni avadanlıqlar təqdim olunmuş, Naxçıvanda ilk informasiya agentliyi –“Nuhçıxan” İnformasiya Agentliyi fəaliyyətə başlamışdır.
Muxtar respublikada turizmin kompleks şəkildə inkişafı üzrə ardıcıl tədbirlər həyata keçirilir. Belə ki, cari ilin aprel ayında qədim diyara “Naxçıvanı tanıyaq və tanıdaq” layihəsi çərçivəsində info-tur təşkil edilib. İnfo-tur çərçivəsində muxtar respublikaya 12 ölkənin və Azərbaycanın 120-dən çox müxtəlif turizm şirkətlərindən, ümumilikdə, 200 nəfərdən çox sahibkar və turizmçi gəlmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası və bu sahədə dövlət idarəçiliyinin təkmilləşdirilməsi görülən işlərin davamlılığının təmin edilməsinə geniş imkanlar yaradır.
2018-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikamıza ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən, ümumilikdə, 333 min 745 turist gəlmişdir ki, bu da 2017-ci ilin müvafiq dövründəki göstəricidən çoxdur.
Hüquq-mühafizə orqanları ilə iş
Muxtar respublikada hüquq-mühafizə orqanlarının maddi-texniki bazasının gücləndirilməsi və ixtisaslı kadrlarla təminatı tədbirləri davam etdirilir.
Cari ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin inzibati binasının yenidən qurulması başa çatdırılmış, Sədərək rayonunda Sədərək sərhəd-gömrük buraxılış məntəqəsinin tikintisi davam etdirilir.
Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinə və Şahbuz Rayon Məhkəməsinə xidməti avtomobillər təqdim olunmuşdur.
Muxtar respublikada daxili işlər orqanlarının ixtisaslı kadrlarla komplektləşdirilməsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 5 mart tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi yaradılmışdır. Təhsil müəssisəsi üçün yeni məktəb binasının tikintisi hazırda davam etdirilir.
Aparılan təhlillər deməyə əsas verir ki, bu gün bütün sahələrdə əldə olunmuş nailiyyətlər, həyata keçirilən mühüm tədbirlər muxtar respublikamızın gələcək inkişafının daha uğurlu olacağına geniş imkanlar yaratmaqdadır.
Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsi